Saytımızı qiymətləndirin


 
 

"Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb"
Tarix: 03-03-2022 | Saat: 19:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Bu gün müasir dünyada çox mürəkkəb, ziddiyyətli proseslər baş verməkdədir. Xüsusilə Azərbaycanın yerləşdiyi regiona yaxın ərazilərdə yeni münaqişənin başlanması ciddi narahatlıq doğurur. Rusiya ilə Ukrayna arasında mövcud gərginlik böyük humanitar fəlakətlərlə müşahidə olunur”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, müasir dövrdə ölkəni və xalqı təlatümlərdən sığortalamaq üçün düşünülmüş, praqmatik, ağıllı siyasət, qlobal və geosiyasi reallıqları nəzərə almaq zəruridir: "Bu baxımdan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət parlaq bir nümunə sayıla bilər. Dövlət başçısının ötən illər ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb, regional və qlobal enerji, eləcə də nəqliyyat layihələri ölkəmizin dünya üçün önəmini təsdiqləyib, dünya dövlətləri ilə bərabərhüquqlu əsaslarda münasibətlər qurulub. Həmçinin nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilib. Məhz fəal diplomatiya sayəsində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sənədlər qəbul olunub, dünya ölkələri də Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan ediblər. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərkən də bu sənədlər hüquqi baza rolunu oynayıb".

Deputat bildirib ki, Vətən müharibəsi zamanı İlham Əliyevin güclü strateq, cəsur və məğlubedilməz sərkərdə olduğu bir daha təsdiqləndi: “Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Müharibə dövründə Azərbaycana qarşı müxtəlif dairələrdən təzyiq cəhdləri olurdu. Xalqımızın, dövlətimizin haqq işinə - tarixi ədalətin bərpasına mane olmağa çalışan bəzi güc mərkəzləri var idi. Amma Azərbaycan Prezidenti təzyiqləri məharətlə dəf etdi, öz prinsipial mövqeyindən bir addım da geri çəkilmədi. Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya müstəvisində də əks-hücumu uğurla davam etdirdi. Diplomatik hücum və ya hücum diplomatiyası Azərbaycana təzyiq cəhdlərinin qarşısını almağa imkan verdi. Prezident İlham Əliyev bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq, öz strateji iradəsi əsasında ağıllı siyasət yeridə, hədəfə doğru əminliklə irəliləyə biləcəyini əməli fəaliyyəti ilə sübuta yetirdi. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli lideri olan Azərbaycan müharibəni zəfərlə başa vurdu. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat nəticəsində üç böyük rayonumuz qan tökülmədən işğaldan azad edildi. Razılaşmanın bir sıra müddəaları isə mərhələlərlə icra olunacaq. Beləliklə, Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də bir sıra beynəlxalq təzyiqlər fonunda ölkəmizi mümkün geosiyasi kataklizmlərdən sığortaladı. Biz Ukrayna böhranı fonunda dövlət başçısının atdığı addımların nə qədər doğru olduğunu bir daha görürük. Hazırda Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir və dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər kontekstində yanaşır. Eyni zamanda Azərbaycan həm Türkiyə ilə, həm Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla ən çətin dövrdə özünün təhlükəsizliyinə zəmanət alıb. Postsovet məkanında ikinci belə ölkə yoxdur”.

Rusiya-Ukrayna münaqişəsinin də həmin regionun inkişafına böyük zərbə vurduğunu deyən Fatma Yıldırım bildirib ki, Azərbaycan Rusiya - Ukrayna qarşıdurmasının beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə, tam uyğun, sülh yolu ilə diplomatik vasitələrlə həllinin tərəfdarıdır: “Arzu edirik ki, bu münaqişə tezliklə sona çatsın. Çünki münaqişələr, müharibələr fəlakət və ölüm deməkdir”.



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər