Saytımızı qiymətləndirin


 
 

Xocalıdan gələn səslər
Tarix: 01-03-2022 | Saat: 12:37
Bölmə:Karusel / Yazar | çapa göndər

Şəkilin açıqlaması yoxdur.
Gecələri gündüzlərindən fərqlənən bir şəhər var. Gündüz olarsa burada heç bir qeyri-adi hal baş verməyibmiş kimi gecələrində həyat dayanıb eyni bir gecə yaşanar. Elə bir gecə ki,orada ancaq dəhşətlər,faciələr,ölümlər yaşar, yaşar və hər gecə təkrar olunar. Dünya dövr edərsə,çarxı dayanmadan fırlanarsa belə orada zaman durar yalnız bir gecə yaşanar. Bu gecələrdə neçə ana fəryadı var. Analar balalarını çağırarlar...balalar adsız...
-Balam,ay balam! Canım balam! Caaan,ay balam! Vaaay,ay balam! Oyyy,ay balam!
Balalar ana çağırar...
-Ana,ay ana! Anam,ay anam!
Qocalar,ahıllar hamını haraylar...
-Ay oğlum,ay qızım,ay balalarım,ay əzizlərim,ay qonum-qonşum!
Sevgililər ar edər,yanaqları allanar,dodaqları quruyar,çat-çat olar,ürəkləri para-para olar lakin səs çıxarmazlar. Susarlar baxışlarla,sevdaları donmuş gözlərlə,şaxta aparıb yana düşmüş əllərlə danışarlar,anlaşarlar axı sevda gözlərdə,qəlblərdə yaşar!
Gəlinlər ağ geyinər,al qana batar,üzlərindəki qan duvağa dönər! İgidini çağırar:-Gəlll,ay yarım,ay igidim,qan qovuşmaq deməkdir!
İgidlər çağırmaz-nərə çəkər! Nərəsindən gecənin bağrı yarılar,düşmən vəhşiyə dönər,ac qurda,gözünü qan örtmüş heyvana dönər! Dəlik-deşik olmuş ürəyindən qanlar axar qan çanağına dönər!
Səslər səsə qarışar! Ah-nalə qulaq batırar! Qışqırtılar,ağlaşmalar,fəryadlar,çığırtılar göyə dayanar! Gecə gecəliyindən qorxar,sabaha qaçar! Yol uzandıqca uzanar! Bitməz,tükənməz! Səslər ucaldıqca ucalar!
-Ana,ay ana! Ayqlarım donub axı mən yeryə bilmirəm! Heç iməkləyə də bilmirəm,əllərim tutmur!
-Ana,ay ana! Bələyimi aç,mən boğuluram! Qan içindəyəm!
-Caaan balam! Bəxtsiz balam,ay balam! Anan öləydi səni belə görməyəydi! Gözləri kor,qulaqları kar olaydı,görüb də eşitməyəydi! Oyyy,ay balam! Vayyy,ay balam! Qollarım kəsilib, səni necə qucaqlayım,dilim doğranıb səni necə ovudum! Caaannn,balam,ay balam!
-Ana,can ana! Mənə soyuqdu,isit məni!
-Canım balam,isti yerin məzar olardı amma sən qarın,buzun üstündəsən,ondan üşüyürsən! Ruhun uçar göylərə qalxarsan,səni mələklər ağuşuna alar,bürüyər,bələyər isinərsən!
-Ana,can ana! Mələklər beşiyim üstə layla çalacaqlarmı mənə?
Offf,ay balam! Sinəsi dağlı,qundağı qanlı balam,ürəyi didik-didik olmuş anan ölsün! Yox,sənə heç kim layla çalmaz! Laylanı qoy mən özüm çalım!
-Laylay deyim yatasan,
Qızılgülə batasan,
Qızılgülün içində
Şirin yuxu tapasan.
Layla balam,a layla
Körpə balam,a layla.
Ananın fəryadı göylərə qaxar,saçları ayağına enər,səsi qarlı-çovğunlu bir qış gecəsini titrədər,lərzəyə gətirər,nəfəsindən çıxan alovla şaxtanı,buzu əridər,suya döndərər. Ağladar ruh qonşularını-qocaları,cavanları,körpələri,qız-gəlinləri,heysiyyatı,namusları alçaldılmlış qadınları,sinələrinə çalın-çarpaz basılmış namus dağlı kişiləri,ərənləri!
Bətnində körpə gəzdirən hamilə qadınlar çağırar,ağlar! Soyulmuş dəriləri,yarılmış qarınları sızlar! Sızlar cansız,hissiyyatsız canları,yanar tüstüləri görünməz! Odsuz-alovsuz yanar,külləri belə görünməz! Var ikən yox olarlar! Əyinlərinə paltar axtarar,utanıb da bürünmək istərlər,alınmaz! Libasları qaranlıq gecənin qara toru olar! O tor həyatlatını elə sarar,tale kəməndi boğazlarından qara kəndiri elə asar ki,gözə belə görünməz! Qaranlıq gecənin müdhiş rənginə boyanar,ağı qırmızıya qaranı ağa çevirər! Qaranlıq bir şəhərdə,qaranlıq bir meşədə yüzlərlə taledə 3 rəng hökmranlıq edər-ağ,qara və qırmızı. Gecə qara talelər kimi,kəfənsiz ruhlar ağ qar kimi,axıdılan qanlar qırmızı qan gölü kimi! Düşməndən qaçıb qaranlığa sığınaraq,bədənləri ağ qarı kəfən bilib büründülər,qanlarına qəltan olub qan gölündə çimdilər!
Hər gecə ruhlar narahatcasına gəzib dolaşar,çağırıb haraylar yalnız gecəyə onun rənginə sığınıb nəzərdən qaçıb sağ qalmaq ümidi ilə ayaqyalın-başaçıq qar üzərində iz salıb həyatdan izsiz köç edən bir elin vahiməli səsləriylə açılar səhərlər. Analar balalarına,balalar analarına,gəlinlər ərlərinə,qocalar qarılarına,ərənlər yarlarına,sevgilərinə qovuşmaqdan ötrü!
Xocalıdan gələn səslər! Haylar,haraylarlar! Düşmənə rahatlıq vermədən,halal torpaqlarda haram vücudlara izn vermədən,qulaqlarını nalələrdən batıraraq hər gecə yuxularında öz günahsız axan qanlarında boğaraq sabahlarını açarlar. Beləcə öz ah-nalələriylə,fəğanlarıyla,nigaran ruhlarıyla ruhlarını qoruyarlar! Bəlkə bizim yatmış vicdanımızı oyadalar deyə! Bəlkə faciələrinin öcünü gecələr kabusa döndərərək alarlar deyə səslənirlər Xocalıdan gələn səslər?
Rena Ibrahimova


Xəbəri paylaş

1610 dəfə oxunub.

Digər xəbərlər