Saytımızı qiymətləndirin


 
 

Rəşad Sadıqov: "Hər qələbə çox önəmlidir"
Tarix: 28-02-2022 | Saat: 19:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rəşad Sadıqov: Hər qələbə çox önəmlidir

"Çempionatın elə bir mərhələsindəyik ki, hər bir xal, qələbə çox önəmlidir”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: “Səbail”lə səfərdə oynamaq bütün komandalara ağırdır. Xüsusən də, oyunlarında böyük əzmkarlıq var. Bir faktı vurğulayım ki, “Qarabağ”ın çempionatda yeganə məğlubiyyəti bu meydançada olub. Bu, adamı düşünməyə vadar edir. İlk dəqiqələrdən üstünlüyə yiyələnməyə, öz oyunumuzu göstərməyə çalışdıq. Rəqibin matçın əvvəlində ikinci zonada bizə pressinq tətbiq edirdi. Hücumlarımızı inkişaf etdirməyə imkan vermirdilər. İkinci hissə bizim üçün daha yaxşı keçdi, hücumda fəal oynamağa çalışdıq. Qol imkanlarımız da oldu. Onlardan istifadə etmədiyimiz üçün rəqibin son dəqiqələrdə əzmkarlığı daha da artdı".

Sadıqov “Səbail”in hər xal üçün vuruşan komanda olduğunu söyləyib: “Bu komandaya turnir cədvəlində sonuncu yeri vermərsən. Kubokda bizə böyük hesabla uduzmalarına baxmayaraq, çempionat matçında bizə qarşı çox yaxşı çıxış etmişdilər. “Sumqayıt”la ev, “Qəbələ” ilə səfər matçlarında da belə olmuşdu. Bu gün də mübarizə apardılar. Hesab arasındakı fərqi də artıra bilmədiyimiz üçün son dəqiqələr bizim üçün gərgin keçdi. Şükürlər olsun ki, müdafiədə səhv etmədik, etibarlı oynadıq. Uzaq məsafədən zərbələri və standart vəziyyətləri çıxmaq şərtilə, bəlkə də, rəqibə qol imkanı da vermədik”.

Baş məşqçi 5-ci pillədəki “Sabah”ı 8 xal qabaqlamalarına baxmayaraq, hələ avrokuboklar barədə düşünmədiklərini vurğulayıb: “Ötən mövsüm də qış fasiləsindən sonra bizi erkən avrokuboklarda görənlər çox idi. Amma onda da deyirdik ki, hələ tezdir. Çiyinlərimdə böyük təcrübə var, belə oyunları, yarışları çox görmüşəm. Zərrə qədər rahatlaşmağın fəsadları pis ola bilər. “Sabah” da iddialı komandadır. Yeni baş məşqçi təyinatından sonra da möhtəşəm futbol nümayiş etdirirlər. Son turlarda uduzmalarına baxmayaraq, bəlkə də, heç bir oyunda məğlubiyyətə layiq deyildilər. Əminəm ki, sona qədər mübarizə aparacaqlar. Qarşıda bizi çox gərgin 11 tur gözləyir. Sona qədər də mübarizə aparmalıyıq”.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər