Fevralın 25-də Dövlət Gömrük Komitəsinin Akademiyasında 26 Fevral-Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib.
Qarabaginfo.az xəbər verir ki, tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi Vüqar Əliyev, könüllü gömrükçü dəstəsinin üzvləri eləcə də qonaq qismində dəvət olunan şəhid ailələlərinin nümayəndələri və Vətən müharibəsi qaziləri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar tələbələr tərəfindən təşkil olunmuş Xocalı soyqırımını əks etdirən “Zülmün surəti” adlı rəsm sərgisi ilə tanış olublar. Akademiyanın rəisi Qulu Novruzov tələbələrin əl işlərindən ibarət olan rəsm sərgisi barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbir Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bu il kədər və hüzn hissləri ilə yanaşı, həm də qürurla yad edildiyini qeyd edib. Xocalı həqiqətlərindən bəhs edən Q.Novruzov 30 il öncə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının insanlıq tarixində kütləvi terror aktı kimi yaddaşlarda əbədi iz buraxacağını və bu faciənin tarix boyu unudulmayacağını bildirib. Xocalı soyqırımına tarixi, siyasi və hüquqi qiymətin verilməsinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran Akademiya rəisi məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində faciənin əsl mahiyyətinin və günahkarlarının üzə çıxarıldığını vurğulayıb.
Q.Novruzov Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı sayəsində torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı diqqətə çatdırıb.
Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Akademiya rəisi, gənclərə ölkəmizin tarixi həqiqətlərini daha dərindən öyrənməyi və müstəqil dövlətimizin inkişafı üçün səylə çalışmağı tövsiyə edib.
Xocalı qurbanlarının əziz xatirəsinin daim böyük ehtiramla anıldığını bildirən Qulu Novruzov çıxışının sonunda bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.
Daha sonra Akademiyanın Beynəlxalq ticarət və logistika ixtisasının II kurs tələbəsi, həmçinin Tələbə Elmi Cəmiyyətinin sədri Hüseyn Hüseynzadə çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu davam etdirdiyi cinayətlərdən, qətliamlardan bəhs edib. O, 44 günlük Vətən müharibəsi nəticəsində bütün şəhidlərimiz kimi Xocalı şəhidlərinin də qısasının alındığını bildirib. Milli-mənəvi dəyərlərə bağlı və Azərbaycan xalqının tarixinə hörmət ruhuna sadiq vətəndaşlar yetişdirməyi Akademiyanın başlıca hədəflərindən biri olduğunu qeyd edən H. Hüseynzadə vətənpərvərlik ruhunun aşılanması istiqamətində Akademiyada keçirilən silsilə tədbirlərdən söz açıb. Vətən uğrunda mübarizədə Akademiya tələbələrinin informasiya müharibəsində fəal iştirakını da vurğulayan Hüseyn Hüseynzadə bu istiqamətdə Dövlət Gömrük Komitəsinin xüsusi xidmətləri olduğunu vurğulayıb. Akademiyanın tələbəsi eyni zamanda Dövlət Gömrük Komitəsinin şəhid ailələrinə, qazilərə maddi-mənəvi dəstəyindən də bəhs edib.
Daha sonra tədbir Akademiyanın tələbələrinin ifasında ədəbi-musiqili kompozisiya ilə davam edib. İştirakçılar tərəfindən yüksək təəssüratla qarşılanan tədbir sonda Akademiya tələbələrinin “Qarabağ Azərbaycandır!” şüarının səsləndirilməsi ilə yekunlaşdırılıb.