Tarix: 30-10-2019 | Saat: 14:26
Bölmə:Karusel / Siyasət | çapa göndər
Prezident İlham Əliyevin bir neçə həftə öncə hakimiyyət daxilində islahatların aparılacağı ilə bağlı verdiyi açıqlamalarının ardınca baş verən istefalar artıq ənənəyə çevrilib. Belə ki, dövlət başçısının məlum anonsundan sonra Baş Nazirin iki müavininin istefa ərizəsi yazması, prezidentin onları qəbul edərək yüksək ehtiramla yola salması və həmin görüşlərdə səsləndirdiyi fikirlər hakimiyyət komandasında ciddi proseslərin başlamasına rəvac verib.
Xatırladaq ki, İlham Əliyev həmin görüşlərdə yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurların öz istəkləri ilə tutduğu postdan ayrılmalarının və yerlərini gənc nəslə ötürmələrinin nümunəyə çevriləcəyinə inandığını bildirmişdi. Məhz bu görüşün ardınca dövlətdə ən yüksək vəzifələrdən birini tutan Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan getdi.
Bu qədər ciddi prosesin ardından ölkə mediası və ictimaiyyəti diqqəti yüksək vəzifə tutan və yaşı 70-i haqlamış şəxslərin üzərinə çəkməyə başladı və onların adları açıqlandı.
Ötən gecə isə gözlənilmədən Xarici İşlər nazirinin müavini, Birinci-Vitse Prezident Mehriban Əliyevanın əmisi Hafiz Paşayev istefa estafetini qəbul edərək vəzifəsindən ayrıldığını bəyan edib. H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atdığını açıqlayıb.
Baş verən sonuncu istefa prosesin müvəqqəti xarakter daşımadığını və son dərəcə ciddi şəkildə davam edəcəyini göstərir. Görünən odur ki, ilkin mərhələdə yaşı ötmüş məmurların istefaları könüllü şəkildə qəbul olunacaq, sonra bu prosesin məcburi xarakter də daşıyacağı istisna deyil. Bu isə onu göstərir ki, hökumət öz içində islahat aparmaq istəyində israrlıdır. Bu prosesin bir çox ekspertlərin iddia etdiyi kimi kosmetik əhəmiyyət daşımadığı, reallığı əks etdirdiyi görünməkdədir.
Bu arada yeni istefa xəbərlərinin bu gündən gec olmayaraq yayılacağı, ən əsası isə yerli icra orqanlarına da keçəcəyi gələn xəbərlər sırasındadır.
Məlumata görə, bir neçə icra başçısı məlum trendə qoşularaq öz istəkləri ilə vəzifələrindən ayrılmaqla bağlı ərizə yazıblar.
Onlardan birinin Xaçmazın icra başçısı 81 yaşlı Şəmsəddin Xanbabayevin olduğu bildirilir. İcra başçısının istəyinin qəbul olunduğu və vəzifəsindən azad olunacağı ilə bağlı sərəncamın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Eyni zamanda, yaşı 70-i keçən digər icra başçıları da prosesdən kənarda qalmayacaq.
qafqazinfo.az
Digər xəbərlər