Tarix: 25-02-2022 | Saat: 16:24
Bölmə:Karusel / Region | çapa göndər
“Rusiyanın başlıca hədəfi Kiyevi ələ keçirmək və oradakı siyasi rəhbərliyi məhv etməkdir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli bildirib.
“Volodimir Zelenski də Kiyevdədir və Ukrayna ordusu da hələ ki, kifayət qədər uğurla müdafiə olunur, hətta bəzi yerlərdə düşmən ordusuna ciddi zərbələr vurur. Yəni onun aqibəti nə cür olursa-olsun, bu adam öz ölkəsində qalacaq.
Rusiya Ukraynadan ən azı 8 dəfə çox əsgər və xeyli texnika itkisinə məruz qalıb. Kreml çox ciddi hazırlaşdığı bu müharibədə hədəflərinə tam nail olmayıb və olmayacaq da. Hətta bu gündən Ukraynada 60 yaşınadək kişilərin ölkədən çıxması qadağan olunub, əhaliyə silah paylanamsı prosesi həyata keçirilir. Ukraynada partizan müharibəsi aparılacaq, rus ordusunun ayağının altındakı torpaq od tutub yanacaq. Ola bilsin ki, ruslar Kiyevə girə bilsin, amma Kiyevə girmək tələyə düşmək kimi bir şeydir”.
Q. Hüseynli əlavə edib:
“Yadınızdadırsa, çeçenlər Qroznıya daxil olan 550 rus tankını dəmir-dümürə çevirdi. Ukraynalılar da eyni şeyi həyata keçirəcəklər. Çünki onların əlində daha müasir silahlar var. Tankların, BTR-lərin qorxulu düşməni olan “Javelin”, helikopterlər, hətta bombardmançı qırıcı təyyarələri yerə salmağa qadir olan “Stinger” tipli silahlar Ukraynada kifayət qədərdir. Xalq da mübarizəyə başlayıb. Rusiya üçün çətin olan proses başlayacaq. Üstəlik Qərbin sanksiyalarını da buraya əlavə edək”.
“Düşünülürdü ki, Rusiya bu müharibənin nəticələrini proqnozlaşdıraraq özünü “rasputitsa”ya, yəni bataqlığa salmaz, amma indi göründüyü kimi, Rusiyanın siyasi rəhbərliyi o qədər də ağıllı deyilmiş. Onlar daha çox paranoik və emossinonal duyğularla hərəkət edirlər. Yəni özlərini bataqlığa soxublar.
Məncə, SSRİ-nin Əfqanıstan macərasından sonra Vladimir Putinin Ukrayna sərgüzəşti Rusiya Federasiyası və Putinin özü üçün çox ağır nəticələrlə müşayiət olunacaq”, - deyə ekspert fikirlərini yekunlaşdırıb.
Digər xəbərlər