Tarix: 25-02-2022 | Saat: 07:28
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən biri hesab olunan Müslim İnstitutu ilə birgə Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Soyqırım və etnik təmizləmə: Bəşəriyyətə qarşı cinayət" adlı seminar və foto-sərgi təşkil edib.
Qarabaginfo.az xəbər verir ki, tədbirdən öncə Xocalıda Ermənistanın törətdiyi soyqırımı əks etdirən foto-sərgiyə baxış keçirilib.
Seminarda Pakistanın milli qida təhlükəsizliyi və araşdırmalar üzrə federal naziri Seyid Faxar İmam və iqtisadi məsələlər üzrə federal naziri Ömər Əyyub Xan ali qonaq qismində, habelə ali təhsil ocaqlarının rəhbərləri, səfirlər, müxtəlif təhsil müəssisələrinin tələbə-müəllim heyətləri, eləcə də kütləvi informasiya vasitələri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən və Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Müslim İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli seminarı giriş sözü ilə açaraq Xocalı Soyqırımının ağır nəticələri haqqında müfəssəl məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu əsnada o, Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edərək Xocalı qurbanlarının əziz xatirəsini yad edib.
Daha sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov çıxış edərək Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 30-cu ildönümünün anıldığını qeyd edib. Xocalı soyqırımı haqqında ətraflı məlumatı iştirakçıların diqqətinə çatdıran səfir X.Fərhadov, bu soyqırımın təkcə Azərbaycana qarşı yox, insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu xüsusi vurğulayıb.
Çıxışı əsnasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımının mahiyyətini üzə çıxardığını bildirən səfir məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin bu cinayətə hüquqi və siyasi qiymət verən xüsusi sənəd qəbul etdiyini bildirib.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına toxunan X.Fərhadov bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib.
Çıxışı zamanı səfir Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin məqsədyönlü şəkildə hədəfə alınmasının Vətən müharibəsi zamanı da davam etdirildiyini vurğulayıb, döyüşlərin getdiyi ərazilərdən uzaq məsafədə yerləşən ölkəmizin Gəncə, Bərdə və Tərtər kimi şəhərlərinin mülki əhalisi və infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistanın 1992-ci ildə olduğu kimi eyni terror taktikasına əl atdığını diqqətə çatdırıb.
Eyni zamanda Xəzər Fərhadov Azərbaycana qarşı təcavüzü zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.
Səfir Azərbaycanın beynəlxalq hüquq və normalarına əsaslanan mövqeyini hər zaman dəstəklədiyinə görə Pakistan və Türkiyə hökumətləri və xalqlarına təşəkkürünü bildirib və Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.
Daha sonra tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın milli qida təhlükəsizliyi və araşdırmalar üzrə federal naziri Seyid Faxar İmam və iqtisadi məsələlər üzrə federal naziri Ömər Əyyub Xan 26 fevral 1992-ci il tarixində Xocalı şəhərində Ermənistan tərəfindən məqsədli şəkildə insanlığa qarşı amansız cinayətlərin törədilidiyini xüsusi vurğulayıblar. Nazirlər Xocalı və Kəşmirdə, eləcə də dünyanın digər bölgələrində insanlığa qarşı törədilmiş bu kimi cinayətləri pisləyib və müsəlman ölkələrinin lehinə olan BMT qətnamələrinə əməl olunmadığını diqqətə çatdıraraq, beynəlxalq təşkilatlar və bəzi böyük dövlətlərin bir çox məsələlərə ikili standartlar prizmasından yanaşdığını təəssüflə qeyd ediblər. Nazirlər 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ədaləti bərpa etdiklərini xüsusi vurğulayıb, Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul və Kayde Azam Üniversitetinin rektoru Məhəmməd Əli Şah Azərbaycan xalqı ilə həmrəy olduqlarını və Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmətlə yad etdiklərini bidirərək, Xocalıda Ermənistan tərəfindən törədilmiş cinayətləri şiddətlə qınayıblar. Onlar Pakistan və Türkiyənin hər zaman Azərbaycanla birlikdə olduğunu və 3 qardaş ölkənin daima bir-birini dəstəkləyəcəyini qeyd ediblər.
Tədbirdə, həmçinin Xocalı soyqırımı ilə bağlı erməni vəhşiliyini əks etdirən slayd şou nümayiş etdirilib, eləcə də mövzu ilə bağlı əyani materiallar iştirakçılar arasında paylanıb.
Pakistan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Digər xəbərlər