Saytımızı qiymətləndirin


 
 

LOT Varşava-Bakı aviareysinin açılmasında maraqlıdır
Tarix: 24-02-2022 | Saat: 18:21
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

LOT Varşava-Bakı aviareysinin açılmasında maraqlıdır

Baş əməliyyat direktoru Matsey Vilkin başçılığı ilə Polşanın LOT aviaşirkətinin nümayəndə heyəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) dəvəti ilə Bakıya işgüzar səfərə gəlib.

AZAL-dan Qarabaginfo.az-a verilən məlumata görə, fevralın 24-də AZAL-ın ofisində keçirilən görüşdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev və LOT aviaşirkətinin baş əməliyyat direktoru Matsey Vilk əməkdaşlığın perspektivlərini və mülki aviasiyanın aktual məsələlərini müzakirə ediblər.

Məlumata görə, görüş zamanı tərəflər həmçinin epidemiya əleyhinə məhdudiyyətlərdən çıxmaq üçün aviaşirkətlər tərəfindən görülən ardıcıl tədbirlər və sərnişin reyslərinin mərhələli şəkildə bərpa edilməsi haqqında məlumat veriblər.

Eldar Hacıyev qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizim və işgüzar münasibətlərin inkişafı üçün əlavə stimul olacaq.

Onun sözlərinə görə, 2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejimi tətbiq olunur.

"Bu dərəcələr bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir", - deyə Eldar Hacıyev qeyd edib.

Matsey Vilk Polşada xaricilərin girişinə qoyulan bir sıra koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda LOT aviaşirkətinin Varşavadan Bakıya birbaşa reyslərinin açılmasında maraqlı olduğunu bildirib.

Qonaqlara beşulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanları, xüsusilə təyyarələrə göstərilən yerüstü xidmətlər, müxtəlif xidmətlərin fəaliyyəti və aerovağzal kompleksində sərnişinlər üçün yaradılmış rahat şərait də nümayiş etdirilib.

 



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər