Tarix: 24-02-2022 | Saat: 12:28
Bölmə:Karusel / Region | çapa göndər
“Bu gün səhər saatlarından Ukraynaya geniş miqyaslı hücum başlayıb. Ukraynanın bir çox böyük şəhərləri - Odessa, Dnepr, Xarkov, Kiyev, Nikolayev, Çernikov, Lvov və digərlərində yerləşən hərbi bazalara, hərbi aerodromlara artilleriya və raket qurğularından atəş açılır”.
Bunu Qarabaginfo.az-a açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu bildirib.
X. Həqiqətoğlu deyib ki, səhər saat 5 radələrindən başlayan bu zərbələr hələ də davam edir: “Ukraynada 500 min azərbaycanlı yaşayır. Onların Azərbaycanda yaşayan doğmalarının narahatlığını nəzərə alaraq bildirirəm ki, hazırkı vəziyyətə - səhər saat 09.00-a Ukraynada heç bir mülki obyektə atəş açılmayıb, əhalinin təhlükəsizliyinə heç bir təhdid yoxdur”.
O qeyd edib ki, Ukrayna şəhərlərindəki hərbi obyektlərin səhər saat 5.00-dan eyni vaxtda atəşə tutulmasına başlanılıb: “Əhali arasında təlaş yarandı, insanlar küçələrə axışmağa başladı. Yanacaqdoldurma məntəqələrində böyük növbələr var. Əhali hara gedəcəyini, hara qaçacağını bilmir. Yəqin ki, yaxın vaxtlarda əhali arasında təlaş aradan qalxacaq”.
O, hazırda Kiyevdə olduğunu nəzərə çatdırıb: “Kiyevin Lvov istiqamətdə çıxışında böyük tıxaclar yaranıb. Çünki əhali yaranmış vəziyyətlə əlaqədar Lvov şəhərinə üz tutur. Lvov Polşa ilə sərhəddir. İnsanlar çıxış yolu olaraq Avropaya getməyi düşünür. Hesab edirəm ki, yaxın saatlarda təlaş aradan qalxacaq. Artıq Lvov istiqamətində avtomobillərin hərəkəti belə dayanıb. Çünki eyni vaxtda bu qədər avtomobilin Lvov istiqamətində hərəkət etməsi qeyri-mümkündür”.
X. Həqiqətoğlu Ukrayna xalqının bu ədalətsiz savaşdan alnıaçıq çıxacağına ümidvar olduğunu vurğulayıb.
Digər xəbərlər