Bu gün, fevralın 24-də səhər saat 5.00-da Rusiya Federasiyasının silahlı qüvvələri şərqdə yerləşən bölmələrimizi intensiv atəşə tutub, Boryspil, Ozerne, Kulbakino, Çuhuiv, Kramatorsk, Çornobaivka aerodromlarına raket/bomba zərbələri endirib.
Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirliyi bildirib.
Nazirlik qeyd edib ki, Rusiya Krımın müvəqqəti işğal olunmuş ərazisi ilə dövlət sərhədi və inzibati sərhədi boyunca əraziləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutmağa başlayıb.
"Milli Müdafiə Qoşunları Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək düşmənin dövlət sərhədini pozmaq cəhdlərinə ləyaqətlə qarşı çıxır. Vəziyyət nəzarətdədir. Rus qoşunları itki verir.
Birləşmiş Qüvvələr Əməliyyatı zonasında Rusiya Aerokosmik Qüvvələrinin 5 təyyarəsi və 2 helikopteri vurulub, iki tank zədələnib, Rusiya Federasiyası silahlı qüvvələrinin bir neçə yük maşını sıradan çıxarılıb.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təcavüzkara maksimum itki vermək barədə göstəriş verib.
Ukrayna müdafiəçiləri arasında itki yoxdur. Biz öz torpağımızdayıq və ondan əl çəkməyəcəyik!", - MN bildirib.