Saytımızı qiymətləndirin


 
 

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib
Tarix: 23-02-2022 | Saat: 17:29
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Maliyyə Nazirliyi MMC-lərə xəbərdarlıq edib - "HESABATINIZI AÇIQLAYIN" - FED.az

Bu gün Maliyyə Nazirliyində 2021-ci ilin dövlət büdcəsinin icrası və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Məlumata görə, iclası giriş sözü ilə açan nazir, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2021-ci il sosial-iqtisadi inkişaf baxımından xalqımız və dövlətimiz üçün uğurlu bir il olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş məqsədyönlü siyasət sayəsində ölkə iqtisadiyyatı COVİD-19 pandemiyasının mənfi təsirlərini və 2020-ci ildə yaşanan iqtisadi tənəzzülü geridə qoyaraq inamlı iqtisadi bərpa yoluna qayıdıb, 2020-ci ildəki iqtisadi kiçilməni makroiqtisadi proqnozlardan daha yaxşı göstərici nümayiş etdirməklə cəmi bir il ərzində - 2021-ci ildə bərqərar etməyə nail olub.

İqtisadi artımın proqnozla nəzərdə tutulduğundan daha da çox olmasının dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə icrasını təmin etdiyini bildirən maliyyə naziri il ərzində büdcə qarşısında duran vəzifə və funksiyaların, proqramların icra olunduğunu, müdafiə, milli təhlükəsizlik, sosial təminat, koronavirusla mübarizə, pandemiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsirlərin azaldılması, əhalinin həssas sosial qruplarına və biznesə iqtisadi dəstək tədbirləri, investisiya, işğaldan azad edilmiş ərazilərin bərpası, mədəniyyət, idman və digər sahələrdə tədbirlərin maliyyələşdirilməsinin tam təmin edildiyini, eyni zamanda dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətin əldə olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ilin sonunda dövlət başçısı tərəfindən imzalanan sərəncamlarla əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqənin real gəlirlərinin yüksəldilməsi məqsədi ilə onlara ödənilən sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı növbəti sosial tədbirlər zərfi reallaşdırılıb. Bu tədbirlər ilk növbədə dünya bazarlarındakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyıb.

2021-ci ilin dövlət büdcəsinin digər vacib elementi işğaldan azad olunmuş ərazilərdə, sərhəd zonasında və yüksək dağlıq yerlərdə xidmət edən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün vəzifə maaşlarına xüsusi əlavələrin tətbiqi, maddi-texniki təminatının daha da yaxşılaşdırılması, həmin ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan xərclərin tam həcmdə qarşılanması olub.

Nazir bildirib ki, ötən il büdcə qaydasının bərpası və onun təkmilləşdirilməsi, dövlət borcunun idarə olunması, həmçinin şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə göstəricilərinə əlçatanlığının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”na uyğun olaraq büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcə öncəsi açıq müzakirələrin başlamasına imkanın genişləndirilməsi üçün büdcə göstəricilərinin Milli Məclisə təqdiminə 1 ay qalmış “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” hazırlanaraq Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib, habelə növbəti ilin büdcəsi təsdiq edilməmişdən əvvəl icmal və dövlət büdcələrinin əsas parametrləri, makroiqtisadi proqnozlar, büdcə-vergi siyasətinin əsas istiqamətləri, dövlət büdcəsinin prioritet xərcləri və dövlət borcuna dair əsas məlumatları özündə birləşdirən büdcə layihəsinin təqdimatı, həmçinin, büdcə təsdiq edildikdən sonra onun göstəricilərinə vətəndaşların baxışı üçün “Vətəndaşın Büdcə Bələdçisi” yeni tərtibatda hazırlanaraq Nazirliyin rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə açıqlanıb. Bununla yanaşı, dövlət və icmal büdcələrin icrasına dair aylıq və rüblük məlumatların da ictimaiyyətə açıqlanması mütəmadi qaydada davam etdirilib.

Kollegiyanın sədri qeyd edib ki, büdcə qaydasının təkmilləşdirilməsi ilə bağlı “Büdcə sistemi haqqında” Qanuna və digər normativ sənədlərə zəruri dəyişikliklər edilib və 2022-ci ilin 1 yanvar tarixindən büdcə qaydasının tətbiqinin bərpası üçün şərait yaradılıb. Beynəlxalq maliyyə təşkilatlarının rəyi də nəzərə alınmaqla təkmilləşdirilmiş yeni büdcə qaydası fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verməlidir.

Kollegiya iclasında maliyyə nazirinin müavini Azər Bayramov ötən ilin dövlət və icmal büdcələrinin icra göstəriciləri barədə məlumat verərək bildirib ki, 2021-ci ilin dövlət və icmal büdcələrinin icrası müsbət dinamika ilə səciyyələnib. Belə ki, operativ məlumatlara əsasən, 2021-ci ildə icmal büdcənin gəlirləri 33 milyard 904 milyon manat və ya proqnoza qarşı 42,3 faiz çox - 10 milyard 76 milyon manat olub. İcmal büdcənin xərcləri 29 milyard 991 milyon manat icra olunub ki, bu da 2020-ci illə müqayisədə 830 milyon manat və ya 2,8 faiz çoxdur. İcmal büdcədə 7 milyard 335 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 913 milyon manat profisit yaranıb.

2021-ci ildə dövlət büdcəsinin gəlirləri isə 26 milyard 396 milyon manat və ya 103,8 faiz icra olunub ki, bu da 2020-ci illə müqayisədə 1milyard 715 milyon manat və ya 6,9 faiz çoxdur.

2021-ci il üçün dövlət büdcəsinin xərcləri 27 milyard 422 milyon manat və ya 96,1 faiz səviyyəsində icra olunmuşdur ki, bu da 2020-ci illə müqayisədə 1 milyard manat və ya 3,8 faiz çoxdur.

Dövlət büdcəsinin kəsiri 1 milyard 26 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan kəsirdən 2 milyard 90 milyon manat və ya 67,1 faiz azdır. A.Bayramov bildirib ki, kəsirin proqnoza qarşı daralmasına ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icrası hesabına nail olunub. Beləki, Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 8 milyard 529 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza qarşı 1 milyard 279 milyon manat və ya 17,6 faiz çox deməkdir. Dövlət Gömrük Komitəsi tərəfindən isə dövlət büdcəsinə 11,4 faiz çox - 4 milyard 343 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza qarşı 443 milyon manat artıqdır. Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 12 milyard 200 milyon manat məbləğində transfertə qarşı 11 milyard 350 milyon manat transfert edilib.

Qeyd olunub ki, hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika və xərclər üzrə ilin sonuna gözlənilən icra vəziyyəti Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 850 milyon manat və ya 7 faiz az istifadə olunmasına imkan verib. Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə dövlət büdcəsinə 613 milyon manat, sair daxilolmalar üzrə 415 milyon manat vəsait daxil olub. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan isə dövlət büdcəsinə 880 milyon manat, Mərkəzi Bankın mənfəətindən ayırmalar hesabına 250 milyon manat və yaxud proqnozla nəzərdə tutulmuş məbləğlərdə vəsait daxil olub.

Ötən il ərzində dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinin avtomatlaşdırılması istiqamətində işlərin davam etdirildiyini deyən maliyyə nazirinin müavini Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) qurulması üçün nazirliyin iştirakı ilə icraçı təşkilatlar tərəfindən proqram təminatı yaradıldığını və artıq sınaqlardan keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, proqram təminatının tətbiqi dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda növbəti il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibi prosesini avtomatlaşdırmaqla nazirliyə daxil olan məlumatların və hesablamaların emalını sürətləndirəcəkdir.

Dövlət büdcəsinin gəlirlərinin uçotunun təkmilləşdirilməsi istiqamətində də əməli tədbirlərin görüldüyü, Maliyyə Nazirliyində vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin yaradılaraq 2021-ci il 1 iyun tarixindən istifadəyə verildiyi bildirilib. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən dövlət rüsumlarının həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən Dövlət Vergi Xidməti tərəfindən uçotunun qurulmasının təmin edilməsi məqsədilə Mərkəzi Bankla birgə “Hökumət ödəniş portalı”nda dəyişikliklər edilərək ödənilən dövlət rüsumlarına dair daha təkmil məlumatların verilməsinə nail olunub.Eyni zamanda, il ərzində xəzinə xidmətinin keyfiyyətinin artırılması və büdcə xərclərinin və daxilolmalarının icra mexanizminin təkmilləşdirilməsi məqsədilə Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemində bəzi əməliyyatlar təkmilləşdirilib, dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının gəlirlərini və digər daxilolmaları təmin edən orqanlar ilə elektron məlumat mübadiləsində bir çox yeniliklərin tətbiqinə başlanılıb.

Kollegiya iclasında cari ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr sırasında ilk növbədə 2023-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması və “Büdcə sistemi haqqında” Qanunda qoyulmuş tarixlərə uyğun olaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı işlərin təşkilinin vacibliyi vurğulanıb. Eyni zamanda, hər bir rayon və şəhərin yerli gəlirlərinin artırılması üçün əməli tədbirlərin həyata keçirməsi, 2021-ci ilin dövlət və icmal büdcələrinin icrasının nəticələrinin nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən təhlil olunmaqla növbəti dövlət büdcəsinin layihəsinin tərtibi prosesində istifadə olunması, müvafiq büdcə layihələrinin tərtibi zamanı ilk növbədə hər bir xərc istiqaməti üzrə müvafiq ehtiyatların axtarılıb tapılması və onların hesabına xərclərin azaldılması üçün tədbirlərin görülməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlir və xərclərinin proqnozlaşması zamanı gəlir və xərclərin optimal variantını müəyyən etmək üçün müvafiq büdcə təşkilatları ilə qarşılıqlı işin gücləndirməsi, büdcə layihələrinin tərtibi zamanı qəbul edilmiş dövlət proqramlarında, ərazilərin sosial-iqtisadi inkişaf göstəricilərində nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı ilə bağlı məsələlərin tam araşdırılması, xərc maddələri üzrə hesablamalar apararkən əvvəlki illərin hesabat, ştat göstəriciləri, xərc normativləri, təşkilatların sifarişləri, yerdə olan real vəziyyətin nəzərə alınması, büdcə təşkilatları tərəfindən alınan mal, iş və xidmətlər üzrə müqavilələrin sistemdə uçota alınması və bununla nəzarət mexanizminin gücləndirilməsi və digər məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Nazir Samir Şərifov ötən il beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə artmasının qlobal bazarın ayrılmaz iştirakçısı olan ölkəmizə də sirayət etdiyini, bir sıra mal və xidmətlərin, ələxsus da ərzaq məhsullarının qiymətlərinin bahalaşdığını qeyd edərək hökumət tərəfindən anti-inflyasiya tədbirlərinin gücləndirildiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, qiymət artımlarının ölkədə işgüzar fəallığa, əhalinin rifah və alıcılıq qabiliyyətinə mənfi təsirlərinin qarşısının alınması məqsədilə artıq Azərbaycan Respublikasında anti-inflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin sərəncamı imzalanıb və müvafiq dövlət orqanları qarşısında ciddi vəzifələr qoyulub. Hazırda aparılan ardıcıl kompleks tədbirlərin əsas hədəfləri dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir. Çevik və kompleks anti-inflyasiya proqramının qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verəcəyini deyən Kollegiyanın sədri bu istiqamətdə Maliyyə Nazirliyi qarşısında qoyulan vəzifələrin icrasına dair aidiyəti struktur bölmələrə tapşırıqlar verib.

Nazir həmçinin, büdcə təşkilatlarında qanunvericiliyin tələblərinə uyğun mühasibat uçotunun təşkilinin vacibliyini vurğulayıb, mühasiblərin peşəkarlığının artırılmasının artıq günün tələbi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə əsasən büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Bu baxımdan dövlət büdcəsindən maliyyələşən iri qurumlarda çalışan mühasibat işçilərinin təyinatı zamanı onların mühasibatlıq üzrə müasir bilik və bacarıqlara malik olmaları və müvafiq standartlara cavab vermələri əsas şərt kimi qoyulmalıdır.

İclasda kollegiyanın gündəliyinə uyğun olaraq məruzələr dinlənilib, müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib.

Kollegiya iclasında, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar və digər təltiflər təqdim edilib.



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər