Saytımızı qiymətləndirin


 
 

“Rusiya ərazi itirməkdən qorxduğu üçün bir-birinin ardınca səhvlər edir“ - Türk ekspert
Tarix: 23-02-2022 | Saat: 12:37
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya ərazi itirməkdən qorxduğu üçün bir-birinin ardınca səhvlər edir“ - Türk ekspert

“Putinin Donbasda separatçılara verdiyi dəstək Türkiyənin Kipr siyasətinə qətiyyən oxşamır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az açıqlamasında Kocaeli Universitetinin professoru İrfan Kaya Ülger deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Donetsk və Luqansk "xalq respublikaları"nın tanınması haqqında fərmanı imzalaması və bu vəziyyətin Şimali Kipr əməliyyatına bənzədiyini deməsi təəssüf doğurub:

“Putin administrasiyası BMT-nin əsas konvensiyasına və beynəlxalq hüququn əsas prinsipləri olan dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət qaydasına zidd hərəkət edib. Eyni zamanda, o, imzası olan Minsk Sazişini pozaraq, faktiki Ukrayna ərazisi olan Donbasa qoşun yeridib. Bütün sivil dünya Rusiyanın bu əməliyyatını pisləyir. Rusiyada işləyən Avrasiya məktəbinin üzvləri yenidən fövqəldövlət olmaq arzusu ilə səhvə yol verirlər. Gürcüstan ərazisi olan Abxaziya və Cənubi Osetiya bu ölkədən 2008-ci ildə "ayrılıb". 2014-cü ildə Krım ərazisi ilhaq edilib. İndi bu kateqoriya aqressiv siyasətin üçüncüsü olan Donbas məsələsində də tətbiq edilib”.

İrfan Kaya Ülger qeyd edib ki, Putinin apardığı bənzətmə tarixi faktlarla üst-üstə düşmür:

“Türkiyə Kipr Respublikasının qarant dövlətlərindən biridir. 1959-1960-cı il London və Sürix müqavilələri ilə qurulan Kipr Respublikasında yunanlar və türklər, sayından asılı olmayaraq, bərabər qəbul edilib. Hər iki icmanın ümumi iradəsi dövlət institutlarının idarə olunması və təmsil olunmasına əsaslanır. Lakin 1963-cü ildə Makarios administrasiyası türkləri idarəçilikdən kənarlaşdırıb. Bundandan sonra Türkiyə qarant dövlət kimi müdaxilə etməyə çalışsa da, o zamankı ABŞ prezidenti Consonun göndərdiyi məktubla Türkiyənin Kipr türklərinin hüquq və mənafelərini qorumasının qarşısı alınıb. Türkiyənin 1974-cü ildə adaya müdaxiləsi adanı Yunanıstana bağlamaq istəyən çevrilişdən sonra baş verib. Türkiyənin Kipr türklərinin hüquqlarını, mənafelərini və həyat təhlükəsizliyini qorumaq üçün iyulun 20-də və avqustun 15-də müdaxiləsi tamamilə qanunidir və mənşəyi qarantlıqdan alır. Türkiyə müstəqil və suveren bir dövlətin daxili işlərinə və ərazi bütövlüyünə hücum təşkil etməyib. Türkiyə iki icma arasında bərabərlik əsasında federasiya yaradılması üçün BMT çətiri altında aparılan danışıqları dəstəkləyir. Ancaq yunanlar əhali baxımından çoxluq təşkil etdiklərini iddia edərək, London və Sürix müqavilələrinə zidd hərəkət edirlər.

Adanın şimalında 1974-cü ildə Kipr Türk Federativ Dövləti yaradılıb və bu dövlətin adı 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti olaraq dəyişdirilib. Türkiyənin Kipr türklərinin hüquq və mənafelərinin müdafiəsi beynəlxalq hüquqa uyğun olaraq imzalanmış zəmanət müqaviləsi və təsis müqavilələrinə əsaslanır. Lakin Rusiya Federasiyasının Gürcüstan və Ukrayna əməliyyatları ərazinin güc yolu ilə ilhaqını qadağan edən BMT nizamnaməsinə ziddir. Rusiya administrasiyası beynəlxalq ictimaiyyətin bu məsələdə həssaslığını nəzərə almır”.

“Yenidən fövqəldövlət olmaq arzusunun ardınca gedən Putin administrasiyasının bu kateqoriya fəaliyyətləri Bosniya serbləri və Belarusdan başqa slavyan dünyasında belə qəbul edilmir. Rusiya ərazi itirəcəyi refleksi ilə bir-birinin ardınca səhvlər edir. 1989-cu ildə Varşava Müqaviləsi Təşkilatının dağılması nəticəsində beynəlxalq aləmdə nüfuzunu itirən Rusiya 1991-ci ildə SSRİ-nin dağılmasından sonra daha da narahat olub. Rusiya Federasiyasını təşkil edən muxtar vilayətlərin və muxtar respublikaların da digərləri kimi bir gün nəzarətdən çıxacağını düşünən Rusiya bunun qarşısını almaq üçün aqressiv xarici siyasət yürüdür. Rusiyanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Suriya və Liviyadakı təşəbbüslərini bu cür qiymətləndirmək lazımdır.

Nəticədə Rusiyanın Donbas bölgəsindəki separatçı qurumları tanıması və bölgəyə qoşun yeritməsi heç bir halda Şimali Kipr türklərinin ədalətli mübarizəsi və Türkiyənin onlara dəstək verməsi ilə heç bir oxşarlıq daşımır. Putin beynəlxalq hüquqa zidd hərəkətlərini qanuniləşdirmək üçün həyatın reallıqlarına uyğun gəlməyən nümunələr təqdim etməyə çalışır. Nəhəng sanksiya dalğası ilə üzləşəcək Rusiya Administrasiyasının gələcəkdə də oxşar addımlar atması mümkün görünmür”, - deyə mütəxəssis yekunlaşdırıb.

“Rusiya ərazi itirməkdən qorxduğu üçün bir-birinin ardınca səhvlər edir“ - Türk ekspert


Xəbəri paylaş

1462 dəfə oxunub.

Digər xəbərlər