Saytımızı qiymətləndirin


 
 

Kəramət Böyükçöl: “O qız bilməliydi ki, mən anormalam” – Müsahibə
Tarix: 17-10-2019 | Saat: 16:19
Bölmə:Karusel / Müsahibə | çapa göndər

news-inner
Bu gün tanınmış yazar Kəramət Böyükçölün ad günüdür. Kulis.az bu münasibətlə " Səni deyirlər” layihəsi üçün ondan müsahibə götürüb.  Müsahibəni oxucuların diqqətinə çatdırıq:

- Deyirlər, Kəramətə yazmağı, yaradıcılığı üçün çoxlu pullar gəlir. O da pulu kitaba yox, içkiyə xərcləyir...

- Təbii ki, bu pullar fantastik rəqəmlər deyil. Amma bir insanın, bir yazarın məişət problemlərini, qayğılarını və ehtiyaclarını ödəyə bilmir. Yazılarımı daha çox oxuyan, maraq göstərən adamlar maddi cəhətdən köməklik edirlər. Bunu o məqsəd üçün vermirlər ki, gedib əsərlər, romanlar yazasan. Qarşına şərtlər qoymurlar. Necə deyərlər, hayla gələn huyla gedər. Pul bizim nəyimizə lazımdı ki?! Maşın alası deyilik ki?

 

 

- Bu pullardan niyə yaradıcılığın üçün istifadə etmirsən?

- Kirayə ev tutmuşam özümə. Atamdan, anamdan ayrı qalıram. Özümü məişət, xırda-xırda parazit problemlərdən xilas edib, kirayə tutduğum evdə mütaliə ilə, ciddi şəkildə yaradıcılıqla məşğul olmağa özümü hazırlayıram. Çünki fikirləşirəm ki, bu yaşımda enerji, güc daha heç vaxt olmayacaq. Ona görə də bu enerjini çayxanalara, kafelərə, mənasız, nadan adamlarla sərf etməyə dəyməz.

- Səncə, gecikməmisən?

- Mühitdə, ictimai hadisələrdə olduğuma görə adamlar elə bilir ki, yaşım çoxdur. Hətta bir dəfə Aqil Abbas mənə dedi ki, neçə yaşın var, dedim, 32. O da vurğuladı ki, mən elə bilirəm, 60 yaşın var. Belə baxanda 32 yaşım var, nəyə gecikmişəm? Bir tərəfdən də sənin sözünə haqq qazandırıram ki, artıq ölüm cavana, qocaya baxmır. İtirdiyim zamana çox heyfim gəlir.

- İtirdiyin bu zaman bəlkə də sənin özün üçün uydurduğun bir dünya yaratmaq üçündür. Yəni bir az avara olum, bir az sərxoş, bir az da faciəli biri kimi...

- Bunlar məndə təbii şəkildə baş verib. Süni formada özümü hansısa bataqlığa atmamışam ki, qondarma bir həyat yaradım, yaxud da yazıçı taleyi düzəldim. Adi məişət qayğıları ilə, hər səhər işə gedib axşam evə gələn bir adam kimi yaşamaq istəyirəm. Bu cür həyatı gələcəkdə yaza biləcəyim ən yaxşı əsərlərimə belə dəyişərəm. Ancaq başa düşdüm ki, bu mümkün olan şey deyil. Bir insanla uzun müddət bir yerdə olmaq, ya da ananla, atanla bir yerdə yaşamaq məni yorur. Ona görə də sakit, rahat həyat istəyirəm. Mütaliə baqajımı isə istedadımın yarısına qədər qaldırmaq haqqında ciddi düşünürəm. Dostlarımızın da dediyi kimi, bulaq quruyur və sən susuz qalırsan.

- Deyirlər, Qəşəm müəllim Kəramətin yerinə romanlar yazır...

- Bunlar köhnəlmiş söhbətlərdi. Atam yaza bilsəydi özünə roman yazardı. Bu suala cavabım yoxdur. Yazıb, yaxşı eləyib yazıb, yaxud yazmır, yaxşı eləyir yazmır. Bu söhbət elə yerə gəlib çıxıb ki, çıxış yoxdur.

- Ailə vəziyyətin necədir? İkinci həyat yoldaşınla barışmaq istəyirsən, deyəsən...

- Oğlum Barışı istəyirəm, amma barışmaq istəmirəm. Bağışlamağım üçün ciddi səbəblər yoxdur. Tutaq ki, barışdıq, bəs sonra necə yaşayacağıq?!

- Barışa görə dözə bilməzsiniz?

- Barışın xətrinə onun anası ilə barışa bilərəm. Amma onları arzuladığı bir həyatı yaşaya bilmərəm. Xarakterimə ziddir. Narkotik aludəçisi, ya da alkoqolik olsam, iradəmi səfərbər edib uşağın xətrinə bundan azad ola bilərəm. Ancaq mənim həyat tərzim belədirsə, bu cür düşüncədə insanamsa, nə edim bəs? Bəlkə yox olum, təzədən doğulum? Ağaca demək olar ki, ay ağac, sən niyə əyri bitmisən? Axı təbiət bunu əyri yaradıb. Kiminsə arzuladığı bir adam ola bilmərəm. Məni seçəndə bilmirdin ki, bu adam əyridir, bu adam anormaldır?!

- Kənardan baxanda, adama elə gəlir ki, Kəramət bu hay-küyü sevir...

- Qəti şəkildə düzgün müşahidə deyil. Çünki həmişə istəmişəm ki, sakit ailəm olsun. Məni başa düşən bir qadın arzulamışam. Biz bir yerdə yaşayaq və xoşbəxt olaq. Alınmayıbsa bu o demək deyil ki, özümü məhv etməliyəm, ailə həyatı qurmamalıyam. Deyirlər, bu iki qadından boşanıbsa üçüncünü də atar. Bu kimi fikirlər vecimə deyil. Yenə ailə qura bilərəm, hətta ondan da ayrıla bilərəm, dördüncü ilə də evlənərəm, ondan da ayrıla bilərəm. Bilirsən, onsuzda evləndin ya da evlənmədin, hamının həyatında yüzlərlə qadın olur. Vətəndaş nikahı edirlər, siğə edirlər, yorulanda da ayrılırlar. Heç kimin də xəbəri olmur. Mənim məsələlərimi qabardan uşaqdır. Uşaq olubsa, deməli, mən ciddi olmuşam da. Müvəqqəti bir həyat düşünməmişəm. Arzularım, planlarım olub. Əgər ötəri bir münasibət olsaydı, uşaq nəyə gərək olardı? Doğurdan da Azərbaycan cəmiyyətində uşaq nəyə lazımdı? Özün nə etdin, neylədin ki, utanmaz-utanmaz uşaq da dünyaya gətirdin?

- Peşmansan uşaqlarının dünyaya gəlməyinə?

- Gül kimi uşaqlardı. Onları sevirəm. Ona peşmanam ki, niyə bu cəmiyyətə uşaq gətirdim. Gül kimi yox idilər də.

- Deyirlər, həm barışmaq istəyirsən, həm də üçüncü dəfə evlənmək. Necə olacaq?

- Münasibətdə olduğum bir xanım var. Mən onu, o da məni sevir. Sadəcə biz evlilik haqda qəti şəkildə düşünmürük. Adamlar məndən soruşur ki, ciddisən. Ciddi deyəndə nəyi nəzərdə tuturlar?

- Bəlkə inanmırlar sənə...

- Evlənmək, rəsmi nikah guya ciddi şeydi?

- Yaşadığımız cəmiyyət üçün kifayət qədər ciddi bir məsələdir.

- Rəsmi nikah edirsən, ayrıla bilmirsən? Çox da rahat ayrıldım. Nə oldu ki? Amma bu cür rəsmiyyətdən, sənəd-sünəddən, mənasız kağız-kuğuzdan kənar sənin gözəl bir xanımla münasibətin olar. Bu da elə uzun ömürlü, gözəl, sağlam olar ki, bir-birinizin gözündən düşməzsiniz. Bundan sonra həyatımdakı qadını heç vaxt məişət işlərinə qarışdırmayacam. Çünki onu məişətin içinə qatsam, yəni kartofun, soğanın, bibərin, pamidorun, xiyarın, bilirəm ki, mən onun gözündən düşəcəm.

- Evdə bir qulluqçu olacaq?

- Özüm bişirəcəm yeməyi. Bir yerdə bişirəcəyik.

- Bərabərhüquqlu olacaq hər şey?

- Bəli, bəli. Sərxoş olacağamsa, o da sərxoş olacaq, o içmək istəməyəndə, mən də içməyəcəm. Bir yerdə kitab oxuyacağıq, kitab rəfləri düzəldəcəyik, yazılarımı oxuyub redaktə edəcək, yorulanda mən oxuyacam və s. və i.

- Belə başa düşdüm ki, sənə yaradıcı bir qadın lazım imiş...

Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım yaradıcı bir qadındır? Xaraktercə, mahiyyətcə yaradıcıdır. Yəni yaradıcı adamı başa düşmək, anlamaq özü də bir yaradıcılıqdır. Vaqfin özü səhv etmirəmsə üç-dörd dəfə evlənib. Yaxud Nazim Hikməti yada salaq. Sənət adamlarının da dəfələrlə evləndikləri olub, olacaq da.

- Deyirlər, Kəramət gündəmdə olmayanda narahatçılıq keçirir. Niyə narahatsan?

Jurnalistik, köşə yazarıyıq. Gündəmdə olmalıyıq da. Mənə deyirlər, köşə yaz, qonorar verəcəyik, tutaq ki, mövzu muğamdır. Tərifləyim muğamı? İçimdə muğam haqda heç bir müsbət bir şey yoxdur. Muğam adamı yatızdırmaq üçündür. Cəmiyyətdə açıq fikirlərim üçün aqressiya qazanmışam. Adamlar məni vurmaq üçün yerlər axtarır.

- Muğamı, sazı, meyxananı sevmirsən, bəs sən hansı musiqi növünü sevirsən?

- Saza qulaq asanla roka qulaq asanları müqayisə etsək yerlə-göy qədər fərq olar aralarında. Yaxud da meyxana deyənlərlə reperləri. Bethovenlə Manaf Ağayevə qulaq asanlar da həmçinin.

- Sən hansı qrupa daxilsən? Elit yoxsa bayağı?

- Allah heç kəsi lağ elədiyi mahnıların umuduna qoymasın. Elə olur ki, çox bayağı musiqilər dinləyirəm. Bunu da bir sirr kimi saxlayıram ki, feysbukda bilinməsin. Demirəm, ancaq bayağı mahnılar dinləyirəm. Ovqatdan asıldı. Hətta deyim, meyxanaya qulaq asmaq da olar. Mənim problemim deyil. Meyxana düşüncəmə, mənəviyyatıma, həyatıma təsir edə bilməz.

- Deyirlər, meyxanaçılar səni öldürmək istəyirdi. Niyə ölmədin?

- Döyməklə hədələyənlər olub. Ölüm hədəsi almamışam. Efirdə Mehman Əhmədli döyməklə hədələmişdi. Lap ölümlə də hədələyə bilərlər, başqa nə gözləyəcəksən ki?!

- Deyirlər, Kəramət müsahiblərini dolayır, aşağılayır. Niyə?

- Azərbaycan ədəbi-mühitini ovcumun içi qədər tanıyan biriyəm. Kimlər hansı münasibətə layiqdir, onu dəqiq bilirəm. Səncə, Qulu Məhərrəmli, Səfər Alışarlı kimi adamları aşağılaya bilərəm? Buna əxlaqım yol verməz. Bütün hallarda aldığım müsahibələr nəzəri baxımından jurnalistika qayda-qanunlarına uyğun deyil. Çünki Azərbaycanda fundamental jurnalistika təhsili alan bir tələbənin gələcəkdə çalışacağı, ucalacağı yer yoxdur.

- Deyirlər, AYB-yə geri qayıdırsan...

- Üzv olmaq istəmirəm. Amma hörmətli Rəşad Məcid bunu mənə təklif elədi. Mən də yarı ciddi, yarı zarafat dedim ki, özünüz çıxartmısınız, o da dedi, ayə, özüm də qaytarıram. Əvvəllər bilirsən ki, Rəşad müəllimlə qalmaqallarımız olub, haqqında sərt fikirlər səsləndirmişəm. Zaman keçəndən sonra anladım ki, içindəki o işığı, üzündəki nuru, ədəbi vicdanı olan az saylı adamlardan biri də Rəşad Məciddir. AYB-də bir-iki işıqlı adamdan birisi də Rəşad müəllimdir.

- Bəs onda niyə Rəşad Məcidin təklifini qəbul etmədin?

- Dedim, vallah gəlsəm, üzv olsam yenə çıxardacaqsınız (gülür).

- Niyə?

- Çünki bir yerdə duran adam deyiləm, tərif yaza bilmirəm. Demək olar, tərif yazım yoxdur. Rəşad Məcid mənim üçün AYB-dən qat-qat qiymətli və əhəmiyyətlidir. Ona görə də Rəşad müəllimlə münasibətimiz pozulmasın deyə birliyə qayıtmadım.

- AYB-də qurultay gözlənilir. Səncə Anar müəllim sədr olmalıdırmı? Yoxsa başqa şəxsmi?

- Bu barədə qəti fikrim var. Anar AYB-nin sədri qalmalıdır. Anar müəllim 30 il sədr olub, guya 5 il də artıq olsa nə olacaq ki?! Yaxud Anar müəllimin yerinə gələn başqa bir sədr gəlsə neyləyəcək ki? Hər hansı bir inqilabi dəyişiklik edəcəkmi? Doğrudan deyirəm, bilmirəm, biz Anar müəllimdən nə istəyirik?

- Ədəbi proseslər, kitablarımızın çap edilməsi, kreativ ədəbi təkliflər, layihələr...

- Bizim görmək istədiyimiz ədəbi-prosesi Anardan sonra kim istəyir gəlsin edə bilməyəcək.

- Elə bir adam yoxdu?

- Mümkün deyil. Çünki AYB-nin sədri yox, quruluşu dəyişməlidir. Ümumən cəmiyyətin modeli dəyişməlidir.

- Üç gənc yazarın sədirliyə namizədliyini necə dəyərləndirirsən?

- O gəncləri yaxşı tanıyıram. Üçü də gözəl dostlarımızdı. Namizədliklərini versinlər e, amma kənardan qeyri-ciddi görünürlər.

- Sən sədrliyə namizədliyini versən, tutaq ki, sədr seçilsən, necə islahatlar aparardın?

- AYB-nin sədri olsam heç bir islahat keçirə bilməzdim. Yazıçılar Birliyində islahat keçirmək mümkün deyil. Nə mümkündürsə Anar müəllim edir.

Anardan nə qədər kömək istəyən adam var. Hamı özünü dahi hesab edir. Hamı fikirləşir ki, istedadlıdır, buna layiqdir, bu deyir, mən katib olacam, o deyir, mən təqaüd alacam və s. Anar müəllimi bezdirirlər. Neyləməlidir Anar? Yazıçı adamdı.

- Ölkədə ən rahat tənqid edilə bilən qurum AYB-dir. Həmçinin də Anar müəllim. Niyə?

- Anar Elçibəy kimi adamdı. Anar indiyə qədər kimi məhkəməyə verib? Kimlə hədə-qorxu dilində danışıb? Anara yaltaqlanıb eləmirəm. Bu ölkədə ən xırda məmuru tənqid edə bilməyənlər, Anarın üstünə düşürlər. Anar heç bilirsən nə qədər müəllifin imzasının təsdiq olunmasında rol oynayıb? Seymur Baycan fəxr edirdi ki, Anar ona badımcan deyib. Şəhriyar Del Gerani fəxr edir ki, Anar onun məktubuna cavab yazdı. Şəhriyarın əvvəl cəmiyyətdə nüfuzu 10 faiz idisə, o məktuba cavabdan sonra 60 faiz oldu. Anarı uşaq-muşaq bilməyin e.

- Əvvəllər AYB-ni kəskin tənqid edirdin, bu gün isə əks arqumentlər gətirirsən. Bu zaman keşiyində nələr dəyişdi ki, fikirlərin haçalandı?

- AYB-dən heç bir umacağım yoxdu. Nə ev, nə pul, nə vəzifə. Heç nə bağlamır məni ora. Amma bu proses gözümün qabağında canlandıqca, aydınlaşdıqca, durulduqca mən hər şeyi başa düşdüm. Yadıma düşür, Facebookda Rasim Qaraca haqqında balaca bir zarafat yazmışdım, məni dostluqdan çıxartdı. Rasim AYB-nin sədri olsa gör nələr edər?! Ümumilikdə götürsək, Anar demokratik adamdı. Azərbaycanda Anar qədər tənqid edilən, hətta onun qədər təhqir edilən bir adam yoxdur.

- Deyirlər, Kəramət cəmiyyəti tez-tez ələ salır, ironiya edir. Niyə elə imic yaratmısan?

- Manaf Ağayevə beş min manat pul verib toyuna gətirən bir cəmiyyətə ciddi ola bilmərəm. Əvvəla, qeyri-ciddi bir cəmiyyətdə yaşayırıq. Bu cəmiyyətdə ciddi olmaq, ürəyinin partlaması deməkdi. Ciddi olsan, ürəyin dözməyəcək. Ona görə də bu cəmiyyətlə bir az yumor, bir az ciddi, bir az sarkazm, bir az lağlağı lazımdır.

- Yaşaya bilmək üçün...

- Bəli. Azərbaycan efirlərinə baxırsan, buna necə ciddi deyəsən?

- Sən də efirlərə çıxırsan...

- Bu cəmiyyətdə yaşayıram axı. Hara təcrid olunum? Bir efirə çağırmaq üçün bəlkə 50 dəfə zəng edirlər. Getməyəndə də deyirlər, dahilik azarına düşüb.

- Qeyri-ciddi hesab etdiyin televiziyalara niyə çıxırsan?

- Ciddi haradır? Deyirsən, çıxım gedim? O verilişlərdə işıq yoxdu. Heç olmasa mən çıxanda balaca bir işıq görünür.



Xəbəri paylaş

567 dəfə oxunub.

Digər xəbərlər