Saytımızı qiymətləndirin


 
 

“AAAF-da park və stadionu söküb obyektimizin qarşısını kəsirlər” - Foto
Tarix: 18-02-2022 | Saat: 21:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

“AAAF-da park və stadionu söküb obyektimizin qarşısını kəsirlər”

“AAAF Park Yaşayış Kompleksinin ərazisidəki park və stadionu söküb yerində ticarət mərkəzi tikirlər. Nəticədə, bizim gözəllik mərkəzinin, həmçinin, digər obyekt və yaşayış binalarının qarşısı kəsilir. Əgər bu obyektlərə müştəri gəlmək istəsə, yolunu uzadıb arxa tərəfdən yol tapıb gəlməlidir”. 

Qarabaginfo.az bildirir ki, bu barədə “Qafqazinfo”ya kompleksdə fəaliyyət göstərən gözəllik mərkəzinin sahibi Şəbnəm Səfərova bildirib. 

Onun sözlərinə görə, 2014-cü ildə kredit götürərək AAAF Park Yaşayış Kompleksinin ərazisində gözəllik mərkəzi açıb. Həmçinin obyektin məhz yol kənarında olmasını nəzərə alaraq kifayət qədər böyük məbləğdə ödəniş edib:

“Səkkiz ildir AAAF Parkda fəaliyyət göstəririk. İndiyə qədər bu kompleksdə işıq və sair çoxlu problem olub. İndi də binanın və obyektlərin qarşısında, parkın içərisində tikinti aparırlar. Bizim obyektin qarşısından yol keçir. Yolun bir tərəfi uşaq bağçası, digər tərəfi məktəbdir.

Obyekt tikiləndən sonra isə məktəblə arada cəmi 7-8 metr ərazi qalacaq. Həmçinin, tikinti üçün kompleksin ərazisindəki stadion da sökülür. Arxada ağaclar, məscid var, onların da ərazisində böyük ticarət mərkəzi tikiləcək. 

Belə olanda isə bizim yerləşdiyimiz küçədə olan bütün binalar arxada qalır. Binanın hər tərəfdən mənzərəsi kəsiləcək. Bizim obyektimiz isə ümumiyyətlə, görünməyəcək. Müştəri gəlmək üçün yolunu uzadıb arxa tərəfdən, necəsə yol tapıb gəlməlidir. Bu ərazi bizə ucuz qiymətə də verilməyib, hər kvadrat metrinə görə 2500 manat verilib. Bizə deyilməyib ki, gələcəkdə park ərazisi satılacaq. Əvvəldən belə olacağı deyilsəydi, yer alıb iş qurmazdım...”

Şikayətçinin sözlərinə görə, hansı ərazilərin söküləcəyi ilə bağlı ərazidə inşaat işləri aparan şirkətdən məlumat alıblar. Yaşayış Kompleksinin rəhbərliyi isə son illər tez-tez dəyişdiyindən kimə müraciət edəcəkləri də məlum deyil: 

“Son 2-3 ildə müraciətlərimizi hara edəcəyimizi bilmirik. Gedirik, deyirlər, rəhbərlik dəyişib. Yeni icraçı direktorun kim olduğunu soruşanda hər dəfə müxtəlif adamlara yönləndirirlər. Bu dəfə də gedib tikintini aparan podratçı şirkətin nümayəndələri ilə görüşdük, dedilər ki, stadion söküləcək, oradakı ağaclar kəsiləcək və məscidin həyətinə qədər ərazidə ticarət obyekti tikiləcək. Onlar bizi Zaur adlı şəxsə yönləndirdilər. Həmin şəxs isə bizim əməkdaşa deyib ki, artıq həmin ərazilər AAAF Park tərəfindən satılıb və ona qarışa bilməzlər”. 

Ş.Səfərova aidiyyəti orqanlara, o cümlədən, Daxili İşlər Nazirliyinə müraciət olunacağını deyib.

Məsələyə AAAF Park Yaşayış Kompleksi rəhbərliyi tərəfindən münasibət bildirilib. Kompleksin açıqlamasında aparılan tikinti işlərinin qanuni olduğu vurğulanıb:

 “AAAF Park yaşayış kompleksində özəlləşdirilmiş ərazilərdə, ayrı-ayrı fiziki şəxslər tərəfindən bütün aidiyyəti qurumlarla razılaşdırılmış, tam qanuni şəkildə aparılan təmir-tikinti və yenidənqurma işləri həm də AAAF Park Yaşayış Kompleksi ərazisində yaşayan və fəaliyyət göstərən şəxslərin maraqlarına uyğundur. Belə ki, ərazinin park, ticarət və iaşə ərazisi genişləndirilir, sakinlərin və sahibkarların maraqları tam qorunur. 

Bir daha vurğulayırıq ki, baş verən proses özəlləşdirilmiş ərazilərdə, ayrı-ayrı fiziki şəxslər tərəfindən başladılıb və adıçəkilən şəxslərlə birbaşa heç bir əlaqəsi yoxdur. Əgər kimlərsə bu kimi hallardan öz şəxsi maraq və intriqaları üçün istifadə etməyə çalışacaqlarsa, buna deyiləcək heç bir sözümüz yoxdur. Hər şey ortadadır və qanunidir”.



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər