Son zamanlar şəxs vəfat edərkən onun pensiya kapitalının taleyinin necə olacağı əsas müzakirə olunan məsələlərdən biridir. Vəfat edən şəxslərin topladığı pensiya kapitalından onların vərəsələrinin istifadə etməsi təklif olunur.
Qarabaginfo.az-ın xəbərinə görə, Deputat Əli Məsimli bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, vəfat edən şəxsin pensiya kapitalı ilə bağlı müxtəlif ölkələrin təcrübələri var. O qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, pensiya hüququ olan şəxs vəfat edirsə, onun pensiyası pensiya hüququ olan və ya əlilliyə görə pensiya almaq hüququ olan ailə üzvünə verilə bilər:
"Pensiya kapitalının hamısının şəxsin ailə üzvlərin tərəfindən götürülməsi məsələsi isə Azərbaycan qanunvericiliyində yoxdur. Ona görə də müvafiq tədbirlər görmək və qanunvericilikdə dəyişikliklər edilməlidir. Belə ki, vəfat etmiş şəxsin pensiya kapitalının hamısının həmin şəxsin ailə üzvlərinə verilməsi sahəsində mürəkkəbləşdirilmiş vəziyyətə aydınlıq gətirilməsinə və bu məsələnin optimal bir varaintda həll edilməsinə ehtiyac var".
Milli Məclisin üzvü Vüqar Bayramov vaxtından əvvəl dünyasını dəyişən vətəndaşların yığdığı kapitalın bir hissəsinin vərəsələrə transfer edilməsi məsələsini təklif etdiyini bildirib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, kapitaldan həmin şəxsin 18, əgər təhsil alırsa 23 yaşına qədər övladları, pensiya yaşında olan valideynləri, yoldaşı istifadə edə bilər:
"Belə olmadıqda isə həmin pensiya kapitalından istifadə olunmur. Ona görə də təklif edirik ki, həmin vətəndaşların topladığı kapitalın bir hissəsi onun vərəsələrinin hesabına transfer edilsin, onlar bu vəsaitdən istifadə etmək imkanına malik olsun".