Saytımızı qiymətləndirin


 
 

Bakı polisi əməliyyat keçirib, saxlanılanlar var
Tarix: 12-02-2022 | Saat: 14:32
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Bakı polisi əməliyyat keçirib, saxlanılanlar var

Paytaxtın Nəsimi, Səbail, Binəqədi rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nəticədə narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 4 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan Vəli Rüstəmov və Ağasəf Bəhmənov saxlanılıblar. Bu şəxslərdən 1 kiloqramdan artıq heroin, metamfetamin, tiryək və narkotiklərin satışında istifadə etdikləri elektron tərəzi aşkar olunub.

Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Anar Babayev tutulub. Onun üzərinə və Səbail rayonu ərazisində yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 260 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Salyan rayon sakini Emin Quliyev tutulub. Onun üzərindən və Binəqədi qəsəbəsində yaşadığı evdən 1 kiloqram 70 qram heroin və narkotiklərin satışında bilavasitə istifadə etdiyi elektron tərəzi aşkar olunub.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olublar. Onlar xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri qəbul ediblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

287 dəfə oxunub.

Digər xəbərlər