Saytımızı qiymətləndirin


 
 

Ölkəmiz regionda sülh, təhlükəsizlik və mehriban qonşuluğun tərəfdarıdır - Anar Məmmədov
Tarix: 09-02-2022 | Saat: 13:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ölkəmiz regionda sülh, təhlükəsizlik və mehriban qonşuluğun tərəfdarıdır – Anar Məmmədov

“Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.  Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş Azərbaycanın haqlı mövqelərinin postmüharibə dövründə də dəstəkləndiyinin göstəricisi idi.”

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, bu görüş bütün mənalarda Azərbaycan üçün uğurlu oldu. Azərbaycan bir daha yeni reallıqlar fonunda öz milli maraq və mənafelərini qətiyyətlə təmin etdiyini nümayiş etdirdi: “Emmanuel Makron bu görüşdə Fransanın Avropa İttifaqına sədrliyi qismində iştirak edirdi. Bu da bir daha təsdiq edirdi ki, 30 ilə yaxın bir dövrdə öz vəzifəsini yerinə yetirə bilməyən və ya yerinə yetirmək istəməyən Minsk qrupu artıq proseslərdən kənardadır. Bununla da bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxarıldığının şahidi olduq. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələrin keçirilməsi, bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsinin aparılması bütün proseslərin Azərbaycanın maraqlarına uyğun cərəyan etməsi ölkəmizin bütün vacib məqamlarla bağlı mövqelərinin ifadə edilməsinə nail olmasının bariz nümunəsi oldu.”

Deputat bildirib ki, cənab İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də prosesləri ardıcıllıqla, siyasi, tarixi, geosiyasi və təhlükəsizlik kontekstində aydın izah etdi: “Görüşdə Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi

sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq toxundu. Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə, 3890 Azərbaycan vətəndaşının itkin düşməsi faktını, o cümlədən Vətən müharibəsinin başa çatmasından sonra mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşının həlak olduğunu, 165 nəfərin isə yaralandığını diqqətə çatdırdı.”

Milli Məclisin deputatı onu da qeyd edib ki, ölkə başçısı münaqişə bitdikdən sonra dəfələrlə açıq bəyan edib ki, Azərbaycan səhifəni çevirməyə hazırdır: “Yəni ölkəmiz regionda sülh, təhlükəsizlik və mehriban qonşuluğun tərəfdarıdır. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə start verilməsi, eyni zamanda regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması üçün atılan addımlar Azərbaycanın davamlı sülhdə maraqlı olmasından xəbər verir.”

A.Məmmədov vurğulayıb ki, bütövlükdə videoformatda keçirilən görüş Azərbaycanın haqlı mövqelərini təsdiq etdi: “Avropa İttifaqı tərəfindən dəstəkləndiyini göstərdi, regionda təhlükəsizliyin və sülhün təmin olunması üçün birgə səylər göstərmək iradəsini növbəti dəfə ortaya qoydu. Ermənistana və onun Qərbdəki havadarlarına isə müsbət proseslərə mane ola bilməyəcəkləri mesajı ötürüldü.”



Xəbəri paylaş

404 dəfə oxunub.

Digər xəbərlər