Tarix: 09-02-2022 | Saat: 07:55
Bölmə:Karusel / Müsahibə | çapa göndər
"Mən canımla əlləşirəm. Nə kiməsə hədə-qorxu gələcək, nə kimisə cəzalandırmaqla qürur duyacaq haldayam. Kimlərsə mənim bu xəstə halımdan istifadə edib mənfi obrazımı yaratmağa çalışır. Bəzən bunun üçün jurnalist məsləkinə yaraşmayan addımlara da əl atılır”.
Bakı Metropoliteninin sabiq rəisi (1998–2014) Tağı Əhmədov Ovqat.com-a açıqlamasında belə deyib.
T.Əhmədovun sözlərinə görə, ötən gün bir dostu adından zəng edən jurnalistlərdən biri onu təxribata çəkməyi bacarıb: “Mənə özünü yaxın dostum kimi təqdim etdi. Açığı, səhhətimdə yaranan problemlərlə əlaqədar səsi səsdən ayırmaq qabiliyyətimi itirmişəm. Halbuki, əvvəlki vaxtlarım olsaydı, bunun bir kələk olduğunu dərhal anlayardım. İndiki durumum isə buna uyğun deyil. Mən də telefonun arxasındakı şəxsin həqiqətən dostum olduğunu düşünüb bəzi həqiqətə uyğun olmayan fikirlər səsləndirdim.
Sözsüz ki, dostlar arasında bu cür zarafatlar, ciddi olmayan və bir az da baməzə “qürrələnmələr” olur. Mənim dostanə söhbət zamanı baməzəlik xətrinə dediyim fikirlər isə daha sonra media orqanlarına verdiyim müsahibə kimi dərc edilib. Halbuki, mən bütün həyatım boyu jurnalistlərlə mehriban münasibət qurmağa çalışsam da, harasa müsahibə verməkdən qaçmışam. Yaşlı, xəstə, hətta hərəkət qabiliyyətini ciddi ölçüdə itirən, bəzən dostluq çevrəsində qeyri-iradi fikirlər səsləndirən səmimi bir insanla bu cür rəftar heç bir nəzakət qaydalarına sığmır.
Azərbaycan xalqı yaşlıya, xəstəyə həmişə diqqətlə yanaşan, onu gözdən salan davranışlardan qaçan toplumdur. Biz bir müsəlman əhali olaraq xəstə insanların eyiblərinə göz yummuşuq və bu nəcib xüsusiyyətimizi nəsillərdən nəsillərə ötürmüşük, ötürməliyik. Mən yaşlılarla bu cür kobud zarafat edən gənclərə xatırlatmaq istərdim ki, zaman göz qırpımı sürəti ilə axıb gedir. Bugünkü gənclər də hiss etmədən qocalacaqlar. İndi yaşlı insanlara necə davranırlarsa, sabah də eyni münasibətlə üz-üzə qalacaqlar. Ən çox sevdiyim şairlərdən olan Hüseyn Cavidin demişkən:
“Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə;
Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!
Sevinmə başqasının hali-pürsəfalətinə,
Toqunma qəlbinə bikəslərin, zavallıların.
Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir gün
Qızar, həmən gücənib intiqam alır səndən.
Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün!
Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!..””
O ki qaldı kimisə döyməsinə və ya sələmə pul verməsinə, Tağı Əhmədov belə bir şey olmadığını vurğuladı: “Məni az-çox tanıyan hər kəsə bəllidir ki, cismən nə qədər zəhmli görünsəm də, qəlbən bir o qədər mərhəmətli olmuşam. Darda olana kömək etməyi özümün ən vacib borcum hesab etmişəm. Amma verdiyim borca görə sələm toplamamışam. Bəzən bu əliaçıqlığım zərərimə də işləyib. Gizlətmirəm, bir sıra hallarda ərk etdiyim insanlarla sərt danışdığım olub.
Amma heç kəs mənim bu ərkanə münasibətimdən inciməyib. Çünki qəlbən onun xeyrinə danışdığımı, pis yoldan yayındırmağa çalışdığımı bilib. Bir ağsaqqal kimi sərt ritorikamı da bu səbəbdən qəbul ediblər. Amma mən heç vaxt kimisə təhqir etməmişəm, döyməmişəm. Üstəlik, indiki halımda buna qüdrətim də çatmaz. Azərbaycan elə yerdir ki, burda hüquq işləyir və mənim kiminləsə bir problemim olarsa, bunu hüquqi yolla həll edərəm. Baxmayaraq ki, həyatım boyu kiminsə həbsxanaya düşməsinə razı olmadığımdan məcbur qalmadıqca buna da getməmişəm. Bir çox hallarda öz əleyhimə iddialarımdan geri çəkilmişəm. Mən ümumiyyətlə konflikti sevməyən adamam. Xüsusilə indiki ahıl çağımda bu mənə qətiyyən yaraşmaz”.(Yenisabah)
Digər xəbərlər