Tarix: 08-02-2022 | Saat: 21:03
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıqovun 1993-cü ilin qışında Ağcabədi rayonun ərazisindəki Çeyildağ yüksəkliyinin tutulması, bununla da Ağdam-Füzulu avtomobil yoluna nəzarətin ələ keçirilməsi əməliyyatı zamanı döyüş planını düşmənə ötürüb. Nəticədə Azərbaycan ordusunun hücuma keçən bölmələri sovet ordusunun “oqnevoş meşok” adlanan tələsinə salınıb. Nəticədə azı 82 hərbçi şəhid olub, ələ keçirilən yüksəklik isə düşmən tərəfindən geri alınıb.
Qarabaginfo.az xəbər verir ki, bu sensassion epizod barədə Respublika Hərbi Prokurorluğunun Xüsusilə Mühüm İşlər üzrə keçmiş böyük müstəntiqi, sonralar Tərtər Hərbi Məhkəməsinin sədri işləmiş, hazırda vəkillik fəaliyyəti ilə məşğul olan Kamal Əliyev “Qafqazinfo”ya bildirib, o vaxt həmin xəyanət əməlinə görə qaldırılmış cinayət işinə dair arayışı təqdim edib.
Kamal Əliyev
Azərbaycan ordusunun həmin əməliyyatı strateji əhəmiyyət daşıyan və Ağdərə-Ağdam-Xocavənd-Füzuli-Horadiz marşrutu boyu uzanan avtomobil yoluna nəzarətin ələ keçirilməsi, beləliklə də düşmənin qüvvələrinin iki hissəyə parçalanması və onların arasında logistik əlaqənin kəsilməsi üçün hazırlanmışdı. Əməliyyat planına əsasən Çeyildağ yüksəkliyinə hücum 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə başlamalıydı. Lakin K.Əliyevin təqdim etdiyi arayışa əsasən Nəcməddin Sadıqov hücumun 1 gün təxirə salınmasını tapşırıb və bütün əməliyyat planını düşmənə ötürüb.
Çeyildağ əməliyyatına dair arayış
İnternet mənbələrində bu hücum barədə təfərrüatlar yer alır. Bu əməliyyat 161 saylı alayın Ağdamın Mərzili kəndindən başlayaraq Xocavənd ərazisindəki “Böyük oxlu” yüksəkliyinə qədər uzanan 25-30 kilometrlik müdafiə zonasında həyata keçirilib. Müdafiə zonasının sağ cinahinda 708 saylı briqada, sol cinahında isə 704 saylı briqadanın müdafiə əraziləri yerləşirdi. 708-ci briqadaya o vaxt polkovnik-leytenant rütbəsində olan, sonradan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlmiş general-leytenant Talıb Məmmədov komandirlik edirdi.
Çeyildağa hücum planı 1993-cü il dekabrın sonlarında 161-ci alayın qərargahında komandirlərə təqdim edilib. Plana əsasən alayın 1-ci batalyonu (komandir İlyas Hüseynov) işğal olunmuş Muğanlı və Kuropatkin kəndləri istiqamətində zərbə endirmək və düşmənin diqqətini əsas zərbə (Çeyildağ) istiqamətindən yayındırmaqla, onun döyüş vasitələrini öz üzərlərinə çəkməli idi. 3-cü batalyonun qarşısında (komandir Gülağa Məmmədov) Çeyildağ yüksəkliyinin sol cinahının önündə yerləşən düşmən mövqelərini ələ keçirmək vəzifəsi qoyulmuşdu. Alayın 2-ci və 4-cü batalyonları öz mövqelərində qalmaqla müdafiəni təşkil etməli idi. Zenit-raket artilleriya diviziyonunun (komandir Baxşeyiş Ələsgərov) və tank əleyhinə batareyanın şəxsi heyəti isə ( komandir Yaşar Məmmədzadə) Çeyildağ yüksəkliyinə qalxaraq orada möhkəmlənməli idi. Həmin vaxt yüksəklikdə düşmən mövqeləri olmayıb, düşmən Çeyildağdan bir neçə kilometr irəlidə mövqe tutub.
Yanvarın əvvəlində başlayan əməliyyat zamanı alayın sağ və sol cinahlarında yerləşən 708 və 704 saylı briqadalar düşmənin diqqətini yayındırmaqla döyüşə dəstək verməli idilər. Eyni zamanda hücum əməliyyatı həyata keçirilən vaxt döyüşən qüvvələrə 708 saylı briqada tank dəstəyi verməli idi.
Hücum ilk saatlarda uğurlu alınıb və bölmələrimiz Çeyildağı tutub, ətrafdakı düşmən mövqeləri ələ keçirilib, Ağdam-Füzuli yoluna nəzarət təmin olunub. Lakin çox keçmədən düşmən ətraf yüksəkliklərdən şiddətli artilleriya zərbələri endirib, ardınca çoxsaylı tank və digər döyüş texnikası ilə əks-hücuma keçib. Çeyildağa hücum etmiş bölmələrimiz mühasirəyə alınıb, yaxud “rus tələsinə” salınıb. Döyüşçülərimiz düşmənə sona qədər müqavimət göstəriblər, onu ağır itkiyə məruz qoyublar. Amma 80-dən çox şəhid verərək geri çəkiliblər, hücum uğursuzluğa düçar olub. Bu döyüşdə göstərdiyi şücaətə görə Azərbaycan prezidentinin fərmanı ilə bir nəfərə-Etibar İsmayılova Milli Qəhrəman adı verilib.
Uğursuz hücum əməliyyatına görə cinayət işi qaldırılıb və işin aparılması Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyevə həvalə olunub. O zaman baş hərbi prokuror vəzifəsini Nizami Təhməzov tuturdu.
Keçmiş müstəntiq sirləri açır: tanış adlar-Nəcməddin Sadıqov, Elbrus Orucov, Aleksandr Vasyak...
K.Əliyev bildirir ki, əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıqov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Vasyak Aleksandr Petroviç (bu adlar da Azərbaycan xalqına, onun yaxın tarixinə az-çox bələd olanlara yaxşı tanışdır, - red.) və digərləri raportlar yazıb müvafiq izahatlar tərtib ediblər. Raportda göstərilmişdi ki, hərbi hissənin komandiri polkovnik-leytenant Talıb Məmmədov şəxsi heyət və texnikanın əməliyyatdakı iştirakını qəsdən təmin etməyib. Kamal Əliyev həmin materiallar əsasında Talıb Məmmədov barəsində həbs qərarı çıxarıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.
Lakin istintaq zamanı Nəcməddin Sadıqovun yazdığı raportun yalan olduğu üzə çıxıb. Müstəntiq 1994-cü ildə Nəcməddin Sadıqov, Elbrus Orucov, Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma ittihamını irəli sürüb:
“İstintaq nəticəsində qəti şəkildə müəyyən olundu ki, əməliyyatın məğlubiyyətə uğramasının səbəbləri Nəcməddin Sadıqov tərəfindən əməliyyatın bir gün təxirə salınması, nəticədə əməliyyat haqqında düşmənin əvvəlcədən tam və ətraflı məlumatlandırılması olub. İstintaq tam əmin oldu ki, əməliyyat Nəcməddin Sadıqov və digərləri tərəfindən qəsdən düşmən tərəflə birlikdə koordinasiya olunub. 1994-cü ilin fevralında Hərbi prokurorluğun rəhbərliyinə dəfələrlə məruzə olundu. Hərbi prokurorluq cinayət işinin təcili qaydada baxılması və yekunlaşdırılaraq məhkəməyə göndərilməsini tələb edirdi. Hətta həmin vaxt hərbi prokuror Nizami Təhməzovla mübahisə etdim və bildirdim ki, qeyri-qanuni qərar qəbul edə bilmərəm. Ciddi təzyiqlərə baxmayaraq, Talıb Məmmədov barəsində cinayət təqibinə xitam verib onu həbsdən azad etdim. Eyni zamanda, Baş Qərargah rəisi Nəcməddin Sadıqov və digərləri haqqında şübhəli şəxs qismində tutma protokolları tərtib edib, onların müttəhim kimi cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul etdim”, – deyə Kamal Əliyev bildirib.
Amma müstəntiqin bu qərarı Baş Prokurorluq və Hərbi Prokurorluqda narazılıq yaradıb. Kamal Əliyev Nəcməddin Sadıqova qarşı qərəzli mövqe tutmaqda günahlandırılıb: “Bu hadisədən sonra işdən azad olundum. Vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək həbs edildim. Baş Prokurorluğun binasında prokurorluq orqanlarının vəzifəli şəxsləri ilə yanaşı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirildi və gecə saat 11-dən səhər 9:30-a qədər izahatım alındı. Ali Məhkəmə Talıb Məmmədova bəraət verdi. Mənim barəmdəki işdən azad olunma və həbs qətimkan tədbiri isə ləğv edildi”.
Müstəntiq Nəcməddin Sadıqovun həbsinə nail ola bilməsə də, həmin hadisələrdən sonra Sadıqov Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat idarələrinin və Xüsusi Təyinatlı Qüvvələrin işinə müdaxilədən, həmin strukturlardan informasiya alma imkanlarından məhrum edilib. (Hər halda keçmiş müstəntiq belə iddia edir, - red.)
Qeyd edək ki, Kamal Əliyev özü Tərtər hərbi məhkəməsinin hakimi olarkən Azərbaycan ordusunun vətənə xəyanət şübhəsi ilə tutulan, Çaylı kəndinin ərazisindəki köhnə hərbi hissədə və daha sonra Mingəçevirdəki köhnə hərbi hissədə amansız, qeyri-insani işgəncələrə məruz qoyulan çoxsaylı əsgər və zabitlər barədə həbs qərarları verdiyi bildirilir. Lakin onun özü bu günlərdə yerli KİV-lərə bildirmişdi ki, 2017-ci ilin iyulunda Tərtər hərbi məhkəməsindən çıxıb və “Tərtər işi”inə heç bir aidiyyatı yoxdur.
Xatırladaq ki, “Tərtər işi” adlanan hadisələr 2017-ci il mayın əvvəllərindən başlamışdı.(virtualaz.org)
Digər xəbərlər