Saytımızı qiymətləndirin


 
 

"Batka" Putinin gizli planını açdı: O, rəsmi Bakının Kreml üçün əlçatmaz olmasından məyusdur
Tarix: 07-02-2022 | Saat: 20:32
Bölmə:Karusel / Yazar | çapa göndər

Rusiya NATO üzvü Türkiyənin hərbi müttəfiqi olan və Avropa Birliyi ilə də strateji tərəfdaşlıq anlaşması imzalamağa hazırlaşan Azərbaycana təsir mexanizmlərini tamamilə itirmək üzrədir; Kreml hətta Belarus prezidentinin haqqında danışdığı "yeni model SSRİ"-ni qurmaq planlarında israrlı olsa belə, Azərbaycanı bu ssenaridə iştiraka məcbur etmək şansını əldən buraxıb...

Keçmiş SSRİ-nin bərpası ətrafında müzakirələr hələ də davam edir. Postsovet məkanında bu dövlətin dağılması ilə barışmayan siyasi dairələr mövcuddur. Və həmin siyasi dairələr keçmiş SSRİ-nin bərpa ehtimalının gündəmdən çıxmasına imkan vermirlər.

Təbii ki, keçmiş SSRİ-nın bərpa edilməsi ilə bağlı iddialara ən çox Rusiyada həssas yanaşırlar. Üstəlik, bu iddia Rusiyanın siyasi elitasında xüsusi populyarlığa malik mövzular sırasında yer alır. Rusiyada hesab edirlər ki, postsovet məkanı Kremlin təsir dairəsinə aid coğrafi ərazidir. Və bu məkanda yerləşən ölkələr Rusiyanın beynəlxalq rəqibləri ilə strateji tərəfdaşlıq münasibətləri qurmaqdan çəkinməlidirlər.

0f16f6a8-6cd7-44d5-b440-82f27645109d.jpg (80 KB)

Ancaq postsovet məkanında mövcud olan situasiya hazırda Rusiyanın maraqlarına qətiyyən cavab vermir. İndi keçmiş SSRİ-nin yenidən bərpa edilməsi o qədər də asan başa gələ biləcək proses təsiri bağışlamır. Yəni, hazırda bu məkanda bütün geopolitik şərtlər yalnız Rusiyanın siyasi iradəsinə bağlı deyil.

Məsələ ondadır ki, Baltikyanı ölkələr Rusiya üçün demək olar ki, əlçatmazdır. Çünki bu regiona aid ölkələr - Litva, Latviya və Estoniya Qərbə inteqrasiya etməyə imkan tapıblar. Bu ölkələr həm Avropa Birliyi, həm də NATO-da təmsil olunmaqla, Rusiyadan qorumaq baxımından, özlərinə "təhlükəsizlik çətiri" yarada biliblər.

Belə vəziyyətdə Kreml Baltikyanı bölgəni Rusiyanın təsir dairəsinə qaytarmaq üçün həmin regionu yenidən işğal etməlidir. Üstəlik, bu halda, yalnız Baltikyanı ölkələrlə deyil, həm də həmin dövlətlərin üzv olduğu NATO ilə də müharibə aparmalıdır.

Kreml yaxın gələcəkdə belə bir radikal addımlara yəqin ki, cəsarət göstərməz. Çünki, Rusiya onsuz da indi NATO-ya üzv olmasa da, bu hərbi-siyasi alyans tərəfindən ciddi şəkildə dəstəklənən Ukrayna ilə qarşıdurma ucbatından ağır problemlər yaşayır. Və belə vəziyyətdə Kreml Rusiyaya qarşı ikinci cəbhənin açılmasına bəhanə verməyə həvəs göstərməz.

ukrayna_rusya_savasinin_baslamsi_an_meselesi_1642669925_7948 (1).jpg (101 KB)

Belə anlaşılır ki, hazırda Rusiya tərəfindən ərazilərinin bir qismi ilhaq olunmuş Ukrayna da Baltikyanı region kimi, Kremlin keçmiş SSRİ-ni bərpa etmək planlarından kənardır. Bu sıraya Gürcüstanı da əlavə etmək olar. Çünki,  Kreml Gürcüstan ərazisində separatizmi dəstəkləməklə, bu ölkənin  Abxaziya və Cənubi Osetiya bölgələrində beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, hərbi kontingent yerləşdirməklə, özündən uzaqlaşdırıb. Gürcüstanın da Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək planlarında yer alması yalnız işğal faktoru ilə bağlı ola bilər. Gürcüstanın işğalı da Rusiyanın beynəlxalq problemlərini artıra biləcək yolverilməz addım olardı. Və sıraya Rusiya ilə eyni problemləri yaşayan Moldovanı da əlavə etmək mümkündür.

Bu, o deməkdir ki, keçmiş SSRİ-nın bərpa planı işə salınmadan öncə belə, Rusiya artıq postsovet məkanına aid olan 6 dövləti tamamilə itirmiş durumdadır. Geriyə qalan dövlətlərin Rusiyanın "yeni model SSRİ" planında yer alıb-almayacağı barədə də hazırda təsəvvürlər kifayət qədər qarışıq xarakter daşıyır. Və bu təsəvvürləri son vaxtlar Kremlin qeyri-rəsmi mətbuat xidmətinin rəhbəri funksiyalarını könüllü şəkildə icra edən Belarus prezidenti Aleksandr lukaşenko aydınlaşdırmağa çalışıb.

"Batka" Rusiya ətrafında yaradılması planlaşdırılan yeni dövlət modelinin iştirakçıları sırasında ilk olaraq, Belarusun adını çəkib. Onun fikrincə, bu modelə qatılmağa məcbur olan növbəti dövlət kimi, Ermənistanı nişan verib: "Ermənistanın gedəcəyi başqa yer yoxdur. Bu ölkə heç kimə lazım deyil. Buna ermənilərin özləri də şahid oldular".

Təbii ki, Belarus prezidentinin dedikləri Ermənistan üçün aşağılayıcı məzmun daşıyır, ancaq həm də inkaredilməz reallığı ifadə edir. "Batka" əmindir ki, Ermənistan ilə yanaşı, Qazaxıstan da "yeni model SSRİ"-də təmsil olunmağa məhkumdur. Onun fikrincə, bir müddət öncə baş verən hadisələr Qazaxıstana yetərli səviyyədə dərs olub. Nəhayət, "Batka" Türkmənistan, Özbəkistan və Tacikistanın da Rusiyanın quracağı yeni idarəçilik sisteminin tərkibinə qatılmağa məhkum olduğunu vurğulayıb.

3570504.jpg (52 KB)

Ancaq mövzu Azərbaycanın üzərinə gəldikdə, Belarus prezidenti öz məyusluğunu gizlətməkdə çətinlik çəkib. O, etiraf edib ki, Azərbaycan Rusiyanın bu yeni idarəçilik sistemindən kənarda qalacaq: "Azərbaycan bu sistemdən kənardadır. Çünki, biz də çox ciddi səhvlərə yol vermişik. Bu, ayrıca söhbətin mövzusudur. Türkiyə Azərbaycanı çox ciddi və güclü şəkildə dəstəkləyir. Üstəlik, Türkiyə ərazisindən neft və təbii qaz dəhlizləri keçir".

Əlbəttə, "Batka"nın təəssüf hissi ilə Azərbaycan haqqında danışmasından yalnız məmnun olmaq olar. Hər halda, bu, rəsmi Bakının Azərbaycanı Rusiyanın təsir dairəsindən yayındırmaq üzrə olduğunu göstərir. Və burada rəsmi Bakının doğru addımları ilə Belarus prezidentinin etiraf etdiyi səhvlər də böyük əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, "Batka" Azərbaycana münasibətdə buraxılan səhvlərdən danışarkən, onlara aydınlıq gətirməkdən yayınıb. Ona görə də, bu səhvlər barədə etirafları iki istiqamət üzrə izah etmək olar. Birinci istiqamət üzrə düşünmək olar ki, rəsmi Bakı ilə yaxın münasibətləri olan Belarus prezidenti Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prosesində ədalətli mövqe tutulmamasına eyham vurur. Yəni, əgər, Rusiya və digər postsovet ölkələri Ermənistanın işğalçılıq siyasətinə kəskin reaksiya vermiş olsaydı, Azərbaycanın daha fərqli siyasi kurs tuta bilərdi.

Ancaq "Batka" üçün Kremlin strateji hədəfləri daha prioritet olduğundan və qeyri-sabit mövqeyi ilə diqqəti çəkən Belarus prezidenti Azərbaycana öz ərazi bütövlüyünü bərpa edərkən, ciddi əngəlin törədilməməsini də səhv addım kimi dəyərləndirmiş ola bilər. Hər halda, Azərbaycanın əraziləri işğal altında olarkən, Rusiya rəsmi Bakıya daha çox təsir göstərmək imkanına malik idi. İndi isə rəsmi Bakı Rusiyadan elə bir ciddi asılılığı olmadığından, Türkiyənin də həlledici dəstəyi ilə Azərbaycanın prioritetlərini ön plana çıxartmaq şansına sahibdir.

8d2549ce-6455-4a24-b958-358cf63f8ae3.jpg (206 KB)

Məsələ ondadır ki, NATO ölkəsi olan Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb. Türkiyə ilə strateji müttəfiqlik Azərbaycan üçün "beynəlxalq təhlükəsizlik çətiri" statusu daşıyır. Və həm güclü ordusu, həm də Türkiyə kimi nüfuzlu müttəfiqi olan Azərbaycan bundan sonra Rusiyanın təsir dairəsindən kənarda yer alır.

Digər tərəfdən, hazırda Azərbaycan Avropa məkanı üçün də xüsusi əhəmiyyətə malik dövlətə çevrilməkdədir. Azərbaycan Avropa məkanına təbii qaz nəqli üzrə yeni enerji resursları qaynağı statusu qazanmaqdadır. Və rəsmi Bakı tezliklə Avropa Birliyi ilə strateji tərəfdaşlıq barədə müqavilə imzalamaq niyyətindədir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Rusiyanın perspektiv hədəfləri baxımdan, əlçatmaz dövlətə çevrilməyə başlayıb. Kreml hətta Belarus prezidentinin haqqında danışdığı "yeni model SSRİ" qurmaq planlarını reallaşdırmaqda israrlı olsa belə, Azərbaycanı bu ssenaridə iştiraka məcbur edə bilməz. Və Azərbaycan bundan sonra birmənalı şəkildə rəsmi Bakının yeni siyasi kursuna uyğun şəkildə inkişaf etmək şansına sahibdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat



Xəbəri paylaş

1361 dəfə oxunub.

Digər xəbərlər