Tarix: 03-01-2018 | Saat: 13:24
Bölmə:Karusel / Dünya | çapa göndər
Azərbaycanın füsunkar guşəsi olan Qarabağ hələ də, düşmən tapdağı altındadır.
İşğal altında olan şəhər və kəndlərimiz, eyni zamanda tarixi abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Ən əsası isə bu bölgələr ekoloji təcavüzə məruz qalıb.
"Qarabaginfo" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "modern.az"a verilən verilən açıqlamada bildirilib ki, Ermənistanın həyata keçirdiyi işğalçı siyasət Azərbaycanın təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurur.
“1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub. İşğal olunmuş ərazilərdə qalmış ümumilikdə 261 min hektar meşə, o cümlədən 13 min 197 hektar qiymətli meşə sahələri, 215 ədəd təbiət abidəsi, 5 ədəd geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri talan olunaraq əksəriyyəti məhv edilib.
İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, Ayıfındığı, Araz palıdı, Yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, Pirkal, Şümşəd, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazilərdə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.
Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin 27 növü qorunurdu ki, bunların da xeyli hissəsi artıq məhv edilib”-deyə bildirilib.
Nazirlik qeyd edib ki, böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 min 388,6 hektarı- Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilir.
Həmçinin işğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır.
Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb.
Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır.
Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su mənbələri çirkləndirilir, dağıdılır və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb.
Nazirliyin məlumatına görə, işğal olunmuş ərazilərdəki 17 ədəd hidroloji məntəqədə hidrometeoroloji müşahidələr dayandırılıb və hidrometeoroloji müşahidə bazası sıradan çıxarılıb. Ermənilərin işğal altında saxladığı torpaqlarda ümumi həcmi 631 milyon m3 olan 10 su anbarı, o cümlədən Tərtər çayı üzərində inşa edilmiş, su tutumu 560 milyon m3 olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir. Uzun müddətdir ki, texniki qurğulara xidmət göstərilmədiyindən, qəza vəziyyətində olan Sərsəng su anbarından aşağıda, dağətəyi və aran hissədə yerləşən yaşayış məntəqələrində yaşayan 400 min əhali təhlükə altındadır. Su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə buraxılır və nəticədə yaşayış məntəqələri, kənd təsərrüffatı sahələri və kommunikasiya xətləri qışda su altında qalır. İsti yay mövsümündə isə illik su normasının 10-15%-i buraxılır ki, bu da kəskin su qıtlığı, əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar quruyaraq məhv olur. Qeyd olunan faktları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 (2016) nömrəli qətnamə qəbul edilib. Qətnamədə vacib humanitar problem nəzərə alınaraq, Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edilib.
Azərbaycan Respublikasına aid və işğal altında saxlanılan torpaqlardakı bütün növdən olan təbii sərvətlər talan edilərək ərazidən çıxarılır. Burada 163 faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları, 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü,16 yeraltı şirin su və 11 mineral su yatağı yerləşir ki, bu sərvətlər vaxtilə ölkənin iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edib və illərdir ki, ermənilər tərəfindən talan edilir.
Qeyd olunan yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 205,3 ton qızıl, 251,1 ton gümüş, 1 788,2 ton civə, 37,3 min ton qurğuşun, 191,6 milyon m3 mişar daşı, 7,3 milyon ton gəc, 61,4 milyon m3 üzlük daşı, 18,9 milyon m3 gil, 46,7 milyon m3 tikinti daşı, 193,1 milyon m3 qum-çınqıl, 18,0 milyon m3 perlit, pemza-vulkan külü, 129,8 milyon ton soda istehsalı üçün əhəngdaşı, 282,3 milyon ton sement xammalı, 434,4 min m3/gün yeraltı şirin su və 7 805 m3/gün mineral su və digər növ faydalı qazıntı ehtiyatları aşkar edilib.
Təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri erməni işğalçıları tərəfindən düşünülmüş şəkildə od vurularaq yandırılır. Ermənilər tərəfindən mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlar məhv edilib, ətraf mühitə və canlı təbiətə əhəmiyyətli dərəcədə ziyan vurulub.
“Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən aparılmış ilkin qiymətləndirməyə görə biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, ətraf mühitin, o cümlədən su mənbələrinin çirkləndirilməsi ilə bağlı, eyni zamanda faydalı qazıntı yataqlarının talanı nəticəsində təbiətə dəymiş ziyan işğal dövrü ərzində 244,4 milyard ABŞ dolları həcmindədir”- deyə nazirlikdən bildirilib.
Digər xəbərlər