Tarix: 07-02-2022 | Saat: 17:32
Bölmə:Karusel / Dünya | çapa göndər
Estoniyada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Estoniya parlamentinin spikeri Yuri Ratasla görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb.
Yuri Ratas bildirib ki, Azərbaycan və Estoniya arasında mükəmməl dost münasibətləri var: “Bizim İT və təhsil sahəsində uzunmüddətli əməkdaşlıq ənənələrimiz var, lakin onlar daha əsaslı və daha yaxın ola bilər”.
Sahibə Qafarova və Ratas parlamentlərarası əlaqələrin gücləndirilməsinin, təcrübə mübadiləsinin, eləcə də təhsil sahəsində universitetlər arasında əməkdaşlıqla yanaşı, iqtisadi və ekoloji sahələrdə əlaqələrin və rəqəmsal əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Müzakirələrdə enerji təhlükəsizliyinin təmin edilməsi üçün Avropa İttifaqı səviyyəsində əlaqələrin inkişafına da diqqət çəkilib.
Milli Məclisin sədri xatırladıb ki, iki ölkə müstəqilliyini bərpa etdikdən sonra Estoniya və Azərbaycan arasında münasibətlər əla səviyyədə olub və bu ilin aprelində Estoniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunacaq.
İclasda iştirak edən Estoniya-Azərbaycan Parlament Dostluq Qrupunun sədr müavini Mixail Korb Estoniyada iki minə yaxın azərbaycanlının olduğunu və onların iki ölkə arasında mədəni mübadilələrdə fəal iştirak etdiyini diqqətə çatdırıb.
Digər xəbərlər