Saytımızı qiymətləndirin


 
 

Gənc ixtiraçıların ABŞ-da özünü göstərməsi zamanı yetişib
Tarix: 06-04-2019 | Saat: 15:58
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Leyla Tağızadə: “Layihələrin yalnız elmi konsepsiyası yox, həm də verəcəyi iqtisadi səmərə qiymətləndirilir”


 

Şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması, onların elmi tədqiqatçılığa stimullaşdırılmasında ölkəmizdə artıq ənənəyə çevrilmiş “Sabahın alimləri” müsabiqəsinin böyük əhəmiyyəti var. Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Sabahın alimləri” müsabiqəsinin miqyası ildən-ilə genişlənməkdədir. Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə uyğun olaraq ölkəmizi ABŞ-ın Arizona ştatındakı Finiks şəhərində mayın 12-17-si tarixlərində keçiriləcək Intel ISEF -  Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edəcək qaliblər artıq məlumdur.  Final mərhələsi yaxınlaşdıqca dünyanın 70-dən artıq ölkəsinin təmsil olunacağı elm yarışına diqqət hər gün artmaqdadır.

 

 

Azərbaycanın gənc ixtiraçıları ABŞ-da qalib gələ biləcəkmi? Müsabiqənin qaliblərindən olan “Rainergy” və “PictoFy” layihələrinin mentoru Leyla Tağızadə ilə söhbətimizdə “Sabahın alimləri” və şagirdlərimiz üçün maraqlı olacaq məsələlərə aydınlıq gətirməyə çalışdıq.

 

 

- Bütün dünyada şagirdlərin elmi tədqiqatlara axını var. Bunu nə ilə izah edirsiniz?

 

- Son zamanlar texnologiyalar və innovasiyalarla zəngin dünyada böyük 4-cü sənaye inqilabı baş verir. Bu, o deməkdir ki, texnologiyalar bütün sahələrə nüfuz edir. Özünə qarşı tələbkar olan bir şəxs kimi mən də həmişə innovasiyalardan xəbərdar olmağa çalışmışam. İnnovasiyalardan öz sahəmdə istifadə etməkdən əlavə, qarşıma belə bir məqsəd də qoydum ki, nədən bu innovasiyaları biz özümüz yaratmayaq? Beləliklə, mən 4 il əvvəl startap aləminə qatıldım. Sosial İnnovasiya Laboratoriyasının həmtəsisçisi oldum. Biz iki il ərzində 1400-ə yaxın məzun sahibkar hazırladıq.  Məzunlar 100-ə yaxın startap yaradıblar ki, onlardan 16-sı 9 beynəlxalq proqramda iştirak edib. Hazırda onların arasında İngiltərədə öz biznesini quranlar var. Bizim proqramın məzunları ötən il kreativ biznes layihəsində 1-ci yerin sahibi olub, Danimarkada Qlobal finalda iştirak üçün vəsiqə qazanıblar. Azərbaycana səs salmış  “Rainergy” layihəsində Reyhan və Zəhranın mentoru mən olmuşam. Bizim məzunlar arasında İngiltərədə fəaliyyət göstərən bir startapımız var, akselerasiya proqramına layiq görülüb, vulkan tozu əsasında katalizator hazırlayır. Startapçılarımız çoxdur, onların arasında ABŞ-da fəaliyyət göstərən “Uvba”-nı göstərmək olar.

 

- “Sabahın alimləri” müsabiqəsinin builki nəticələrini necə qiymətləndirirsiniz?

 

- Çox yüksək. “Sabahın alimləri” müsabiqəsində müşahidə etdiyim ən mühüm tendensiyalardan biri odur ki, layihəyə müraciət edən şagirdlərin, eləcə də layihələrin sayı ildən-ilə artmaqdadır. Təqdim olunan  layihələrin keyfiyyətində də kifayət qədər  müsbət dəyişikliklər var. Mən ikinci ildir ki, “Sabahın alimləri” müsabiqəsində elmi rəhbər kimi iştirak edirəm. Ötən il bizim komandamız tibb layihəsi ilə təmsil olundu. Layihəmiz beyinlə idarə oluna bilən interfeyslə bağlı idi. Bu, nədir?  Düşünmə vasitəsilə əşyaları hərəkətə gətirmək, məsələn, işığı yandırıb-söndürmək, kompüteri idarə etmək  mümkündür. Düşüncənin köməyi ilə işləyən interfeysin prototipini  uşaqlar ötən il “Sabahın alimləri” müsabiqəsində nümayiş etdirdilər. Bu, böyük rezonansa səbəb oldu. Nəticədə IX sinifdə oxuyan şagirdlərimiz Ayan Abdulova və Nəsibə Məmmədova tibb üzrə 1-ci yeri tutdular. Builki müsabiqədə bizim 3 layihəmiz qalib oldu. Biri kimya sahəsinə aid “TermoNorth” layihəsi idi. Bu, parafin əsaslı yeni nəsil antifrizdir. Avtomobil mühərrikini aşağı temperaturlarda donmaqdan qoruyur, neft əsaslı məhsuldur. İkinci layihəmiz “PictoFy” layihəsidir. Bu layihə böyük idman tədbirlərində peşəkar fotoqrafların çəkdiyi sevdiyiniz idmançı və ya komandanın şəkillərinin ani olaraq mobil telefonunuza göndərilməsidir. Onlar kompüter  mühəndisliyi üzrə  II yerə layiq görüldülər. Eyni zamanda mənim mentor olduğum “Rainergy” layihəsi də I yeri tutdu. 

 

 

“ABŞ-a gedən layihələr üzərində mütləq işlənilməlidir”

 

 

- Qalib layihələr ABŞ-da uğur qazana biləcəkmi?

 

- “Sabahın alimləri” müsabiqəsində ölkəmizi ABŞ-da təmsil edəcək layihələr artıq bəllidir. Onların arasında “Rainergy” də var. “Rainergy” layihəsi üzərində işləri davam etdirmək lazımdır ki, Amerikada özünü, ölkəmizi layiqincə təmsil edə bilsin.  Yəni, komanda işi qurulmalıdır, hazırda komandada 2 nəfər var. Orada ixtisaslı mühəndislərin olması mütləqdir. Eyni zamanda, çox güclü biznes-plan hazırlanmalıdır. Çünki ABŞ-da təqdim olunan layihələrin yalnız elmi konsepsiyası yox, həm də verəcəyi iqtisadi səmərə qiymətləndirilir. Yəni bu layihə sabah iqtisadi cəhətdən nə dərəcədə səmərəli olacaq. Əgər təqdim olunan layihənin biznes planı, iqtisadi səmərəliliyini sübut edən hesablamalar yoxdursa, onun ABŞ-da yer tutması çox çətindir. Bu baxımdan, ABŞ-a gedən layihələr üzərində mütləq işlənilməlidir. Müsabiqədə işirak edən bir elmi rəhbər kimi tövsiyə edə bilərəm ki,  seçilən layihələr üzərində işlər ciddi şəkildə davam etdirilsin. Bu müsabiqə layihələrə məşhurluq gətirir, ancaq bu ajiotajın arxasında real bir işin olub-olmadığını sübut edə biləcək elmi araşdırmalar və möhkəm elmi konsepsiya olmalıdır ki, siz tədqiqat işinizi ABŞ-da layiqincə təqdim edə biləsiniz. Çünki bu layihələr ancaq burada tanınır, xaricdə onları heç kim tanımır. Mövzunu doğrultmaq üçün elmi əsaslandırılmış konsepsiyanın olması vacibdir. 

 

- Elmi konsepsiyanın hazırlanmasında alimlərimizin rolunu necə qiymətləndirirsiniz?

 

Bizim kifayət qədər güclü akademik bazamız, universitetlərimizdə güclü professorlarımız, elmi rəhbərlər var. Şagirdlərimiz onlarla işləsələr, kifayətdir. Uşaqlardan tələb olunan odur ki, layihələrinə ciddi yanaşsınlar.  Təəssüflə deməliyəm ki,  bəziləri sadəcə olaraq xarici görmək naminə gedirlər, müsabiqədə yer tutub-tutmamaq onlar üçün o qədər vacib olmur. Ancaq əgər gedirlərsə, uğurlu iş ortaya qoymalıdırlar. Azərbaycanda artıq 8-ci dəfədir ki, “Sabahın alimləri” müsabiqəsi keçirilir.

 

ABŞ-da final mərhələsində isə ölkəmiz bu vaxta qədər yer tuta bilməyib. Yalnız ayrı-ayrı  mövzular üzrə mükafatlar almışıq.  Məncə, artıq zaman yetişib.  Azərbaycanın ABŞ-da özünü göstərməsi zamanı yetişib. Bu baxımdan, Amerikaya gedən komandalara izah etmək lazımdır ki, oraya ölkəmizi layiqli şəkildə təmsil etmək naminə gedirsiniz və layihələr üzərində ciddi surətdə işləmək lazımdır.

 

- ABŞ-da qaliblərin seçim mühiti necədir?

 

- Olduqca çətindir. Siz təsəvvür edin, Amerikaya dünyanın 70-dən artıq ölkəsindən komandalar gedir. Hər bir ölkə müsabiqəyə özünün ən yaxşılarının yaxşısını seçib göndərir  və onlarla rəqabət aparmaq çox çətindir. Layihələr ancaq öz ölkələrində tanınır,  ABŞ-da onları heç kim tanımır, münsiflər üçün hamı eynidir. Komandalar üçün birinci növbədə təqdimat etmək qabiliyyəti olmalıdır, bu, birinci şərtdir.  İkincisi,  suallara arxayın, tam hazırlıqla cavab verməlidirlər. Üçüncüsü, layihənin elmi konsepti tam işlənmiş, əsaslandırılmış olmalıdır.  Elmi əsaslandırma kifayət qədər yüksək olmalıdır ki, münsiflər tərəfindən yüksək qiymət alsın. Dördüncüsü, layihələr iqtisadi səmərəlilik cəhətdən qiymətləndirilir, əgər layihə iqtisadi cəhətdən uğurlu deyilsə, yer tutması böyük sual altındadır. Bütün layihələr bu 4 istiqamət üzrə qiymətləndirilir və ümumi məcmuda layihəyə yer verilir.

 

- Fərqli ölkələrdən fərqli mövzular. Şagirdlər Intel ISEF-ə ən çox hansı mövzularda layihə təqdim edirlər?

 

- Təbii ki, hər bir ölkə üçün xarakterik təqdiqat sahələri var. Məsələn, ABŞ hazırda süni intellekt, əşyaların interneti ilə məşhurdur. Bu sahədə tədqiqatlar müsabiqədə birinci dərəcəli əhəmiyyət qazanır. Süni intellekt mövzusu isə hazırda sıçrayışlı istiqamətlərdən biridir. Layihənizdə süni intellektlə bağlı tədqiqatlara yer vermisinizsə, müsabiqədə sizə böyük  üstünlük  qazandıracaq. Ancaq hər bir ölkənin öz ənənəvi tədqiqat sahələri var. Məsələn, Azərbaycan ənənəvi olaraq  kimya, neft, kənd təsərrüfatı sahələrində tədqiqatları ilə tanınan bir ölkədir. Bu sahələrdə bizim əldə etdiyimiz nəticələr Amerikanın əldə etdiyi nəticələrdən qat-qat yüksəkdir. Eləcə də neft sənayesində yeni maddələrin sintezində, kimya mühəndisliyi və kənd təsərrüfatı sahələrində. Mən həmişə startaplara məsləhət görürəm ki, hər dəfə xaricə gedəndə ölkəmizin ənənəvi sahələrinə dair tədqiqatları ilə getsinlər. Bu mövzularda layihələrinin olması onlara daha çox şans qazandıra bilər. Təbii ki, Amerikanın süni intellekt və kibernetika üzrə layihələri bizimkilərdən üstün olacaq. Çünki bu sahələr ənənəvi olaraq bizdə inkişaf etməyib. Yəni bunu qəbul etmək lazımdır ki, biz kompüter mühəndisliyi sahəsində kifayət qədər geridəyik. Onların bu sahədə mühəndisləri bizimkilərdən üstündür.  Bizdə kifayət qəfər istedad var, ancaq iş istedadlı insanlarla qurtarmır, gərək universitetlərdə aparılan son tədqiqatlarda öndə olmağa çalışaq. Bu mənada bizim ənənəvi sahələrdə özümüzü göstərməkdə şansımız çoxdur. 

 

 

“Yeni bacarıq və peşələrə yiyələnmək lazımdır”

 

 

- “Sabahın alimləri” həm də bizim fokuslanmalı olduğumuz tədqiqat sahələrini  üzə çıxardı. Süni intellektdən bəhs etdiniz. Süni intellektin insanı əvəz etməsi barədə proqnozlara münasibətiniz?

 

- Hazırda süni intellektin insanları əvəz etməsinə dair qorxunc proqnozlar verirlər.  Yəni insanlar işsiz qalacaq, qlobal işsizlik baş verəcək. Əslində, mən buna o qədər də mənfi münasibət bəsləmirəm. Baxın, XX əsrin əvvəllərində avtomobillərin ixtira olunduğu dövrə qayıdaq. Avtomobil nəyi əvəz etdi: atı. Ata qulluq edən bir işçi qüvvəsi də vardı. Faytonları sürən insanlar da vardı. Əgər ata qulluq edən insanların iş yerlərini  itirməsi baxımından avtomobili rədd etsəydilər, onda indiki inkişaf da ola bilməzdi. Mən belə deyərdim: gələcəkdə 2 cür iş olacaq: biri süni intellektə əmr edən, ikincisi isə süni intellektin əmrini yerinə yetirən insanlar. Bu baxımdan köhnə işlər məhvə məhkumdur, ancaq insanlardan tələb olunacaq ki, zamanın tələbinə uyğun olaraq yeni biliklər, yeni imkanlar, vərdişlər qazansınlar, süni intellekt əsrinin peşələrinə yiyələnsinlər. Transformasiya baş verəcək. Köhnə iş yerləri sıradan çıxacaq, yeniləri yaranacaq. Süni intellektin həyatımıza daxil olması ilə yeni peşələr, yeni iş yerləri formalaşacaq. Süni intellekt əsrində rəqabətə davam gətirmək üçün  sadəcə olaraq yeni bacarıq və peşələrə yiyələnmək lazımdır.

 

- “Sabahın alimləri” kimi müsabiqələr şagirdlərimizin tədqiqatçılığa marağını üzə çıxardı. Şagirdlərin nələrisə kəşf etmək həvəsini necə dəyərləndirirsiniz? 

 

Uşaqlarda anadangəlmə maraq hissi çox güclüdür. Bu marağı biz valideynlər, təəssüflər olsun ki, bəzən dəf edirik. Hər bir valideynin borcudur ki, uşaqlarında anadangəlmə marağı hiss etsin, onu elmə yönləndirsin.

 

Uşaqların çoxunda bu maraq nədən başlayır? Məsələn, adi bir oyuncağı və ya maşını sındırıb onun içinə baxmaq istəyirlər. Ancaq valideynlər “niyə sındırdın” deyə uşağı danlayırlar. Bu, anadangəlmə, daxildən gələn maraqdır ki, uşaq hər hansı əşyanı sındırmaqla onun necə çalışmasını öyrənmək, onu tədqiq etmək istəyir. Valideynlər anlamasalar da, bu,  artıq erkən tədqiqatçılıqdır. Sındırıb, çox gözəl. Valideyn uşaqla birlikdə oturub maşının daxilən necə işləməsini ona başa salmalıdır. Uşaqda olan öyrənmək marağını inkişaf etdirmək, dəstəkləmək lazımdır. Hər bir uşağın müəyyən sahələrə marağı olur.  İstedadsız uşaq, ümumiyyətlə, yoxdur.  Hər bir uşağın öz  istedadı var. Sadəcə olaraq, valideynlər bu istedadı üzə çıxara və inkişaf etdirə bilmirlər. Və yaxud da bu marağı boğurlar. Sonda isə özləri belə istəmədikləri nəticələri alırlar. Uşaqlar artıq körpə yaşlarından bir sıra texnoloji qurğularla, telefonlarla ünsiyyətdədirlər. Bu, texnologiyalardan kor-korənə istifadə deyil, məhz texnologiyaları onlara öyrədərək, kəşf edə-edə bu marağı onlara aşılamaq lazımdır ki, uşaqlar texnologiyaların istifadəçiləri yox, yaradıcıları olsun.

 

 

“Valideynlə ünsiyyəti heç bir mobil qurğu əvəz edə bilməz”

 

 

- Uşaqlar üçün texnoloji qurğulardan istifadənin bəlli bir norması varmı?

 

- Əlbəttə ki, texnologiyalardan bəlli normada istifadə olunmalıdır. Xüsusən də uşaq yaşlarından mobil telefonlardan asılılıq yaranır. Xəstəliklərin Ümumdünya Təsnifatının 11-ci buraxılışında artıq telefonlardan asılılıq xəstəlik pozuntusu kimi qəbul edilib. Yəni, mobil telefon, digər elektron qurğular və qadjetlərdən asılılıq artıq  davranış pozuntusu kimi xəstəliklər sırasına daxil edilib. Təəssüflər olsun ki, onun müalicəsini heç kim fikirləşə bilməyib, çünki yeni fenomendir. Onun qabağını dərmanla yox, uşaqlarınızla daha çox ünsiyyətdə olmaqla özünüz ala bilərsiniz. Onlar  da telefona bir o qədər qaçmazlar. Burada yenə də valideynlərin səhvi var. Uşaqlar ağlamasın deyə, əllərinə telefon veririk. Böyüyəndən sonra isə artıq uşaq bizimlə deyil, telefonla ünsiyyət qurmaq istəyir.  Virtual aləmdə olan həmyaşıdları ilə ünsiyyətə alışır və özünə qapanır. Uşaqlarla daha çox özümüz ünsiyyətdə olmalıyıq. Yəni valideynlə ünsiyyəti heç bir mobil qurğu  əvəz edə bilməz. Əgər bu məqamlara diqqət edilsə, onlarda telefonlardan asılılıq yaranmaz. Mobil telefonlar əvəzinə  uşaqları idmana, məsələn, futbola, velosiped sürməyə alışdırmaq lazımdır.  Belə olarsa, uşaqlarda texnologiyalardan ifrat asılılıq olmaz.

 

- İndiki şagird, indiki müəllim. Onların münasibəti barədə nə deyə bilərsiniz?

 

- İndiki şəraiti nəzərə alsaq, müəllim və şagirdlər, əlbəttə ki,  birmənalı olaraq dəyişiblər. Dəyişməyə də bilməzlər, çünki mühit, zaman dəyişib, informasiyanın ani sürətlə yayıldığı dövrdə yaşayırıq. İnformasiyanın bir məkandan digərinə yayılması üçün əvvəllər günlər tələb olunurdusa, indi 2 saniyə bəs edir. İndi şagirdlər müəllimə qarşı daha tələbkar, bir az da təkəbbürlü olublar. Şagirdlər onlara qarşı hörmətsizlik edən müəllimlərə qarşı dözmək istəmirlər. Ona görə də indiki müəllim şagirdinə  özündən aşağı bir insan kimi yox, bərabər səviyyəli bir insan kimi hörmət bəsləməlidir. İndiki şagirdlərin tələbləri 20-30 il bundan əvvəlki şagirdlərinkindən qat-qat üstündür. Onlar özlərinə qarşı daha çox hörmət, diqqət, müəllimdən daha çox bilik tələb edirlər.

 

- Təhsilin həyatımızda rolunu necə qiymətləndirirsiniz?

 

- Əlbəttə ki, uğurlarımız təhsil və müəllimlərimizdən başlayır.  İnsanı insan, şəxsiyyət edən onun müəllimləridir. Çox xoşbəxtəm ki, Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü  Gimnaziyanın məzunuyam. Bizim direktorumuz Nizami müəllim olub. Çox güclü müəllimlərdən dərs almışam. Onlar həqiqətən də elmin sirlərini, bilikləri beynimizə yeridiblər. Hər bir insanın uğurunda müəllimin 50 faiz payı var.  İnsanlar uğur qazananda, təəssüflər olsun ki, müəllimlər arxa planda qalır. Hesab edirəm ki, hər bir insan uğurlarına görə müəlliminə borcludur. Dünyagörüşümüzün formalaşmasında, şəxsiyyət kimi yetişməyimizdə müəllimin əvəzedilməz rolu var. Biz özümüz də böyüyüb gələcək nəslin müəlliminə çevrilə bilərik. Mən də çalışıram ki, gənclərə bu yöndə öz töhfələrimi verim. Bu, şöhrət qazanmaq deyil, yalnız  insanlara kömək etmək məqsədi daşıyır. Dərs deməkdən əvvəl motivasiya da böyük əhəmiyyət daşıyır. Yəni müəllim şagirdinə təkcə bilik yox, həm də motivasiya verirsə, bunun ikiqat effekti olur.  Müəllim öz sözlərinə, dediyi hər sözün məsuliyyətinə fikir verməlidir. Çünki məktəb yaşlarından insanlar çox həssas olurlar. Hətta deyilən hər bir söz ömürboyu insan psixologiyasında iz qoya, hətta özünə inamsızlığın yaranmasına səbəb ola bilər. Buna görə də bilikdən əlavə, müəllimin motivasiyaedici rolunun da əhəmiyyəti var.

 

Azərbaycan müəllimi.



Xəbəri paylaş

805 dəfə oxunub.

Digər xəbərlər