Tarix: 03-02-2022 | Saat: 18:56
Bölmə:Karusel / Region | çapa göndər
“Azərbaycan-Türkiyə əlaqələrinin siyasi alış-veriş, spekulyasiya vasitəsi olmadığını hər kəs bilməlidir. Bu mənada CHP-dən olan millət vəkilinin bəyanatı bizim münasibətlərimizə təsir edə bilməz”.
Qarabgainfo.az xəbər verir ki bunu Report-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Qeyd edək ki, CHP-dən millət vəkili Aykut Ərdoğdu parlamentdə Azərbaycan və Türkiyə arasındakı enerji sahəsində əlaqələri qarışıq və qaranlıq əlaqələr kimi təqdim edib. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda millət vəkilindən üzrxahlıq tələb edib. Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətləri iki dövlətin milli maraqlarına əsaslanan qardaşlıq münasibətləridir. Məhz bu münasibətlər nəticəsində iki ölkə arasındakı strateji tərəfdaşlıq daha da möhkəmlənib, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə ucalıb, qardaşlıq bağları heç bir zaman olmadığı qədər güclənib.
İ.Vəlizadənin fikrincə, CHP bu bəyanatla cəmiyyətin diqqətini çəkməyə çalışır:
“Açıqlamanı ciddi qəbul etmək lazım deyil. Azərbaycanla Türkiyə arasında kifayət qədər ikitərəfli sənəd imzalanıb. Xüsusilə Şuşa Bəyannaməsi ilə əlaqələrimiz daha da gücləndi. Həmçinin parlamentlərarası münasibətlər də yüksək səviyyədədir, şəffafdır. Belə olan halda hansı qaranlıq əlaqələrdən söhbət gedə bilər?! Bu cür cəfəng, əsassız fikirlər düşmən dəyirmanına su tökməkdir. Eyni zamanda bu bəyanat daxili siyasi proseslərə də hesablana bilər".
Politoloq, həmçinin bildirib ki, CHP-yə “komandanın” xaricdən verilməsi də istisna deyil:
“Adı çəkilən partiya bir çox məsələlərdə fərqlənməyə, belə demək mümkünsə, orijinal olmağa çalışır. Bu, Suriya ilə bağlı hadisələrdə də özünü göstərmişdi. CHP-nin Fransa və Avropa İttifaqının bəzi dairələri ilə əlaqələri var. Təsadüfi deyil ki, sözügedən partiya bəzi hallarda milli maraqlara zidd açıqlamalar verir. Yəni CHP-nin hansısa siyasi məqsəd güdməsi, reytinq qazanmaq istəməsi mümkündür. Buna baxmayaraq, onların səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur”.
Politoloq, siyasi elmlər namizədi Zaur Məmmədov isə hesab edir ki, CHP-nin bəyanatı daha çox daxili-siyasi mübarizə ilə bağlıdır:
“İki qardaş ölkə arasında münasibətlərə kölgə salmamaq üçün millət vəkilləri çıxışlarında diqqətli olmalıdırlar. Əlbəttə, bu fikirlər əlaqələrimizə təsir edə bilməz. Çünki söylənilənlər Türkiyə cəmiyyətində də ciddi qəbul olunmur. Ümumiyyətlə, parlamentarinin dediklərinə daha çox fərdi mövqe kimi yanaşmaq lazımdır. Yəni bu, bütövlükdə partiyanın da münasibəti deyil. Türkiyədə Azərbaycanla münasibətlərin inkişafını istəməyən, erməni və kürdlərlə bağlı olan şəxslər var. Onlar ara-sıra oxşar çıxışlar edirlər. Amma kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda və Türkiyədə bu gün də, sabah da qardaşlıq əlaqələri davam edəcək. Biz Şuşa Bəyannaməsi ilə yeni bir mərhələyə qədəm qoymuşuq. Həmin sənəd əlaqələrimizdə yeni perspektivlər vəd edir”.
Digər xəbərlər