Saytımızı qiymətləndirin


 
 

“Şuşa şəhərciyi”ndə istiliyi kəsilən binalarla bağlı - Rəsmi açıqlama
Tarix: 02-02-2022 | Saat: 17:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Şuşa şəhərciyi”ndə istiliyi kəsilən binalarla bağlı

 

Sabunçu rayonu, Ramana qəsəbəsi "Şuşa şəhərciyi"ndə binalara verilən istilik dünəndən dayandırılıb. 

Bu şikayətlə “Qafqazinfo”ya həmin binaların sakinləri müraciət ediblər. Onların sözlərinə görə, istiliyin kəsilməsi mərkəzi qazanxana sisteminə qoşulan binalardan ödənişin tam toplanmaması ilə əlaqədardır.

Şikayətçilər bildirirlər ki, buna baxmayaraq sakinlər arasında işlətdiyi istiliyə görə ödəniş edənlər də var: “250-dən çox ailənin yaşadığı şəhərcikdə 4 binada qazanxanalar bağlanılıb. Biz işlətdiyimiz istiliyin pulunu ödəsək də, soyuqda qalmışıq. İstilik bütün binalarda dayandırılıb, baxan yoxdur ki, kim pulu ödəyib, kim yox...”

Problemlə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciət etdik. Qurumun Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyevin “Qafqazinfo”ya bildirdiyinə görə, həmin istiliyi kəsilən binalarda bütün mənzillərin istiliyə görə borcu olub. Amma artıq problem aradan qaldırılıb: “Ramana qəsəbəsində məcburi köçkün şəhərciyində 6 binadan 3-nün istilik təchizatına borclarını ödəmədiklərinə görə qanunvericiliyə uyğun xəbərdarlıq edililərək məhdudiyyət tətbiq edilmişdi. Həmin bu 3 binadakı bütün mənzillərin istifadə olunmuş istilik enerjisinə görə borcu var. 6 binanın ümümilkdə 128 000 manata yaxın borcu var. Artıq binaların istilik təchizatı bərpa olunub. Sakinlər tərəfindən istilik haqları tam ödənilmədiyi halda həmin binaların istilik təchizatına yenidən məhdudiyyət tətbiq ediləcəyi barədə sakinlərə xəbərdarlıq edilib”.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər