Saytımızı qiymətləndirin


 
 

“ABŞ səfirinin, eləcə də digərlərinin Azərbaycana məsləhət vermək səlahiyyəti yoxdur...” - Sərt sözlər
Tarix: 01-02-2022 | Saat: 22:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

“ABŞ səfirinin, eləcə də digərlərinin Azərbaycana məsləhət vermək səlahiyyəti yoxdur...” - Sərt sözlər

Xəbər verdiyimiz kimi, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Ermənistan baş nazirinin müavini Ambartsum Matevosyanla görüşündə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin yekun və hərtərəfli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu və missiyasını təsdiqləyib. Səfir 44 günlük savaşın bitməsindən keçən 1 il 3 aya yaxın müddətdə artıq “en”inci  dəfə bildirib ki, "Dağlıq Qarabağın statusu" məsələsi həll olunmayıb və bu proses ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində həyata keçirilməlidir”.

Bəs görəsən, ABŞ-Rusiya münasibətlərinin xüsusən Ukrayna məsələsi ilə bağlı gərginləşdiyi bir vaxtda Ağ Evin qəsbkar Ermənistandakı rəsmi təmsilçisi bu fikirləri, sadəcə, Ermənistanın “könlünü almaq” üçün söyləyir, yoxsa rəsmi Vaşinqtonun Qarabağ məsələsi ilə bağlı hansısa konkret planları var?..

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı sualları cavablandıran keçmiş xarici İşlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:

 “Zənnimcə, hazırda ABŞ rəhbərliyi üçün Ermənistan-Azərbaycan münaqişəsi ilkin mövqelərdə olan məsələ deyil. Hətta heç ikinci onluqda da deyil. Yəni bu baxımdan hesab edirəm ki, xanım Lin Treysi, sadəcə, Ermənistan ictimaiyyəti arasında hansısa nüfuza malik olmaq üçün mütəmadi olaraq belə fikirlər səsləndirir. Amma, sözsüz ki, ABŞ səfirinin söylədikləri reallıqdan uzaq fikirlərdir. Çünki Prezident İlham Əliyevin də öz çıxışlarında vurğuladığı kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri arasında birlik belə, olmadığı halda onlar gündəmdə olan hansısa məsələnin  həllindən necə danışa bilərlər? Azərbaycan artıq 44 günlük müzəffər savaşımız nəticəsində Qarabağ məsələsini həll edib. Və kiminsə Azərbaycan Respublikasının ərazisi barəsində bu və ya digər fikirləri səsləndirmək üçün əsasları olmalıdır. Eləcə də hər hansı bir dövlətin və ya siyasi şəxsin dövlətimizə məsləhət  verməsi üçün ilk növbədə Azərbaycanın öz istəyi olmalıdır. Bu mənada istər ABŞ səfiri, istərsə də digər ölkələrin səfirləri Azərbaycana məsləhət vermək səlahiyyətinə malik deyillər. Odur ki, bir daha vurğulayıram: bu, əsassız və mənasız bir bəyanatdır”.

“Belə çıxır ki, ABŞ dövləti hazırda Güney Qaqfqazda mövqelərinin möhkəmlənməsində maraqlı deyil?” sualına da Tofiq Zülfüqarov konkret cavab verib.

“Ümumiyyətlə,  son vaxtlar ABŞ regionda o  qədər də fəal deyil. Qərb ölkələri arasında ilk növbədə siyasi, iqtisadi sahədə Böyük Britaniyanın fəallığını görürük. Fransa isə qismən aktivlik göstərir. Amma Amerika dövləti, xüsusən ordusu Əfqanıstandan çıxandan sonra bölgədəki fəallığını kəskin azaldıb. Hətta İranın nüvə proqramının qarşının alınması ilə bağlı  məsələnin də Ağ Evin fəal gündəmində olmadığı görünür.   Ermənistan-Azərbaycan münaqişəsi isə, ümumiyyətlə, rəsmi Vaşinqtonun gündəmində yoxdur”- deyə keçmiş baş diplomat vurğulayıb.



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər