Saytımızı qiymətləndirin


 
 

Bakıda vəkil bürosuna hücum edildi - VİDEO
Tarix: 01-02-2022 | Saat: 08:07
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bu barədə büronun müdiri Pənah Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, Vüsalə Əliyeva adlı şəxs dəfələrlə büroya gələrək onu təhdid edib: “Xalq artisti Sabir Əliyevin ölümündən sonra onun oğlu Ülvi Əliyev müraciət edərək vərəsəlik işi ilə bağlı mənimlə müqavilə bağladı. Biz əmlakın müəyyən edilməsi ilə bağlı aidiyyəti qurumlara sorğu göndərdik. Nəticədə 2 ev və 3 maşın müəyyən olundu. Bu əmlakdan müdafiə etdiyim Əliyev Ülvi Sabir oğluna bir ev, iki maşın, digər vərəsə Əliyev Samir Sabir oğluna isə bir ev, bir maşın düşdü. Biz müqaviləni bağladıq və öhdəliyi yerinə yetirdik.

Bundan təxminən 6 ay sonra özünü Ülvi Əliyevin həyat yoldaşı kimi təqdim edən Vüsalə Əliyeva adlı qadın bir neçə dəfə büroya gələrək onun ərinin əmlakını mənimsədiyimi, etibarnamə üzrə götürüb başqa adama verdiyimi iddia etdi. Bununla bağlı o, notariusa müraciət etdi və belə bir hal olmadığı məlum oldu. Amma həmin xanım məni saxtakarlıqda ittiham etməyə davam etdi. Mən ona izah etdim ki, əgər belə bir şübhəsi varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər”.

P.Məmmədov bildirib ki, həmin şəxs ona pul verdiyini iddia edir: “Təsəvvür edin ki, bu xanımla heç bir müqavilə bağlamadığım halda, iddia edir ki, guya mən ondan pul almışam. Gah deyir, 3700 manat verib mənə, gah deyir, 4000 manat. İndi guya o pulu məndən almaq istəyir. Saxta sənədləri də götürüb büroya gəlir. Bu xanım hər dəfə yanında iki-üç nəfər kişi ilə gələrək burada çalışan şəxsləri təhqir edir, məni ölümlə hədələyir”.

Vəkilin sözlərinə görə, bu gün səhər saatlarında V.Əliyeva yenidən büroya hücum edərək onu təhqir edib: “Hadisə səhər təxminən saat 10-11 radələrində baş verdi. Vüsalə xanım bir oğlanla gəlmişdi. Onları qəbul etdim, təxminən 10-15 dəqiqə söhbət etdik. Daha sonra onlar məni hədələməyə və təhqir etməyə başladılar. Mən onlardan büronu tərk etmələrini istədikdə isə həmin qadın masanın üzərindəki əşyaları vurub dağıtdı. Bu zaman onun yanındakı oğlan baş verənləri telefonla çəkirdi. Bütün bunlar büronun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Xanım stolun üzərindəki əşyaları vurub dağıtdı, mənə oğru dedi. Onlar özləri də bu görüntüləri çəkərək sosial şəbəkədə paylaşıblar”.

P.Məmmədov Vüsalə Əliyevanın bütün bunları digər vərəsə Samir Əliyevə çatan əmlakın əlindən alınması üçün etdiyini deyib: “Samir Əliyev mərhum Xalq artistinin övladlığa götürdüyü oğludur. Bu xanım deyir ki, Samir doğma oğlu deyil, ona heç bir şey düşmür. Bütün əmlak mənim ərimə – Ülvi Əliyevə çatmalıdır. Amma təbii ki, qanunvericiliyə əsasən, bu, belə deyil. Samir Əliyev də qanuni vərəsədir və ona da pay düşür”.

Vəkil bildirib ki, artıq hadisə ilə bağlı 18-ci Polis Bölməsinə rəsmi qaydada müraciət edib.(konkret.az)

 



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər