Tarix: 31-01-2022 | Saat: 16:25
Bölmə:Karusel / Region | çapa göndər
“Məncə, biz yavaş-yavaş Qarabağda yaşayan ermənilərə başa salmalıyıq ki, əgər siz Azərbaycanı tanıyıb, Azərbaycanın bayrağını və ərazi bütövlüyünü qəbul edəsiniz, sizinlə canla-başla birgə yaşayıb işləyəcəyik, hər şey də yaxşı olacaq. Bu gün ancaq belə danışıqlar ola bilər və olmalıdır da”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın apardığı siyasəti bəyəndiyini də etiraf edib:
“Fikrimcə, Nikol Paşinyan hələ ki, yaxşı addımlar atır və bu siyasəti xoşuma gəlir. O separatçılardır, Arayikdir, filandır, üstəlik havadarlarıdır, bilmirəm hamısının fikri nəyə gedib, nə istəyirlər... Amma Paşinyanın bir neçə çıxışını oxumuşam, deyir ki, Türkiyə ilə Azərbaycan desin ki, erməni millətinə qarşı soyqırımı etməyəcəyik, onları öldürməyəcəyik, onları bu bölgədən qovmayacağıq, belə olan halda hər şeyi oturub danışa bilərik. Yəni Paşinyanın öz istəyi var və Paşinyan deyir ki, nə qədər ki, bu erməni millətinin dilində "soyqırımı" sözü qalacaq, erməni milləti geridə qalacaq, heç kəslə dostluq edə bilməyəcək. Deməli, bizim söhbətimiz məhz Nikol Paşinyanın özüylə olmalıdır, əsasən də Xankəndi məsələsində”.
Novella Cəfəroğlu qeyd edib ki, Xankəndi və ətraf ərazilərin sakinləri xaricdəki ermənilərin hesabına yaşayırlar:
“Sabah qazı, işığı, suyu kəssək, Laçın dəhlizini bağlasaq, onlar orada necə yaşayacaq?! Deməli, Ermənistanla bu məsələni danışmalı və onları başa salmalıyıq ki, əgər Qafqazda əmin-amanlığın olmasını, Qafqazda bütün dövlətlərin tamhüquqlu kimi hər kəs tərəfindən tanınmasını istəyiriksə, normal dostluq etməliyik. Çünki müharibə nə onlara lazımdır, nə də bizə.
Bu gün Şuşadan və Hadrutdan qaçan ermənilər Ermənistanda dilənçi vəziyyətində yaşayırlar. Bunlar hamısı başa düşməlidir, nə qədər ki, düşmənçilik, ərazi iddiaları var, elə olan halda daha pis gündə olacaqlar”.(Yenisabah.az)
Digər xəbərlər