Tarix: 25-01-2022 | Saat: 21:50
Bölmə:Karusel / Dünya | çapa göndər
Sankt-Peterburq qubernatoru Aleksandra Beqlov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, görüşdə iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. A. Beqlov xatırladıb ki, bir neçə gündən sonra, yanvarın 27-də Leninqradın faşist blokadasından tam azad edilməsinin 78-ci ildönümü qeyd olunacaq. Qubernator qeyd edib ki, Böyük Vətən müharibəsi zamanı azərbaycanlılar Leninqradın müdafiəsinə qalxıblar.
Aleksandra Beqlov Böyük Vətən Müharibəsi illərində Leninqrad cəbhəsində vuruşmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsini təklif edib. Onun sözlrinə görə, belə bir abidə Sankt-Peterburqun Azərbaycan xalqına minnətdarlığının əlaməti olacaq.
Sankt-Peterburq qubernatoru həmçinin bildirib ki, 2020-ci ilin dekabrında Vıborqski rayonundakı meydana bəstəkar Üzeyir Hacıbəyovun adı verilib. Bundan başqa, qubernator Bakıda ilk kosmonavt Yuri Qaqarinin büstünün qoyulması imkanının nəzərdən keçirilməsi təklifi ilə çıxış edib.
Görüşdə səfir Polad Bülbül oğlu bildirib ki, Azərbaycan tərəfi Sankt-Peterburqla iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində uzunmüddətli sazişin bağlanmasında maraqlıdır.
Anar Ələkbərov isə öz növbəsində vurğulayıb ki, Heydər Əliyev Fondu 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində bir sıra gənclər forumlarının keçirməyi planlaşdırır. O, Sankt-Peterburq gənclərini mart ayında baş tutacaq forumlarda iştirak etməyə dəvət edib.
Digər xəbərlər