Saytımızı qiymətləndirin


 
 

Şuşaya gedən azərbaycanlıları niyə İsa bulağına buraxmırlar? - Açıqlama
Tarix: 24-01-2022 | Saat: 15:25
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Şuşaya gedən azərbaycanlıları niyə İsa bulağına buraxmırlar? - Açıqlama

Şuşa və Ağdam şəhərlərinə yola düşən sərnişinlərin ziyarət edəcəkləri yerlərin siyahısı açıqlanıb.

Qeyd edək ki, Şuşa səhəri üzrə Cıdır düzü, Vaqifin Muzey Məqbərə Kompleksi, Bülbülün Ev Muzeyi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, İcra Hakimiyyətinin inzibati binasının qarşısı, "Güllələnmiş heykəllər", Xan qızı Xurşidbanu Natəvanın Ev Muzeyi, Xan qızı bulağı və Şuşa qalası ziyarət ediləcək məkanlar sırasındadır.

Lakin buna baxmayaraq, səfər ediləcək məkanların siyahısında Azərbaycan xalqı üçün böyük mənəviyyat kəsb edən İsa bulağının adı yoxdur.

Buna səbəb nədir?

İsa bulağına ediləcək səfər tərəflərdən hansı üçün təhlükə yarada bilər?

Gələcəkdə İsa bulağının da adının həmin siyahıya salınması mümkündürmü?

Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, İsa bulağına gedən yoldan həm ermənilər, həm də Azərbaycan hərbçiləri istifadə edirlər:

“Mən İsa bulağına getmişəm və orada sülhməramlılar məni yoxlamayıblar, heç sənəd də istəməyiblər. Sadəcə, orada vəziyyət belədir. İsa bulağına gedən Laçın-Şuşa-Xankəndi yolundan həm biz istifadə edirik, həm də ermənilər həmin o yolda dayan sülhməramlı postlarını keçərək Xankəndinə gedirlər. Hər iki münaqişə tərəfi bu yoldan istifadə etdiyinə görə, orada keçid üçün tərəflərdən birinin yolu bağlanmalıdır. Yəni tutaq ki, ermənilər üçün yol bağlanmalıdır ki, azərbaycanlılar o yoldan istifadə edəndə ermənilərlə kontakta girməsinlər. Eynisi də tərsinə. Bu hələ ki, belə də həyata keçirilir”.

Ekspert onu da qeyd edib ki, İsa bulağına gedib-gəlmək üçün alternativ yolun çəkiləcəyini istisna etmir:

“Amma baxın, biz il yarım qabaq Ağdamın kəndlərinə belə gedə bilmirdik. Bu gün isə Şuşaya gedirik. Biz bu gün deyirik ki, bu səfərlə ən son nöqtəyə getməliyik, yox, bu belə olmur. Çünki bu, bir münaqişədir və ortada Laçın dəhlizi var və mülki əhalinin təhlükəsizliyini burada təmin etmək lazımdır. Bu yoldan bizim hərbçilərimiz gündə neçə dəfə istifadə edirlər və mən də istifadə etmişəm.

Mülki əhalini hazırda oradan, yəni ermənilərin dayandığı həmin o ərazidən keçirdib gətirmək müəyyən bir risk daşıyır. Necə ki, Daşaltı postunda əsgərimizə qumbara atılmışdı, indi də həmin o mülki əhaliyə qumbara atılmayacağına kimsə zəmanət verə bilərmi? Xeyr, verməz. Bizə bu lazımdırmı? Xeyr, çünki biz istəmərək ki, ilk səfərimizdə hansısa xoşagəlməz bir hadisə baş versin. Ona görə də, bu məsələlərdə tələskənlik olmaz. Bunu dövlət də nəzərə alır. Niyə Şuşada hər yerə icazə versin, amma İsa bulağına verməsin? Ortada təhlükəsizlik məsələləri var və bu məsələlər zamanla həllini tapandan sonra insanlarımız istədikləri qədər, istədiyi yerə gedə biləcəklər”.

“Mən düşünmürəm ki, bizim əhali orada ermənilər üçün hansıa təhlükə yaratsın. Bizimkilər avtobusla keçib gedib gələcəklər. Amma ermənilər tərəfindən biz bir dəfə belə bir təxribatın şahidi olmuşuq. Cənab Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, Xankəndinə gedən maşınların 91%-i yoxlanılmır. Belə olan halda biz hansı təminatı verə bilərik ki, yoxlanılmayan erməni təkrar Azərbaycan maşınına və yaxud mülki əhalisinə qarşı təxribat törətməyəcək? Əsgərlərimiz o yoldan davamlı istifadə etmək məcburiyyətindədirlər, çünki İsa bulağı və ətraf ərazilərdə bizim hərbi bölmələrimiz var və orada xidmətlərini yerinə yetirirlər. Amma mülki əhalinin oraya getməsi hələ məcburiyyət deyil. Biz özümüzə əlavə risklər yaratmamalıyıq”, - deyə mütəxəssis vurğulayıb.(Yenisabah)



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər