Tarix: 22-01-2022 | Saat: 20:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ankara şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF), Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ölkələrimizin Dövlət himnləri səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tədbirdə TADƏHF rəhbəri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Elçi Allahverdiyev, TRT İdarə Heyətinin üzvü Oğuzxan Bilgin, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, professor Əmirullah Mehmetov, Balkan Köçmənləri İqtisadi Araşdırma və Sosial Yardım Fondunun (BİSAV) sədri Yüksəl Özkale və Türk Dünyası Parlamentarlar Fondunun sədri Abdullah Çalışqan çıxış ediblər.
Natiqlər sovet hakimiyyətinin son illərində Azərbaycan xalqına qarşı həyata keçirilən qərəzli, qəddar və ermənipərəst siyasətin səbəb və məqsədlərindən, Mixail Qorbaçovun başçılıq etdiyi imperiya rəhbərliyinin xalqımızın milli azadlıq ruhunu boğmaq cəhdindən danışıblar. Qanlı Yanvar faciəsi ilə bağlı acı təəssüratlarını bölüşən tədbir iştirakçıları həmin dönəmdə bu dəhşətli və amansız cinayətin qardaş Türkiyədə dərin narahatlıq yaratdığını xatırladıblar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Qələbənin əhəmiyyətini xüsusi vurğulayan natiqlər bu əlamətdar hadisəni xalqımızın azadlıq və müstəqillik arzularının nəticəsi kimi dəyərləndiriblər.
Sonra sovet qoşun birləşmələrinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayəti ifşa edən fotolent nümayiş olunub.
Tədbir çərçivəsində Şuşa Konfrans Mərkəzində 20 Yanvar faciəsinin dəhşətli anlarını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil edilib. (yenisabah.az)
Digər xəbərlər