Tarix: 21-01-2022 | Saat: 15:37
Bölmə:Karusel / Siyasət | çapa göndər
Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
Təlimə cəlb olunan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat, eləcə də həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Daha sonra təlim iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub. Tədbirin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirib.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı zəfərdən və bu qələbənin tarixi əhəmiyyətindən danışıblar. Keçirilən təlimlərin onların döyüş və mənəvi-psixoloji hazırlığına müsbət təsir edəcəyini bildiriblər.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.
Qeyd edək ki, təlim toplanışı yanvarın 29-dək davam edəcək.
Digər xəbərlər