Saytımızı qiymətləndirin


 
 

Nə yaxşı ki, arzum puç oldu... hekayə
Tarix: 19-02-2018 | Saat: 11:53
Bölmə:Cəmiyyət | çapa göndər

 

Fərhad KƏRİMLİ

     Hər kəsin bir arzusu, xəyalı vardır. Bu arzular, istəklər yaş ötdükcə dəyişir. Məsələn, 4 yaşlı uşağın arzusu yeni velosipeddirsə, 7 yaşında top, 14 yaşında kompüter və s. olur. Yəni zaman keçdikcə daha çox, daha böyük və reallaşması əvvəlkilərinə nisbətən daha çətin, bəzən isə qeyri-mümkün olan şeylər arzu edirik. Mənim isə uşaqlıqdan dəyişməyən bircə arzum var idi: mafiya üzvü olmaq. Hə, hə, mafiya. Filmlərdə gördüyümüz, kitablarda oxuduğumuz mafiya. Biz onların ancaq xaricdə olduğunu eşitmiş, oxumuşduq. Amma inanırdım, bəlkə də özümü inandırırdım ki, bizdə də mafiya var. Uşaq vaxtı kimə bu barədə danışsam, gülürdü mənə. Heç kim ciddi yanaşmırdı. Bəziləri isə hətta mənə lağ edirdilər. Ona görə də axır vaxtlar daha  danışmırdım. Amma mən bir gün mafiyalarla qarşılaşacağıma və onlardan biri olacağıma, olmasam belə, onlarla söhbət edəcəyimə inanırdım. Ağlım mafiyanın olmadığını, ürəyim isə olduğunu və bir gün qarşılaşacağımı deyirdi mənə.

   İndi isə 18 yaşım var, daha inamım qalmayıb, ya da qalmamağını istəyirəm. Çünki böyüdükcə həyatı, baş verənləri və mümkün ola biləcəkləri daha yaxşı anlayıram.

   Amma buna baxmayaraq yenə də hər səhər oyananda “O gün bu gündür” deyə düşünüb arzuma çatacağım ümidi ilə evdən çıxıram.

   Bir gün yenə də gecə evdəkilərin yığıb sellofana doldurduqları zibili də götürüb həmin düşüncə ilə evdən çıxdım. Həftənin birinci günü idi. Bazar günü qonağımız gəlmiş, zibil atmağa da vaxt olmamışdı, ona görə torba bu dəfə həmişəkindən yekə idi. 8-ə 15 dəqiqə qalmışdı. Zibili binanın həyətindəki zibil qutusuna atıb universitetə gedəcəkdim. Amma zibil qabı yerində yox idi. Yəqin ki, işçilər yumağa aparmışdılar. Ağlıma bizim küçəyə paralel küçədəki zibil qutuları gəldi. Orda bir neçə bina olduğu üçün bir deyil,  dörd zibil qutusu var idi.  Dörd qutu daha çox yer tutduğuna görə onları yaşayış binalarının həyətinə yox, binalarla  mebel dükanı arasındakı boş yerə qoymuşdular. Ora qədər piyada getməyi, sonra avtobusla davam etməyi qərara aldım.

   Vaxt itirmədən həyətdən çıxdım. Bu günkü dərsləri düşünə-düşünə 500 metri necə addımlamışdımsa xəbərim də olmamışdı. Səhər olduğundan ətrafda adam az idi. Maşınların səsi, tələsən sürücülərin verdiyi siqnallar avtobusların tormoz verərkən yaratdıqları çığırtıya qarışmışdı. Zibil qutularına çatmışdım.

­­­­­– Ə, bu saat sənin başını partladacam, – deyə qəzəb və hökmlü səs qulaqlarımda əks-səda verdi. Zibil qutularının yanında dayanan 2 nəfər kişidən balacaboyu nisbətən uzunu hədələyirdi. İkisi də orta yaşlı idi. İkisinin də üstü-başı çirkli, cırıq-cırıq idi. Biri ardıcıl düzülmüş zibil qutularından 2-cisinin, digəri isə 3-cüsünün önündə dayanıb qışqır-bağır salmışdılar.

   – Sənə deməmişdim ki, mən olduğum yerə ayaq basma?! – balaca boy kişi hədə-qorxusuna davam etdi. – Söz qanmırsan sən?

– Mən isə sənə əvvəldən demişdim ki, bura mənim “teritoriya”mdır, – uzun boy kişi dilləndi. Arıq olmağına baxmayaraq səsi gur idi. – Sən hansı hünərlə mənim ərazimə soxulursan, ə, əclaf?

   Yerimdə donub qaldım. Bir az qorxmuşdum, bir az da təsirlənmişdim. Onları sakitləşdirməli, yoxsa çıxıb getməli olduğumu düşünürdüm.

– Ə, mənim adım “Tapança” Namiqdir e, mən olduğum yerdə başqası at oynada bilməz! – balaca bo­­­­­y kişi sağ əlinin şəhadət barmağını havada yellədib sonra  qarşısındakının gözlərinin qabağında silkələməyə başladı. – Bir azca səsini azaldıb hədələyirmiş kimi ağır-ağır əlavə elədi: – Səni bir günə qoyaram ki, adın da yadından çıxar, imkan ver işimi görüm.

– Sənə dedim axı buralar mənim “teritoriya”mdır. Harda sülənirsən sülən, buralarda görünmə. Yoxsa... – deyə qaşlarını çatan uzun boylu kişi o birinə tərəf bir addım atdı.

– Yoxsa nə?! – hərəkətlərindən, tez-tez yerində atılıb-düşməyindən uzun boydan daha gümrah olduğu hiss olunan balaca boy kişi də bağırıb, demək olar ki, o birinin lap çənəsinin altına girdi.

– Mənə də “beşbarmaq” Tural deyərlər, – təmkinini pozmayan uca boylu kişi sakit, amma hökmlü səslə cavab verdi. – Sənin başına elə oyun açaram ki, dədənin toyu yadına düşər.

   Həyacandan tərpənə, hətta nəfəs ala bilmirdim. Sanki ayaqlarım yerə yapışmışdı. Başdan-ayağa tərin içində idim. Dilim, boğazım qurumuşdu. Adi dava idi, amma... bəlkə o gün bu gün idi?.. Bəlkə lap uşaqlıqdan arzuladığım an gəlmiş, gözlədiyim məqam yetişmişdi?! Dedektiv kitablarında insanları izləmək üçün dilənçi paltarı geyinən detektivlər, başqa cildə girən killerlər haqqında o qədər oxumuşdum ki, hər dəfə bu cür qiyafədə insan görəndə elə bilirdim ki, arzum gerçəkləşir. Filmlərdə, seriallarda da mafiyaların hər hansı ərazini nəzarətdə saxlamaq üçün dilənçi paltarı geyinib həmin ərazilərdə gəzən adamları olduğunu görmüşdüm. İndi bu kişilər də düşüncələrimdəki mafiyaların adamları idisə? Özü də iki mafiya qrupunun ayrı-ayrı adamları...

   Ürəyim az qalırdı ağzımdan çıxsın. Yanıla bilməzdim. Adları da mafiya adları idi. “Tapança” Namiq, “Beşbarmaq” Tural. Bunların ikisi də mafiyaların istifadə etdiyi silahlardır.

   “Deyəsən o gün bu gündür...” – öz-özümə pıçıldadım. Allaha şükür etdim ki, arzum yerinə yetib. Sevincimi içimdə boğub saxlaya bilmədim. “Ayyhh” – deyə qəribə, amma illərdir içimdə yaşatdığım, böyütdüyüm arzumun reallaşması nəticəsində bütün vücudumu sarmış, amma mənə bəlli olmayan duyğularımı ifadə edən bir səs qopdu  səs tellərimdən. Deyəsən arzum reallaşırdı...

   Mafiya adamlarının ikisi də tez çönüb mənə baxdılar.

   Lənətə gəlsin! Bayaqdan profildən gördüyüm mafiozların üzündəki hiddəti, nifrət və vahiməni görəndə anladım ki, ölümümə az qalıb. Onları dava edərkən görmüş və ən pisi də mafiya olduqlarını başa düşmüşdüm. Onlar da mənim onları gördüyümü görmüşdülər. Mafiya nümayəndəsi olduqlarını anladığımı başa düşmüşdülər. Bundan dəhşətli nə ola bilər ki? Bir filmdə görmüşdüm ki, mafiyanın bir nəfəri öldürdüyünü görən şəxs qorxudan qışqırır. Mafiyanın törətdiyi cinayətin şahidi olduğuna görə həmin adamı da öldürürlər. İndi mən də bu insanların mafiya olduğunun şahidi olmuşdum. Gözlərim qarşısında bir-birini məhv etmək həddinə çatan iki mafioz dayanmış və bir andaca öz aralarındakı mübahisəni unudaraq qəzəbli gözlərini mənə dikmişdilər. Sanki onları ağır bir cinayət başında yaxalamışdım. Elə mən də özümü qəfil cinayət hadisəsinin üstünə çıxan adam kimi hiss edirdim.

   Nə edəcəyimi bilmirdim. Qaçsam arxadan vura bilərdilər. Dayandıqca da qorxudan dizlərim titrəyir, ayıb da olmasın, az qalırdı şalvarımı batırım. Bədənim buz kimi soyumuşdu. Sanki donmuş, yaxud keyimişdim, heç nə hiss etmirdim. Arzum yerinə yetmişdi, amma ölümümə saniyələr qalmışdı. Bəlkə də dəqiqələr, saatlar. Çünki mənə elə gəlirdi ki, mafiya əzab verərək öldürməyi sevir.

   Gözlərimi yumub kəlmeyi-şəhadətimi oxumağa başladım. Oxuduqca səsimin titrədiyini, səsim titrədikcə gözümdən yaş axdığını hiss edirdim. Soyuq yaş gözümdən yanaqlarıma süzüldükcə ümidimi daha da itirirdim. Ümidim itdikcə qorxum çoxalırdı. Qorxum çoxaldıqca alt paltarımı islatmaqdan özümü güclə saxlayırdım. Gözümü açanda kişilərin yenə də eləcə durduqları yerdən mənə tərəf baxdığını gördüm. Amma üzümə yox daha çox qarnıma baxırdılar. Nəzərimi onlardan ayırıb yavaş-yavaş aşağıya baxdım. Necə qorxmuşdumsa, zibil torbasını qucaqlamışdım. Deyəsən zibilə baxırdılar.

   “Səhər-səhər bu nə zibil idi düşdüm!” – deyə düşünərək zibil torbasını yavaş-yavaş özümdən araladım. Torpanı qırağa atıb əllərimi yuxarı qaldırmaq istəyirdim ki, təslim olsam öldürməzlər. Zibil bədənimdən aralananda ikisi də mənə tərəf gəlməyə başladı. Qorxudan zibili özümdən 5-6 metr aralı tullayıb təzədən gözlərimi yumdum. Bu səfər, deyəsən, həqiqətən şalvarım sıradan çıxacaqdı.

   Zibili atdığım yerdə süpürləşmək səsi söyüş səsinə qarışmışdı. Gözlərimi açanda kişilərin mənim atdığım zibil torbasının üstündə dalaşdığını, bir-birini itələyib söyüşdüklərini gördüm. Balaca boy, qırğıgöz kişi qəflətən uzun boyu itələyib mənim zibilimi də götürüb qaçdı. Bizdən xeylaq aralanıb arxaya çöndü və uşaq sevinci ilə:

– Ə, kişiqırığı, sənə deməmişdim ki, mən olduğum yerdə heç bir köpəyoğlu at oynada bilməz?! – dedi. – Ha, ha! Di get öz “teritoriya”nda zibil eşələ! Beşbarmaq Tural! Yox bir, beşqulaq...– əlavə edib yenidən qoydu üstünə.

   O, gözdən itənə qədər uzunboy kişi onun arxasınca baxdı. Sonra öz-özü ilə danışırmış kimi pıçıldadı:

– Get! Bir də buralarda görünsən qurban olasan özünə... baxarsan halına... – sanki onun lağına cavab verirmiş kimi əlavə elədi: – Tapança... tapança ayrı yerindədi e sənin... düdük...

Başını təəssüflə bulaya-bulaya zibil qutularına yaxınlaşıb qutunu eşələməyə başladı.

   ...Arzum yerinə yetməmişdi. Bunlar mafiya yox, adi evsiz-eşiksiz, hər gün zibil qutularını eşələyib dolanışığını, yaşayışını, çörəyini zibildən çıxardan yazıq, bədbəxt insanlar imiş.

   Çox sarsılmışdım... Amma sevinc bütün bədənimi bürümüşdü...

   Saatıma baxdım. 9-a 20 dəqiqə işləyirdi. Dərsin başlamağına 10 dəqiqə qalmışdı. Universitetə isə yarım saatlıq yolum vardı. Gözümün yaşını silib, ağırlaşmış şalvarımı yuxarı dartıb üzümdə təbəssüm, içimdə kədər evə tərəf addımlamağa başladım.

   Nə yaxşı ki, arzum puç olmuşdu...

 



Xəbəri paylaş

1 189 dəfə oxunub.

Digər xəbərlər