“Ermənistanda konstitusiya islahatlarından sonra Azərbaycanla normallaşma istiqamətində addımlar atıla və sülh müqaviləsi imzalana bilər”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, baş nazir Nikol Paşinyan hazırkı konstitusiyanı referendumla dəyişdirməklə ilk növbədə parlament respublikasını ləğv edib, əvvəlki sistemə qayıtmaq və prezidentlik postunu tətbiq etməklə, bütün səlahiyyətləri öz əlində cəmləşdirmək istəyir: “Bununla da ölkədə bütün idarəetmə sistemini əlində cəmləşdirib, hakimiyyətini gücləndirəcək. Həmçinin konstitusiyadan Türkiyəyə qarşı ərazi iddialarını özündə birləşdirən bəndin çıxarılması da mümkündür. Eləcə də Ağrı dağının gerbdən silinməsi və Qarabağla bağlı bəndlər də Ermənistan konstitusiyasından götürülə bilər. Çünki, Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması üçün konustitusiyada dəyişikliklər etməlidir. Bu il ərzində Ermənistanda konstitusiya dəyişiklikləri edilsə və növbəti ildə prezident seçkilərində Paşinyan qalib gəlsə, o zaman daxili təzyiqləri neytrallaşdırıb, sülh müqaviləsinin imzalanması istiqamətində addımlar ata bilər. Amma, ilk növbədə hazırkı razılaşmaları yerinə yetirməlidir”.
Politoloq əlavə edib ki, Azərbaycan tərəfi də Ermənistanda konstitusiya dəyişikliyini gözləyir: “Buna baxmayaraq Ermənistan tərəfinin təxribatları mümkündür və buna qarşı ciddi adekvat addımlar atılacaq. Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında ilk danışıqlar keçirilib. Artıq İstanbul-İrəvan aviareysi açılıb. Ankara da, Ermənistana Azərbaycanla əlaqələrin normallaşmasında təzyiq etməlidir. İlk növbədə Qazaxın işgalda olan yeddi kəndinin azad olunması və Azərbaycanın ərazi bütövlüyünün tanınması ilkin şərt olmalıdır”.