Tarix: 06-03-2019 | Saat: 10:44
Bölmə:Karusel / İdman | çapa göndər
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş “Real” (İspaniya) – “Ayaks” (Hollandiya) qarşılaşması (1:4) Madrid klubunun antirekordları ilə əlamətdar olub. ONA-nın məlumatına görə, “Kral klubu” son 9 ildə ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin 1/4 finalına yüksəlməyib.
İki oyunun yekununda (2:1, 1:4) mübarizəni dayandıran madridlilər sonuncu dəfə 2009/10 mövsümündə 1/8 finalda dayanmışdı. Həmin vaxt “Real”ı Fransa “Lion”u mübarizədən kənarlaşdırmışdı – 0:1, 1:1.
İspaniya nəhəngi Çempionlar Liqası tarixində ikinci dəfə öz meydanında böyükhesablı məğlubiyyət alıb. “Ayaks”dan öncə Madriddə belə qələbəyə Rusiya MOİK-i sevinib.
Şimallılar cari mövsümün qrup mərhələsinin üç ay əvvəlki matçında 3:0 hesabı ilə qalib gəliblər.
İspaniyalılar tarixində ilk dəfə Çempionlar Liqasında ardıcıl iki ev oyununda uduzublar. Bunlar MOİK və “Ayaks”la görüşlərdə rəsmiləşib.
“Real” tarixində birinci dəfə Çempionlar Liqasında səfərdə qalib gəlsə də, evdəki cavab oyununda mübarizəni dayandırıb.
Amsterdam təmsilçisi “Santyaqo Bernabeu”da 4 qol vurub ki, Çempionlar Liqasında belə hal 3-cü dəfə yaşanır. 2000-ci ildə Almaniya “Bavariya”sı 4:2, 2015-ci ildə isə Almaniya “Şalke”si 4:3 hesablı qələbəyə sevinib.
“Ayaks” isə 1995-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində 3-dən artıq qol vurub. Hollandiyalılar 24 il öncə Almaniya “Bavariya”sını 5:2 hesabı ilə məğlub ediblər.
Ümumilikdə, ardıcıl 4-cü ev məğlubiyyətini alan “Real” tarixinin antirekordunu təkrarlayıb. Çempionatda “Jirona” və “Barselona”ya, kubokda da sonunculara uduzan paytaxt klubu seriyanı “Ayaks”la görüşdə 4-ə çatdırıb. “Real” 2003/04 mövsümündəki 4 matçlıq məğlubiyyət seriyasını təkrarlayıb.
Hollandiya klubuna məğlubiyyət madridlilərin 2018/19 mövsümündə aldığı 6-cı böyükhesablı yenilgidir. Çempionlar Liqasında MOİK və “Ayaks”a, La Liqada “Eybar”, “Barselona”, “Sevilya”ya, kubokda “Barselona”ya belə uduzan “Kral klubu” tarixinin antirekordunu təkrarlayıb. Paytaxt təmsilçisi bunadək yalnız bir dəfə - 1950/51 mövsümündə 6 belə nəticə ilə üzləşib.
Digər xəbərlər