Bu sözləri Qaynarinfo-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçı problemli kreditlərlə bağlı sualları cavablandırıb.
 
- Natiq bəy, devalvasiyadan fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də kifayət qədər əziyyət çəkib. Onların problemi necə həll oluna bilər?
- Fərmanın fiziki şəxslərə aid edilməsini o mənada anlamaq olar ki, fiziki şəxslər daha kütləvidir. Ölkədə 700 min problemli krediti olan fiziki şəxs var ki, fərman yarım milyon insanı əhatə edəcək. Bu, kifayət qədər böyük əhatə dairəsidir və ona görə də hökumətin atdığı addımın məntiqini anlamaq mümkündür. Amma biznes çevrələri də devalvasiyadan zərər görüblər. Yəni eyni məntiqlə onlar da vaxtilə kredit götürərkən məzənnənin sürətlə dəyişəcəyini bilmirdilər və buna hazır deyildilər. Biznesmenlərin götürdüyü kreditlərin qaytarılmasında güzəşt olunmaması ümumilikdə iqtisadi münasibətlərə mənfi təsir göstərir. Onlara da dəstək olunsaydı, yeni iş yerləri açmasına, öz bizneslərini inkişaf etdirmələrinə və ölkədəki iqtisadi çarxların daha sürətlə dönməsinə, iqtisadi inkişafın daha sürətlə irəliləməsinə nail olmaq olardı. Fikrimcə, növbəti addım kimi bu haqda da düşünmək lazımdır. Söhbət kredit oliqarxlarından getmir. Onları iki yerə ayırmaq lazımdır. Bununla bağlı çoxlu cinayət işləri də var. Beynəlxalq Bankla bağlı cinayət işi hələ də davam edir. Söhbət aldığı krediti həqiqətən biznesin inkişafına yönəltmiş sahibkarlardan gedir. Çünki istənilən ölkədə orta və kiçik biznes iqtisadiyyatın onurğa sütununu təşkil edir və iqtisadi çarxların dönməsində çox vacib rol oynayır. İqtisadi münasibətlərin inkişafı, dinamikanın artması üçün əsl iş adamlarına, doğurdan da kredit götürüb iş görmək istəyən insanlara da müəyyən güzəştlər olunmalıdır. Onlara dəstək olunması, onları yenidən iqtisadiyyata qazandıracaq. Bu isə əlavə iş yerləri, əlavə gəlir mənbələri və əlavə vergi öhdəlikləri deməkdir ki, dolayısı ilə dövlət bundan hətta xeyir götürə bilər. 
 
- Mərkəzi Bankın baş direktoru Rəşad Orucov açıqlamasında devalvasiyadan əvvəl kredit götürüb, həmin borcu yeni məzənnə ilə qaytarmış fiziki şəxslərə bu məbləğin geri qaytarılacağını deyib. Həqiqətən də çox böyük əziyyətlə kreditini bağlamış şəxslər var. Həmin vəsait necə qaytarıla bilər?
- Fərmanda bir cümlə ilə nəzərdə tutulub ki, problemli kreditlər bağlanandan sonra yerdə vəsait qalacaqsa, həmin vəsaitlər kompensasiyaların ödənilməsi üçün geri qaytarılacaq. Lakin bunun mexanizmi çox təəssüf ki, fərmanda yoxdur. Ümid edirəm ki, əlaqadar təşkilatlar, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası prezidentə təkliflər hazırlayarkən, bunun daha dəqiq mexanizmini işləyib hazırlayacaqlar. Çünki çox yayğın bir cümlədir və kimlərə aid ediləcəyinə, necə aid ediləcəyinə dair məlumat yoxdur. Bu, cəmiyyətdə ədalətsizlik hissi yarada bilər. Çünki doğurdan da elə insanlar var ki, əmlaklarını sataraq, devalvasiyadan dəymiş zərərlərini ödəyiblər. Onlara hansı formada, hansı parametrlərə görə kompensasiyanın ödəniləcəyi fərmanda göstərilməyib. Amma fərman buna imkan yaradır. Əlaqədar təşkilatlar ciddi düşünməli, hesablamalar aparmalı və təkliflərlə çıxış etməlidirlər. 
 
- Hər bir fiziki şəxsə 5 min dollardan artıq kompensasiyanın verilməməsi 10 min dollara qədər kredit götürmüş şəxslərin problemini həll etməyə yetəcəkmi?
- Əgər ana borc 10 min dollar kimi götürülübsə, mənə elə gəlir ki, 5 min dollar bu kompensasiyanın ödənilməsi üçün kifayət edəcək. Ana borcu 10 min dollardan yuxarı olanlara isə bu güzəştlər ümumiyyətlə aid deyil. Ona görə də bu da bir problemdir. Məsələn, iki qonşu düşünün ki, biri 9500, digəri isə 10500 kredit götürüb. Arada cəmi 1000 dollar fərq var, amma bir qonşunun poblemi həll olunur, digərinə isə bu fərman şamil olunmur. 
- Fərman 10 min dollardan yuxarı kredit götürmüş şəxslərin 10 min dollara qədər olan borclarına şamil edilə bilərmi?
- Xeyr. Fərmanda açıq şəkildə yazılıb. Əgər əlavə təkliflər paketində bu yer alacaqsa, lap yaxşı. Amma dediyim kimi, fərmanda çox açıq şəkildə yazılıb ki, ana borc, yəni əsas borc 10 min dollara qədər olan hissəyə aid edilir. Əlavə təkliflər paketi hazırlanacaqsa, buna baxıla bilər.
"Ümumilikdə problemli kreditlər məsələsini birdəfəlik həll etmək daha doğru olardı ki, banklar da, iqtisadi münasibətlər də sağlamlaşsın və birdəfəlik bununla bağlı ölkədəki yaranmış vəziyyət aradan qaldırılsın. Bu, bankların özlərinin də işləmə mexanizminə müsbət təsir göstərərdi".