Tarix: 14-01-2022 | Saat: 20:33
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Respublikası və Türkiyə Respublikası xarici işlər nazirləri arasında iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubu mübadiləsi baş tutub.
Nazir Ceyhun Bayramov qardaş ölkədən olan həmkarını diplomatik əlaqələrin qurulmasının otuz illiyi münasibətilə ürəkdən təbrik edib. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi tarixə düşən qardaş Türkiyə ilə münasibətlərimizin ötən illər ərzində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və xalqımızın Ulu öndəri Heydər Əliyevin “Bir Millət İki Dövlət” fikirlərinə uyğun olaraq inkişaf etdiyini qeyd edib. Ölkələrimiz arasında mövcud olan münasibətlərin bugünkü səviyyəsinin xalqlarımızın iradəsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinə söykəndiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin özünün tarixi zirvəsini yaşadığını qeyd edib və ökələrimiz arasında münasibətlərin strateji səviyyədən müttəfiqlik səviyyəsinə qədər yüksəlməsində həmkarı Mevlüt Çavuşoğlunun da töhfəsinin olduğuna məmnunluqla istinad edib.
Vətən müharibəsi və ondan sonrakı dövrdə qardaş Türkiyənin bütün səviyyələrdə ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəkləməsinin dövlətimizin başçısı və ümumilikdə, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.
Birgə həyata keçirdiyimiz irimiqyaslı regional və qlobal layihələrin ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin daha da genişlənməsinə, regional inkişafa töhfə verdiyi qeyd edilib, habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığımızın uğurla davam etdiyi bildirilib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasındakı qardaşlıq və müttəfiqlik əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Öz növbəsində, nazir Mevlüt Çavuşoğlu azərbaycanlı həmkarını səmimiyyətlə təbrik edib. Türkiyə və Azərbaycan arasındakı 71 illik həsrətin 14 yanvar 1992-ci ildə imzalanmış protokol sənədləri ilə sona çatdığını və həmin gündən fəaliyyətə başlayan Türkiyə Respublikasının Bakıdakı səfirliyinin Azərbaycandakı ilk səfirlik olduğunu qeyd edib.
Mevlüt Çavuşoğlu, son 30 ildə sarsılmaz qardaşlıq bağları üzərində qurulan həmrəyliyimizin, iki dövlət rəhbərinin yaxın dostluq münasibətlərinin verdiyi ilhamla daha da inkişaf etdiyini bildirib. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələrə hər iki qardaş xarici işlər nazirləri tərəfindən birgə verilən töhfələrin qürur və sevinc mənbəyi olduğu ifadə edilib.
Nazir, öz ərazilərini işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən, nail olduğu rifah səviyyəsi ilə regionun yüksələn ulduzuna çevrilən Can Azərbaycanın uğurlarının Türkiyə üçün hər zaman qürur və sevinc mənbəyi olduğunu qeyd edib. Bu günə qədər olduğu kimi, bundan sonra da əlaqələrimizin daha yüksək səviyyəyə çatdırılmasında əzmli və qərarlı olduqlarını vurğulayıb.
Nazir Mevlüt Çavuşoğlu, keçən 30 ildə iki qardaş ölkə olaraq qazanılan uğurların gələcəyimizə istiqamət verəcəyini, qardaş əlaqələrimizin regionumuzda və dünyada sülh və sabitliyin bərqarar olmasında mühüm rol oynayacağına inam ifadə edib. O, diplomatik əlaqələrin bərpasının dövlətlərimizə və xalqlarımıza xeyirli olmasını və neçə-neçə belə 30 illərə çatmaq ümidi ilə dost və qardaş Azərbaycan xalqına rifah və xoş günlər arzu edib.
Digər xəbərlər