Tarix: 13-01-2022 | Saat: 19:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün təməli qoyulan yeni 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji sistemi üçün xüsusi əhəmiyyət daşıyacaq, ildə, təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində 220 million kubmetr təbii qaza qənaət ediləcək və 400 min ton karbon tullantılarının qarşısı alınacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
"Dövlət başçısı tərəfindən Azərbaycan enerji sisteminin qarşısında belə bir hədəf qoyulub - 2030-cu ilə qədər bizim generasiya güclərinin 30 %-i alternativ, yəni bərpaolunan enerji mənbələri olacaqdır və ona görə də bu istiqamətdə bir sıra konkret addımlar atılır ki, bugünkü layihə də həmin istiqamətdə görülən işlərdən biridir.
Qarabağda dövlət başçısı tərəfindən elan olunmuş “yaşıl enerji” məkanı da bu istiqamətdə görülən bir təşəbbüsdür və əlbəttə ki, ümumilikdə ölkədə “yaşıl” enerji kursunun tərkib hissəsidir.
Bu gün “ACWA Power” ilə eyni zamanda Xəzərdə külək potensialının inkişafı sahəsində görüləcək işlərə dair imzalanmış Anlaşma Memorandumu da əlbəttə ki, yenə də bu istiqamətdə atılan daha bir addımdır.
Mən bizim “ACWA Power” şirkəti ilə sıx əməkdaşlığımızı həqiqətən də yüskək qiymətləndirirəm və inanıram ki, bundan sonra da bizim birgə layihələrimiz olacaq.
Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, həm həmkarım, həm də dostum olan Əbdül Əziz bin Salman Əl-Səudun Azərbaycana gəlməsi, bu tədbirlərdə iştirak etməsi bir daha Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan münasibətlərin dəyəri haqqında məlumat verir. Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də şahzadə Əbdül Əziz bin Salman Əl-Səud bugünkü tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında mövcud əməkdaşlıq, dostluq və qardaşlıq haqqında söz dedilər və bu gündə keçirilən görüşdə bu bir daha təkrarlandı və mən buna inanıram ki, bu münbit şəraitdən biz istifadə edərək gələcəkdə də öz fəaliyyətimizi davam etdirəcəyik.
Və mən cənab nazirin, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun beynəlxalq neft bazarının tənzimlənməsində rolunu qeyd etmək istəyirəm. Azərbaycan bir neft ölkəsi olaraq bu fəaliyyəti çox yüksək qiymətləndirir və bildiyiniz kimi, bu gün neft bazarında sabitlik bilavasitə OPEC+ çərçivəsində və mənim həmkarımın sədrliyi altında görülən işlərin nəticəsidir", - P. Şahbazov bildirib.
Qeyd edək ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti inşa edəcək. Bu gün Azərbaycana yatırılan 300 milyon ABŞ dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək.
Digər xəbərlər