Tarix: 11-01-2022 | Saat: 15:48
Bölmə:Karusel / Sosial | çapa göndər
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi “Gender (kişi və qadınların ) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlara dəyişikliklərlə bağlı təkliflərini parlamentin rəhbərliyinə təqdim edib.
Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında komitənin sədri Hicran Hüseynova deyib.
H. Hüseynova qeyd edib ki, ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə güclü qanunvericilik bazasının mövcudluğuna və görülən işlərə baxmayaraq, bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır: “Əfsuslar olsun ki, hazırda dünyada sosial, siyasi və iqtisadi anomaliyaların sayı artmaqdadır. Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır, milli-mənəvi dəyərlər tənəzzülə uğrayır. Hətta bir sıra ölkələrində “ailə institutu” fenomen kimi artıq tarixə çevrilmişdir. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar”.
Komitə sədri qeyd edib ki, hazırda Azərbaycanda 2 milyondan çox ailə, o cümlədən ömrünün 50, 60 və daha çox müddətini bir yerdə yaşayan yüzlərlə uzunömürlü ailələrimiz var: "Ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə güclü qanunvericilik bazası mövcuddur. Azərbaycan həm MDB məkanında, həm də bir çox Avropa ölkələrindən əvvəl “Gender (kişi və qadınların ) bərabərliyinin təminatları haqqında ” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edib. Lakin bununla yanaşı, yeni reallıq və çağırışlar həmin sənədlərin davamlı olaraq təkmilləşdirilməsi zərurətini yaradır. Eyni zamanda, bir çox məsələlər, o cümlədən, nikahların azalması, boşanmaların artması, ailədaxili münasibətlərin düzgün tənzimlənməməsi, valideyn-övlad ünsiyyətində yaranmış problemlər, ailə-məişət zəminində baş verən zorakılıqlar, gender əsaslı zorakılıqlar, zərərli vərdişlər, İKT- nin təsiri və digər məsələlər bir daha göstərir ki, dövrün tələblərinə uyğun olaraq qanunvericiliyə əlavə və dəyişikliklər edilməlidir. Bu istiqamətdə komitə təkliflər hazırlayıb və Milli Məclisin rəhbərliyinə təqdim edib. Eyni zamanda bilirsiniz ki müvafiq dövlət orqanları, vətəndaş cəmiyyət institutları və hətta adi vətəndaşlar tərəfindən də gələn qanunvericilik təşəbbüsləri müvafiq qaydada araşdırılır, baxılır və müzakirəyə təqdim olunur”.
H. Hüseynova 2022-ci ili yaz sessiyası çərçivəsində komitədə bir sıra dinləmələrin keçirilməsinin nəzərdə tutulduğunu açıqlayıb: “Gənc ailələr və onların üzləşdikləri çətinliklər, erkən nikah və məişət və gender əsaslı zorakılıq hallarının qarşısının alınması, uşaq hüquqlarının daha da təkmilləşdirilməsi istiqamətində dinləmələr keçirməyi planlaşdırırıq. Bu tədbirlərdə müvafiq dövlət qurumları, siyasi və qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatların da iştirak edəcəklər. Həmçinin yaz sessiyası zamanı cəmiyyətdə ailə, qadın və uşaq məsələləri ilə bağlı günün aktual mövzularına həsr edilmiş ictimai dinləmələr də keçirməyi nəzərdə tuturuq”.
Digər xəbərlər