Saytımızı qiymətləndirin


 
 

Fərid Mansurov: “Bəzi insanlar baş məşqçi olmağımı istəmirdilər” -MÜSAHİBƏ
Tarix: 27-02-2019 | Saat: 11:54
Bölmə:Karusel / Müsahibə / İdman | çapa göndər

Fərid Mansurov: “Bəzi insanlar baş məşqçi olmağımı istəmirdilər” - MÜSAHİBƏ - FOTOSESSİYAFərid Mansurov: “Bəzi insanlar baş məşqçi olmağımı istəmirdilər” - MÜSAHİBƏ - FOTOSESSİYA | Foto qalereyaFərid Mansurov: “Bəzi insanlar baş məşqçi olmağımı istəmirdilər” - MÜSAHİBƏ - FOTOSESSİYA | Foto qalereya Fərid Mansurov: “Bəzi insanlar baş məşqçi olmağımı istəmirdilər” - MÜSAHİBƏ - FOTOSESSİYA | Foto qalereya

Bəlkə də karyerasını vaxtından əvvəl başa vurmasaydı, uğurları daha çox olacaqdı, Azərbaycan himnini daha çox səsləndirəcəkdi. Kolleksiyasını da tamamlayacaqdı. Avropa çempionatının medalını da əlavə edəcəkdi. Amma hər şeyə bir sözlə son qoyur, xalçaya idmançı kimi çıxmayacağını açıqlayır. Deyir anam elə istədi, zədəli, ağrılı güləşməyimə razı olmadı. Ana ürəyidir, mən də sözündən çıxmadım. Bəli, söhbət Azərbaycan idmanın ulduzu Fərid Mansurovdan gedir. Hazırda Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri vəzifəsində işləyən “Şöhrət” və “Tərəqqi” medallarının sahibi, Olimpiya çempionu ONA-ya keçdiyi yol və gələcək planları barədə danışıb.

“Güləşə üstünlük versəm, məni qınayanlar çox olar”

- İlin ilk 2 ayı bitmək üzrədir. Yanvar və fevral aylarını Azərbaycan idmanı üçün necə dəyərləndirərdiz?

- Bəzi idman növlərində Tokio Olimpiadasına lisenziya yarışlarına start verilib. İl yeni başladığından təqvim planına uyğun Avropa çempionatları, birincilikləri olacaq. İkinci altı aylıqda mundiallar təşkil ediləcək. Azərbaycan idmanında da yığmaların tərkibini müəyyənləşdirmək üçün ölkə çempionatları və birincilikləri keçirilir. İdman növlərinə gəldikdə, taekvondo və cüdoçularımız ilə daha uğurlu başlayıblar. Reytinq xallarını artırırlar. Təsnifat mərhələlərinə də xüsusi diqqət yetiririk. Bu da idmançıların Olimpiadaya vəsiqə qazanması baxımından önəmlidir. İlboyu yarışlar davam etdiyindən bizim üçün ilin əvvəli, yaxud sonu yoxdur.

- Ötən ilin ən böyük idman ölkələrinin reytinqi açıqlanıb. Azərbaycan karate, bədii və idman gimnastikası, cüdo, yunan-Roma və sərbəst güləş növlərində fərqləndirilib. Həqiqətən, bu idman növləri digərlərini qabaqlayır?

- Belə deməzdim. İlin yekununda biz də ən yaxşıları müəyyənləşdiririk. Axırıncı açıqladığımız “onluğ”a nəzər salsaq, bu idman növləri ilə yanaşı, digərlərinin də olduğunu görərik. Avropa, dünya çempionlarımız oldu. Yəni başqa idman növlərində də uğurlu nəticələrə imza atdıq.

- Bəs maraqlıdır, “Şöhrət” və “Tərəqqi” medallarının sahibi, Olimpiya çempionu, həmçinin ikiqat dünya çempionunun rəğbət bəslədiyi idman növü yenə tarix yazdığı yunan-Roma güləşidir, yoxsa...

- Daxilimdə elədir. Amma artıq işimlə bağlı seçim etməyim düzgün deyil. Bütün idman növlərinə eyni yanaşırıq. Belə deyək, tökülən hər damcı tər bizim üçün önəmlidir. Gənclər və İdman Nazirliyinin şöbə müdiri kimi güləşə üstünlük verməyim düz gəlməz. Belə olarsa, məni qınayanlar da çox olar.

- Bu sualı uşaq vaxtı taekvondo və karateyə də getdiyiniz üçün verdim. Sizcə həmin uğurları bu idman növlərində də qazanmaq mümkün idimi?

- Bəli, taekvondoya da, karateyə də getmişəm. Ancaq sonda güləşi seçmişəm. Məktəbimizin zalında taekvondo bölməsinə yazılmışdım. Sonradan karate və güləşə eyni vaxtda getmişəm. Lakin dərslər artdıqca valideynlərim iki idman növündən birini seçməyimi istədilər. Mən də güləşin üzərində dayandım. Deyərdim, əsas məşqdə çəkdiyin əziyyətdir. Əgər digərini seçsəydim, necə olacağını hazırlıq göstərəcəkdi. 

“Həmin vaxtlardan danışmamışıq, onun ən yaralı yeridir”

- Bilirik ki, kolleksiyanızda Avropa çempionatının mükafatı yoxdur. Arxaya boylansanız, nədə düzgün etmədiyinizi müəyyənləşdirmisizmi?

- Özüm üçün analiz etmişəm. Amma həmişə dünya çempionatlarına hazırlaşmışam. Avropa çempionatına cəmi 3 dəfə qatılmışam. Sonuncuda da çənəm qırılıb. Həmişə hazırlıq planım məhz mundiala hesablanıb. Qitə birinciliklərini çox vaxt buraxmışam ki, dünya çempionatına tam hazır olum. Yoxsa, ilin ortasında çəki salmaq, məşq planını dəyişmək bir qədər mane olurdu. Avropa çempionatında güləşdikdə, dünyaya təzədən yeni proqramla başlamalısan.

- Bu yolda Afina Yay Olimpiadasının finalında məğlub etdiyiniz türkiyəli Şeref Eroğlunun nə dərəcədə “rolu” olub?

- Avropa çempionatlarında bir dəfə onunla qarşılaşmışam və uduzmuşam. Bilirəm, 100 dəfə qarşılaşsam, hamısında da udaram, demişdi. Onunla ümumilikdə 3 dəfə qarşılaşmışam. 2001-ci ildə gənclərin yarışında qabırğam qırılmışdı, elə güləşdim. 2 il sonra da 2 dəfə qalib gəlib. Bunlar beynəlxalq turnir və Avropa çempionatına təsadüf edib. Amma belə deyək, məni sağlam rəqabətdə məğlub etməyib. Hər 3 döyüşdə zədəm olub. Amma idmandır, hər atlet bir vaxt pik nöqtədə olur.

- Əvvəlki məğlubiyyətlərdən sonra Yunanıstanda həlledici görüşdə Eroğluya qalib gəlməyiniz ona qarşı xüsusi hazırlaşdığınız anlamına gələ bilərmi?

- Əlbəttə. Həmin vaxt Olimpiadada mübarizə apardığım 66 kq çəki dərəcəsində favorit məhz o sayılırdı. Məşqlərdə ona qarşı da xüsusi hazırlığım olmuşdu və nəticəsi də aktivimə yazıldı. Afina Olimpiadasından qızıl medalla qayıtdım.

 - Karyeranızı bitirdikdən sonra demək olar ki, rəsmi işlərdə çalışmısız. Bu illər ərzində türkiyəli pəhləvanla görüşünüz olubmu? Əgər rastlaşmısızsa, xalça üzərindəki “söhbətlərə” qayıtmısızmı?

- Rastlaşmışıq, söhbət də etmişik. Amma həmin vaxtlardan, yaxud döyüşlərimizdən danışmamışıq. Çünki son qarşılaşmamız Şərəfin ən yaralı yeri idi. Axı, altıqat Avropa birincisini Olimpiya çempionluğundan etmişdim.

- Sabiq prinsipial rəqibinizin diqqətləri çəkən bir açıqlaması var. O, güləşçilərə pəhləvan deyilməsinin qəti əleyhinədir. Fikrini belə əsaslandırır ki, pəhləvanlar bir oturuma 4-5 kq ət yeyənlərdir. Siz onunla razısızmı?

- Bəlkə də ağır çəkili güləşçiləri nəzərdə tutur (gülür). Təbii ki, razı deyiləm. Bu, tarixən belə adlandırılıb. Pəhləvan mismar əyib, kəndirlə nəyisə dartana demirlər ki... Güləşçi belə adlandırılıb və belə də olacaq.

“Bir kəlmə ilə deyim, anam güləşməyimi istəmədi”

- 22 yaşında Olimpiya çempionu olmaq həyatınızda nəyi dəyişdi?

- Demək olar ki, çox şeyi dəyişdi. Çünki bu yaşda artıq Azərbaycan bayrağını Afina Olimpiadasında dalğalandıqdan sonra mənə diqqət də artdı. Hər bir hərəkətimdə ehtiyatlı davranmalı və nümunəvi olmalı idim. Özümü doğrultmalıydım. Uğurun davamını gətirmək üçün məşqlərimi də sürətləndirməliydim. Düzdür, Olimpiadadan sonra belimdən əməliyyat olundum. Təxminən 1-1,5 il yarışlardan kənar qaldım. Ardınca mundiallarda, beynəlxalq turnirlərdə çempionluq sevinci yaşadım. Lakin zədələr bir-birini əvəzləyirdi. Pekin Olimpiadasında da hədəfim yenə qızıl medal idi. Bildiyiniz kimi, orda bayraqdar olmağım və mərasimlə bağlı hazırlıqda çox qalmağımız səhəri xəstələnməyimlə nəticələndi. Hərarətlə mübarizə apardım və lazımı nəticəni göstərə bilmədim. Sonra da hədəfim dəyişmədi. Yenə də hər yerdə, yarışda özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. Çünki Olimpiya çempionu kimi borcum idi. Kənardan tanıyanlar çox idi. Amma Avropa çempionatında çənəmin qırılması karyeramla bağlı problemlər yaratdı.

- Deyirsiz, həmişə diqqət mərkəzində olmusuz. Amma bəzi mükafatçılar müqayisədə sadəliyinizlə seçilirsiz, reklam olunmağı sevmirsiz. Harasa getdikdə sizi tanıyan çoxdur, ya özünüzü necə təqdim edirsiz?

- Təbii ki, Olimpiya çempionu kimi tanıyırlar. Şəkil çəkdirənlər də olur. Amma gəlin razılaşaq ki, 2004-cü ildə sosial şəbəkələr indiki kimi inkişaf etməmişdi. Bu gün beynəlxalq turnirdə fərqlənən idmançı belə vətənə qayıdınca sosial şəbəkələr vasitəsilə artıq gündəm olur. Ona görə də onlar daha çox tanınırlar.

- Özünüz də qeyd etdiz ki, Bakıda Avropa çempionatında çənənizin qırılması karyeranıza birbaşa təsir etdi. Sonradan 28 yaşında bu qərarı verməyinizə təəssüfləndiyiniz anlar oldu?

- Təbii ki, təəssüfləndiyim anlar var. Amma buna məcbur idim.

- Bəs həmin qərara qarşı çıxanlar olmadı?

- Həmin vaxt 2 yerdən çənəm qırıldı. Bərpa üçün 5-6 ay vaxt lazım idi. Düzdür, qaçmaqla, bəzi idman hərəkətləri ilə formamı qoruya bilərdim. Sadəcə, bir kəlmə ilə deyim. Anam güləşməyimi istəmədi. Ona görə də 28 yaşında karyeramı bitirdim. Həm də o yaşa kimi 13 dəfə narkoz altına düşmüşdüm. Axırıncı dəfə də həkim masasına uzandıqda, ana ürəyidir, sözündən çıxa bilmədim.

“Müəyyən insanlar vardı ki, baş məşqçi olmağımı istəmirdilər”

- Ardınca baş məşqçiliyə başladız. Necə fikirləşirsiz, qısamüddətli işinizin alınmadığını demək mümkündürmü?

- Məşqçi kimi də yaxşı nəticələrimin olduğunu deyərdim. 1,5 il ərzində komandamla Avropa çempionatında ikinci, dünya çempionatında üçüncü pillədə yer aldıq. Qitə birinciliyində ilk dəfə 5 medal götürdük. Bunlardan 1-i qızıl, 4-ü bürünc mükafat oldu. Dünya çempionatında da çempionluq sevinci yaşadıq. Sadəcə, bəzi məqamlar vardı. Belə deyək, federasiya ilə fikirlərimiz üst-üstə düşmürdü. Ona görə də özüm ərizə yazıb, baş məşqçilikdən istefa verdim.

- Federasiyada bəzi şəxslərlə problemin olduğunu bilirdik. Həmin vaxt əleyhinizə çıxan güləşçilərin də olduğu deyilirdi. Bu, nə dərəcədə doğrudur?

- Onu dəqiq bilmirəm. Ancaq müəyyən insanlar vardı ki, baş məşqçi olmağımı istəmirdilər. O da təbii ki, müəyyən fikir ayrılığından irəli gəlirdi. Amma güləşçilər tərəfindən belə bir şeyin olmasına inanmıram. Çünki həmin dövrdə mənimlə güləşmiş komanda yoldaşlarıma hazırlıq keçirdim. Məşqdə çatışmazlıqları bilirdim. Nəyi azaltmaq, nəyi çoxaltmağın vacibliyini qeyd etmişdim. Onları aradan qaldırmışdım. Fikrimcə, həmin uşaqlar üçün mənimlə hazırlaşmaq daha rahat idi. Bir sözlə, gərginlik içərisində deyildilər.

- Baş məşqçi postundan ayrılıb, 2011-ci ildə Azərbaycan Güləş Federasiyasında gənclər üzrə vitse-prezident təyin olunduz və 5 il də burda çalışdız. Həmin illərə qayıtsaq, yarımçıq qaldığınız hansısa planlarınızdan danışa bilərsiz?

- Güləş ölkəmizə ən çox medal gətirən idman növlərindəndir, ənənəsi var. Müəyyən müddət öncə “Hər ailədə bir güləşçi” şüarımız da vardı. Ancaq həmin dövrdə federasiya istiqaməti düzgün götürmədi. Doğurdan da, yaxşı inkişaf etmək olardı. Təəssüflər olsun ki, bunu həyata keçirə bilmədik. O da müəyyən insanların “rolu” sayəsində oldu.

- Harda səhvlərə yol verildi?

- Federasiyada Müşahidə Şurasının olmaması və işin ancaq bir insan tərəfindən aparılması inkişafımıza mənfi təsirini göstərdi. Hər kəs öz işini görmədi. Qərarları yalnız rəhbərliyin etimad göstərdiyi bir nəfər verirdi. Passiv vitse-prezident postunda idim. Bu nüansları gördükdən sonra heç federasiyaya getmirdim də.

“Sual olunur ki, dövlət üçün sən nə etmisən?”

- Növbəti iş yeriniz hələ də çalışdığınız Gənclər və İdman Nazirliyi oldu. 2016-cı ilin sentyabrından indiyə qədərki dövrü necə dəyərləndirirsiz?

- Mən burda işə başlayanda əsas prioritet məsələ uşaq idmanını inkişaf etdirmək idi. Sabahımız onlardan asılıdır. Uşaq idmanı, uşaq-gənclər məktəbi olmasa, böyük idmanından danışmaq mümkün deyil. Demirəm ki, bu gün problemlərimiz yoxdur, var. Ancaq bu problemlər tədricən həll olunur, aradan götürülür. Bir qədər vaxt lazımdır. Bu işdə Azərbaycan Təhsil Nazirliyinin də bizə böyük köməyi dəyə bilər. Çünki uşaq-gənclər məktəbləri bizdən çox, həmin qurumun nəzarətindədir. Mən istəyərdim ki, Təhsil Nazirliyi yaxasını kənara çəkməsin. Çünki ölkə idmanına məsuliyyəti Gənclər və İdman Nazirliyi daşıyırsa, təməli onlar qoyurlar. Yəni biz birgə idmanı inkişaf etdirməliyik. Rayonlarda inkişaf olmalıdır, rəqabət getməlidir. Bu olmayanda axsamalar baş verir. Bəzi ənənəvi idman növlərimiz isə daimi diqqətdə olmalıdır. Cəmiyyət, klublar, məktəblər hamısı bir işləməlidir.

- Vətəndaş, çempion, məmur. Bunları necə fərqləndirərdiz?

- Bunlar mənim üçün eynidir. Əsas gördüyüm işdir. Çünki göstərdiyimiz nəticələrə görə cənab Prezidentimiz, dövlətimiz tərəfindən bizə qiymət verilib. Buna görə əllərimizi yanımıza salmağa haqqımız yoxdur. Nəticəni göstərib, mükafatı aldıq, deyə bilmərik. Nümunəvi olmalıyıq. Bir şeyi düşünməliyik ki, təxminən 10 milyonluq xalqla dünya idmanında hegemonluq edirik. Böyük ölkələrlə rəqabətə dözürük. Gələcəkdə bunu daha da yaxşılaşdırmalıyıq. Karyerasını bitirən idmançının belə bir əli idmanda olmalıdır. Vəzifəyə gəlincə, müəyyən işlər görməyimdə, qərarlarda müəyyən rol oynayır. Amma bu bir adamın işi deyil, idmansevərləri maraqlandırmalıdır. Məsələn, hamısı da olmasa, bəziləri nəticə verir və hər dəfə bunu əllərində bayraq edirlər. Fəxri adlar və ya digər mükafatlar istəyirlər. Amma sual olunur ki, dövlət üçün sən nə etmisən? Nəticə verdin, mükafatlandırıldın. Həmin uğurdan ömürlük istifadə etməməlisən. Gənc nəsli ən azından psixoloji cəhətdən hazırlamalısan ki, biz buraxdığımız səhvləri təkrarlamasınlar.

- Nazirliyə gəldikdən sonra bir sıra yeniliklərlə diqqət çəkdiz. Hətta demək olar ki, şöbə müdirlərinin hamısını dəyişdiz. Artıq hər şeyin qaydasına düşdüyünü söyləmək olarmı?

- Əvvəlki durumla müqayisədə, bəli. Çətinliklər var və əsas odu ki, niyyətimiz sağlamdır. Reallığa baxsaq, bəzi aparıcı idmançılarımız sonradan müəyyən dairələrə düşürlər və karyeralarını bitirirlər. Bu qəsdən olur, onların avamlığından irəli gəlir. İdmançı savadlı olduqda belə səhvlər buraxmır. Həmişə 3 fərdi müqayisə edirəm. Birincisi idmanla məşğul olan, ikincisi elmlə, sonuncusu hər ikisilə. Bizə üçüncüsü lazımdır.

“Sonradan sürpriz olmasın, indidən söyləyim ki, bu, bir qədər çətin görünür”

- Qarşıda ölkəmizi bir sıra beynəlxalq yarışlar gözləyir. Növbəti illər üçün plan nədir?

- Bu il bizim üçün daha vacibdir. Belarusun paytaxtı Minskdə II Avropa Oyunları keçiriləcək. Ondan öncə “Formula-1” üzrə Azərbaycan Qran-prisi, həminin Gənclərin Avropa Festivalı, bədii gimnastika üzrə Dünya Kuboku və digər mötəbər yarışlar var. Hazırlıq 2020-ci ildə Tokio Yay Olimpiya Oyunları istiqamətindədir.

- II Avropa Oyunlarına hazırlıqla bağlı nə deyə bilərsiz? Komandamız “köhnə qitə”yə bəxş etdiyi yarışda yenə də adından söz etdirə biləcəkmi?

- Biz bu Oyunları keçirməklə dünyaya səs saldıq. İstər təşkilatçılıq, istər də nəticə baxımından. Deyərdim ki, bir sıra ölkələr bizim müəyyənləşdirdiyimiz standartları təkrar etmək baxımından ev sahibliyini üzərinə götürməkdə çətinlik çəkir. Nəticəyə gəldikdə, ev sahibi kimi bütün növlərdə iştirak edirdik. Bu gün isə ya lisenziya qazanmalıyıq, ya da reytinq baxımından öndə olmalıyıq ki, Belarusda iştirak hüququ qazanaq. Məsələn, götürək çimərlik futbolunu. Oyunlara qitə reytinqində ilk “yeddilik” və ev sahibi qatılacaq. Bilirsiz ki, bu da bizim gücümüzə görə deyil. Amma artıq vəsiqələrimiz var, ardı da olacaq. Biz II Avropa Oyunlarına 70-80 idmançı ilə yollanmağı planlaşdırırıq.  

- Gənclərin Avropa Festivalı ilə bağlı işlər nə yerdədir? Azarkeşlərimiz üçün hansı sürprizlər gözlənilir?

- İyulun 21-27-də olacaq yarışda əsasən komanda idman növləri üzrə mübarizə gedəcək. Bakıya Avropa reytinqində ilk “7-lık”də yer alan komandalar və ev sahibi kimi biz qatılacağıq. Sonradan sürpriz olmasın, indidən söyləyim ki, komanda idman növlərində bizim nəticə göstərməyimiz bir qədər çətin görünür. Amma fərdi idman növlərində - güləş, cüdo, ola da bilər üzgüçülükdə uğurlu nəticələrə imza ataq. Açılış və bağlanış mərasimləri ilə bağlı hələlik nəsə demək mümkün deyil. Yəqin ki, ssenarisi hazırlanır. Bu məsələ ilə Təşkilat Komitəsinin tərkibində olan Əməliyyatlar Komitəsi məşğuldur.

“Bu, onların gələcəkdə Olimpiya çempionu olacağına zəmanət vermir”

- Asudə vaxtlarınızı necə keçirirsiz?

- Həftədə 2-3 dəfə məşq etməyim mütləqdir. Mən işdən çıxan vaxt güləş üzrə yığmanın məşqləri olmur. Amma çox istəyərəm ki, həmin hazırlıqda da iştirak edim. Şənbə günləri bəzən bunu edirəm. Vaxt qaldıqda veteran idmançılarla basketbol da oynayırıq. Yəni asudə vaxtlarımızda da idmanla nəfəs alırıq.

- Mütaliə ilə, film və ya teatr izləməklə aranız yoxdur? Çünki heç birini demədiz.

- İşdə demək olar ki, mütaliənin içindəyik. Ona görə də boş vaxtlarımda filmə baxmağa üstünlük verirəm. Hərdən istəyirsən ki, zehni də istirahət edəsən.

- Övladlarınızın güləşə, yaxud digər idman növlərinə marağı nə dərəcədədir?

- Oğlum həm şahmata, həm də üzgüçülüyə gedir. Qızım isə gimnastika ilə məşğuldur. Mən bütün valideynlərə də səslənirəm. Əgər uşağımızı idmana qoyuruqsa, bu, onların gələcəkdə Olimpiya çempionu olacağına zəmanət vermir. Bu cəhətdən yanaşma düzgün deyil. Yəni elə etmək lazımdır ki, o, həm oxusun, həm də idmanla məşğul olsun. Onun hansı sahədə özünü göstərəcəyini isə gələcək göstərək. Gələcəkdə hansındasa özünü doğrulda bilməsə, digərində lazımlı şəxsə çevrilmək şansı qalır.

- Sizdən sonra yunan-Roma güləşində Olimpiya çempionumuz yoxdur. Hələlik yeganəsiz. Sizin uğurunuzu təkrarlamağa neçə il lazımdır, yaxud potensial çempion görürsüzmü?

- İllə demək çətindir. Amma yığmanın tərkibində buna layiq güləşçilər var. Düzdür, hərdən fikirləşirəm ki, mən hələ də onlara uşaq kimi baxıram. Amma onlar artıq böyüklər arasında öz sözlərini deməyə başlayıblar. Elvin Mürsəliyev, Rəsul Çunayev, Eldəniz Əzizli, Rafiq Hüseynovla 6-7 yaş fərqlimiz olsa da, yığmada bizdən aşağı qrupda olublar. Bir çoxu ailə də qurub. Nəslin ardı gəlir. Amma tövsiyəm odur ki, bir balaca çatışmazlıq olmamalıdır. Həm psixoloji, həm taktiki, həm fiziki baxımından hazır olmalısan. Hansındasa ləngimə oldusa, bacarmayacaqsan. Yəni hədəfə düşməlisən.

 



Xəbəri paylaş

649 dəfə oxunub.

Digər xəbərlər