Tarix: 08-01-2022 | Saat: 16:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
Türkiyənin İstanbul şəhəri Kent Universitetində 2022-ci il “Şuşa ili”nə həsr olunmuş Azərbaycan-Türkiyə münasibətləri mövzusunda konfrans təşkil edilib.
Qarabaginfo.az-ın yerli bürosu xəbər verir ki, İstanbul Kent Universiteti və Azərbaycanın İstanbuldakı Baş Konsolluğunun təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycandan millət vəkilləri, türkiyəli alimlər qatılıb.
Konfransda çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, ötən 30 ildə Azərbaycan və Türkiyə münasibətlərin dərinləşməsi üçün çox şərəfli və böyük yol keçib, Şuşa zəfəri və bəyannaməsi bu əbədi qardaşlığa vurulmuş bir möhürdür.
Deputat Hikmət Babaoğlu isə bildirib ki, “Bir millət, iki dövlət” fəlsəfəsi hüquqi-siyasi müstəvidə möhkəmləndirilib, Türkiyə və Azərbaycanın beynəlxalq münasibətlər sistemində sinxron hərəkət etməsi və təhlükəsizliklərini birgə təmin etməsi baxımından yeni perspektivlər yaradıb. O, həmçinin Şuşa bəyannaməsindən sonra Azərbaycan-Türkiyə münasibətlərinin tam yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib.
“Türkiyə - Azərbaycan münasibətlərinin dünəni və bugünü” mövzusunda çıxış edən Mərmərə Universitetinin professoru Okan Yeşilot vurğulayıb ki, Ermənistan bölgədə sülh istəyirsə, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməlidir. O, Şuşa bəyannaməsinin yolun sonu deyil, başlanğıcı olduğunu açıqlayıb.
Konfransdan sonra Kent Universitetin kitabxanasında yaradılan Azərbaycan guşəsinin açılışı və “Şuşa - Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimatı olub.
Digər xəbərlər