Tarix: 05-01-2022 | Saat: 16:31
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin İcraçı Direktoru Yunus Abdulov Qarabaginfo.az-a müsahibə verib:
- Geridə qoyduğumuz 2021-ci ili Azərbaycanın bank sektoru üçün necə qiymətləndirmək olar?
- Bank sektoru 2021-ci ili olduqca müsbət nəticələrlə başa vurdu. Belə ki, ilin əvvəlindən aktivlərin həcmi 11,1% artaraq 2021-ci ilin noyabr ayının sonuna 35,6 milyard manat təşkil edib. Bankların verdiyi kreditlərin qalıq məbləğindəki artım isə daha sürətli olub, ötən ilin ilk 11 ayı ərzində 14,6% artaraq 16,3 milyard manata yüksəlib. Kredit portfelinin problemli hissəsi isə 5%-lik həddən aşağı enib, 786,3 milyon manatla portfelin cəmi 4,7%-ni təşkil edib.
Maliyyə institutları istisna olmaqla, banklarda yerləşdirilmiş depozitlərin həcmi isə 2021-ci ilin noyabr ayının sonuna 24,7 milyard manat təşkil edir. Başqa sözlə, hüquqi və fiziki şəxslərin banklarda yerləşdirdikləri vəsaitlərin məbləği il ərzində 19,4% artıb. Fiziki şəxslərin banklara yerləşdirdiyi əmanətlərin məbləği isə artıq 9 milyard manatı keçib, il ərzində isə 10,7%-lik artım göstərib.
Bankların balans kapitalı da 5 milyard manatlıq həddin astanasına çatıb. Bununla yanaşı, sektor üzrə kapital adekvatlığı göstəricisi normanı 2 dəfə üstələməkdədir.
11 ay ərzində bankların xalis mənfəəti isə 614,1 milyon manat təşkil edir ki, bu 2020-ci ilin noyabr ayına nisbətdə 12%, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 7,2% çoxdur.
2021-ci ilin noyabr ayının sonuna bank işçilərinin sayı 20 min nəfəri ötüb, filial sayı 474 (yeni 19 filial), bankomat sayı 2 882 (yeni 167 ATM) təşkil edib.
Bu müsbət nəticələr ilk olaraq, pandemiyanın uğurlu idarə edilməsi ilə əlaqədardır. Başqa sözlə, əlavə məhdudiyyət və qapanmaların olmaması, əksinə vaxtaşırı yumşaltmaların tətbiqi, bununla ölkə iqtisadiyyatının inkişaf tempinin il ərzində daha da sürətlənməsi bu bütövün bir parçası olan maliyyə sektoruna da dəstək olub.
Həmçinin requlyatorun yerində verdiyi qərarların da bu inkişafa güc qazandırdığını qeyd etmək lazımdır.
- 2022-ci ildə bankların kredit portfelində nə kimi dəyişikliklər gözlənilir?
- Koronavirus pandemiyası hələ də davam etməkdədir. Lakin 2022-ci ildə onun iqtisadiyyata olan mənfi təsirlərinin ötən illərə nisbətən daha zəif olacağını proqnoz edilir. Hətta bəzi açıqlamalarda növbəti ilin sonlarına yaxınlaşdıqca pandemiyanın da sona yetəcəyi gözlənilir. Bu isə iqtisadi artım üçün daha münbit bir mühitin yaranacağından xəbər verir.
Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 4%-ə yaxın, qeyri-neft sektorunun isə 5%-ə yaxın böyüyəcəyi ilə bağlı proqnozları nəzərə alaraq, ölkədə aktiv kreditləşmə tempinin də davam edəcəyini bildirə bilərik. 2022-ci ildə kredit portfelindəki artım isə, şərtlərin gözlənilən çərçivədə formalaşacağı halda, qeyri-neft sektorunun artım tempini ən azı 4-5 faiz bəndi üstələyə bilər.
- Kredit faizlərində hansı dəyişikliklər ola bilər?
- Açıq müşahidə edilir ki, ötən il ərzində istər biznes kreditləri, istərsə də nağd pul kreditləri üzrə bank faizləri kifayət qədər düşüb. Dövlət dəstəkli kreditləri istisna etməklə deyə bilərik ki, banklar əsasən ən aşağı faizləri risklər daha aşağı olduğu üçün qısamüddətli kreditlərdə təklif edirlər. Uzunmüddəlti kreditlərdə isə ucuz maliyyə resurslarının verilməsi (dövlətin aşağı faizli vəsaitlərn təmi etməsi və s.) və ya risklərin hər hansı formada təmin edilməsi (zəmanət mexanizmi və s.) halında aşağı faizlərlə kreditlər təklif edilə bilir.
Bunlarla yanaşı, hazırkı inflyasiyanı nəzərə alaraq, bankların təklif etdiyi kreditlərin real faiz dərəcəsinin kifayət qədər aşağı - tək rəqəmli olduğunu da vurğulamaq lazımdır.
- Real sektorun kreditləşməsi baxımından növbəti il üçün bank sektorunda hansı tendensiyalar müşahidə oluna bilər?
- Biznesin maliyyə əlçatanlığının artırılması hər zaman ölkə rəhbərliyinin əsas diqqət mərkəzində olan məsələlərdən biri olub. Son dövlərdə isə real sektorun dəstəklənməsi üzrə təşəbbüslərin artdığını, dövlət-özəl dialoqu çərçivəsində bu mövzudakı müzakirələrə daha geniş yer verildiyini qeyd edə bilərik.
Pandemiya dövründəki dəstək tədbirləri hesabına məhdudiyyətlərdən mənfi təsirlənən sahibkarların mövcud borc yükü üzrə subsidiya və zəmanətlərin verilməsi təmin edilməklə cari ödəniş imtizamı üzrə çətinliklər tənzimləndi. Həmçinin bu dövrdə maliyyələşmənin davam etidirilməsi mqəsədi ilə yeni kreditlər üçün dövlət dəstəkli güzəşt mexanizmi də işə salındı. Bunlarla yanaşı, Azərbaycan Mərkəzi Bankının requlyativ yumşaltmaları da banklara həm bu tədbirləri dəstəkləməyə, həm də bundan kənardakı kreditləşmə prosesini davam etdirməyə imkan verdi.
2021-ci ildə isə əvvəldə qeyd etdiyim kimi məhdudiyyətlərdəki davamlı yumşaltmalar və bundan qaynaqlanaraq, məcmu tələbdəki sürətli artım biznes üçün bərpa və sonrasında inkişaf üçün münbit mühit yaratdı ki, banklar da bu canlanmanı lazımi maliyyə ilə təmin etdilər. Nəticədə 2021-ci ilin noyabr ayının sonuna biznes kreditlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 11% artmaqla 9 526,2 milyon manata çatdı.
Məlumdur ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərədə tutulan əsas hədəflərdən biri də qeyri-neft iqtisadiyyatını inkişafın mərkəzinə çevirməklə davamlı iqtisadi artıma nail olmaqdır. Bu hədəfin əldə edilməsində vacib rollardan biri də prioritet hesab edilən sahələr başda gəlməklə, qeyri-neft sektorunun maliyyələşməsidir.
Bu ali məqsədə nail olmaq üçün də bank sektoru öz öhdəsinə düşən vəzifələri və tövsiyyə edilən addımları vaxtında və lazımi səviyyədə icra etməyə, eləcə də hər zaman dövlət-özəl dialoqu çərçivəsində müzakirələrdə iştiraka hazırdır. Gələcək dövrdə də dövlət qurumları və requlyatorla aparılan bu fikir mübadiləsi çərçivəsində sektorun maliyyə inklüzivliyinin gücləndirilməsinə və biznesin maliyyə əlçatanlığının artırılmasına yönəlik təkliflərimizi səsləndirərək, bu prosesdə ciddi rol oynayan, lakin bankların təsir imkanlarından kənarda qalan məsələlərin də öz həllini tapmasına töhfə verməyi hədəfləyirik.
Digər xəbərlər