Saytımızı qiymətləndirin


 
 

Qarabağda erməni yalnız bu halda qalacaq...
Tarix: 04-01-2022 | Saat: 19:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qarabağda erməni yalnız bu halda qalacaq...  

Məşhur bir ifadədə deyildiyi kimi, görəsən “divar qurtarandan sonra” Ermənistan nə edəcək? Zatən, tutulacaq divar-zad da qalmayıb. 2022-ci iləə adlayan ağır blokada rejimi, üstəgəl, pandemiya səbəbilə təzə ilin labüd olaraq gətirəcəyi əlavə bahalaşma heç bir təbii resursu olmayan cırtdan və yoxsul Ermənistana daha böyük təlatümlər vəd edir, nəinki, məsələn, neft-qazı olan Azərbaycana. Quru “demokratiya” ilə isə qarın doymur, ağız şirin olmur.

Doğrudur, ermənilər olmayan bir şeyi, mikroskopik bir uğuru şişirtməkdə, tarixi və indini saxtalaşdırmaqda çox mahirdirlər, ancaq bu “həna” o “həna”dan deyil. Çevik və ağıllı qərarlar qəbul edilməzsə, kapitulaynt ölkənin əhalisini yeni ildə daha acınacaqlı günlər gözləyir...

“Təəssüf ki, 2021-ci il Ermənistan üçün itirilmiş il, itirilmiş fürsətlər ili oldu. Keçən il biz bir növ defolta daha da yaxınlaşdıq, dibə doğru sərbəst enişimizə davam elədik”.

Bunu Paşinyan hakimiyyətinə, Azərbaycana və Türkiyəyə qarşı radikal mövqeyi ilə tanınan eks-deputat Naira Zoqrabyan ilin yekunlarından danışarkən deyib.

“Mən ötən il nəyinsə müsbət sayıla biləcəyini belə, bilmirəm. Ən ağrılısı odur ki, biz hələ də 44 günlük müharibənin nəticələrindən özümüzə gələ, kənar qüvvələrin hesablaşdığı ləyaqətli dövlətə çevrilə bilməmişik. Biz anlamalıyıq ki, artıq “qırmızı xətt”ə yaxınlaşmışıq, “qırmızı xətdə”yik. Bundan o yana bizi Ermənistanın suverenliyini və dövlətçiliyini itirilməsi gözləyir. Bütün bunları dərk edib hərəkətə başlamalıyıq. Ermənistanın düşmənlərimizin zəif iradəli satellitinə çevrilməsini önləmək üçün hələ gec deyil”.

“Düşmən” deyərkən o, əlbəttə ki, Azərbaycanı və Türkiyəni nəzərdə tutur. Sanki 30 il Rusiyanın satelliti olmaqla Ermənistan ağ günə çıxıb. Bəlkə elə Azərbaycan və Türkiyənin satelliti olmaqla erməni xalqı rifaha və təhlükəsizliyinə qovuşacaq?

Əslində, Zoqrabyanın “düşmən” adlandırdığı Türkiyə və Azərbaycan gerçəkdə erməni xalqının, “Ermənistan” adlı simvolik dövlətin əsl xilaskarıdır ki, var. Ermənistanı “ləyaqətli dövlət”ə də yalnız bu iki türk dövləti çevirə bilər. Bunu zoqrabyanlar daxil, cəmi ermənilər 2022-də qəti şəkildə əminlik hasil edəcəklər.

Əks halda təkcə, 2021 yox, 2022 və ondan sonrakı illər də onlar üçün itirilmiş, dəhşətli illər olacaq. Çünki Türkiyə və Azərbaycanla maniakal düşmənçilik, xroniki ədavət ermənilərə heç vaxt yaxşı heç nə gətirə bilməz. Necə ki, gətirmir. Yəni yalnız “qılınclarını boyunlarından asıb” bizdən bağışlanmaq diləmək, kömək istəmək tövbə eləmək!! Vəssalam. Ayrı yol yox. Xüsusən də Azərbaycan vətəndaşları sayılan Qarabağ erməniləri üçün...

Sözgəlişi, artıq proses başlayıb. Ermənilər Azərbaycandan kömək diləməyə başlayıblar. Keçən il Qarabağda iş üçün hərbçilərimizə yaxınlaşan ermənilər az oldumu?

Son olaraq, Teleqram kanallarında yayılan bir video diqqət çəkir. Orada bir qrup erməni hökumətdən narazılıq edir, sərhədə gedəcəklərini, Azərbaycan dövlətindən müharibədə ona qarşı döyüşdükləri üçün üzr istəyəcəklərini bildirirlər. “Bəlkə Azərbaycan bizi nələrləsə təmin etdi”, - deyə ümidlə qeyd edirlər.

Sözsüz, Azərbaycan dövləti ona səmimi şəkildə sığınan erməniləri umsuq eləməz. Buna aid faktlar nə qədər istəyirsən var. Yadınıza gələr yəqin, illər öncə (2010) bir erməni ailəsi yaşam şəraitinə dözməyərək Ermənistandan Azərbaycana (Naxçıvana) pənah gətirmişdi. Burada az qala yağ-bal içində yaşayırdılar. Söhbət 5 nəfərdən ibarət erməni ailəsindən - Yeğişe Gevorkyan və onun həyat yoldaşı Ruzanna Mardanyandan, onların 3, 6 və 7 yaşlı uşaqlarından gedir. Erməni ailəsi o vaxt çox ağır, yoxsul vəziyyətdə yaşadıqlarını və Ermənistandakı insanların 95 faizinin bu vəziyyətdə olduğunu demişdi: “Buna yaşamaq, yox sürünmək desək, daha doğru olar. Hakimiyyətə etiraz etmək üçün meydanlara çıxanların sayı hər gün daha da çoxalır. İnsanlar təqib olunur, həbsxanalara salınır”.

Bu olaydan bir qədər sonra Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlmişdi. Bir neçə il sonra üçüncü ölkəyə yola salındı...

Qarabağ erməniləri isə heç yerə getməyə bilərlər. Çünki bizim vətəndaşlardır. Yetər ki, onlar sidq ürəkdən Azərbaycan dövlətindən üzr istəsinlər, peşmanlıq ifadə eləsinlər, konstitusiyamızı qəbul elədiklərini bildirsinlər. Bizi bağışlayan, böyük xalqıq, rəhmliyik.

Qarabağda yalnız bu halda erməni qala, yaşaya, arta bilər. 2022 onlar üçün bu xüsusda bəlkə də həlledici il olacaq. Təbii ki, cinayətkarlar, Xocalı hərbi caniləri, əli dinc soydaşlarımızın qanına bulaşanlar istisnadır...



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər