Saytımızı qiymətləndirin


 
 

Ermənistanın separatçılarla yolları ayrılır?
Tarix: 29-12-2021 | Saat: 10:02
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın separatçılarla yolları ayrılır?   

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanın əvvəlki rəhbərliyi 1990-cı illərdə Qarabağ separatçılarının danışıqlardan müstəqil tərəf kimi iştirakını dayandırıb.

Sonrakı danışıqlar isə Qarabağ ermənilərinin Azərbaycandan kənar hansısa status alması mümkünlüyü nəzərdə tutmayıb. Ermənistan müxalifəti bunu Paşinyan hakimiyyətinin Dağlıq Qarabağın müstəqilliyi ideyasından imtinası kimi qiymətləndirib. Qarabağdakı separatçı rejimin qondarma parlamenti isə Paşinyanı sərt tənqid edib. Separatçıların lideri Araik Arutunyansa deyib ki, Dağlıq Qarabağın taleyi haqda yalnız orda yaşayan ermənilər qərar verə bilər.

Erməni tərəfindəki bu ikitirəlik sülh danışıqlarında Azərbaycanın mövqeyini gücləndirə bilərmi?

Yerevanda Beynəlxalq münasibətlər və Təhlükəsizlik İnsitutunun eksperti Ruben Mehrabyan Paşinyanın bu açıqlamalarının Qarabağ danışıqlarına hər hansı formada təsir edəcəyini fikirləşmir. Onun sözlərinə görə, bu çıxışlar daxili auditoriyaya hesablanıb:

“Bu bəyanatlara Ermənistan daxilində gedən siyasi proseslər kontekstində baxmaq lazımdır. Paşinyan son açıqlamasında qeyd edib ki, o bu mövzuya ondan öncəki prezident Serj Sarkisyanın ittihamlarına cavab olaraq toxunub. Sarkisyan indiki iqtidarı əlində olan imkanları itirməkdə ittiham eləmişdi. Paşinyan da ona cavab olaraq, bu açıqlamaları verib. Onun bu çıxışlarının Qarabağ danışıqlarına hər hansı təsirini görmürəm”.

Ruben Mehrabyan danışıqlar prosesinə təkcə Rusiya yox, digər dövlətlərin, özəlliklə Avropa İttifaqının marağını olduqca əhəmiyyətli sayır. Onun fikrincə, bu proses Rusiyanın inhisarından çıxmalıdır ki, gerçək nəticələr əldə olunsun.

ABŞ dövlət katibinin keçmiş müşaviri, Qarabağ problemini yaxından izləyən Pol Qobl Paşinyanın son açıqlamalarını danışıqlarda yeni nəfəs kimi dəyərləndirir. Onun fikrincə, Paşinyanın "beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır" fikri rəsmi Bakı ilə sərhədlərin razılaşdırılmasına qapıları açır:

“Bununla Paşinyan göstərir ki, o öz yolu ilə gedə bilər. Amma bu asan olmayacaq. Rəsmi Moskva münaqişənin davam etməsində və öz hərbçilərini Dağlıq Qarabağda saxlamaqda maraqlıdır. Amma bu sıçrayış ola bilər və ümid edirəm ki, Bakı fürsətdən istifadə edib, Paşinyanla anlaşacaq. Bu, həm Dağlıq Qarabağ ermənilərini, həm də Moskvanı çətin vəziyyətə salacaq”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, Paşinyanın bu açıqlaması gerçəkliyə qayıdışdır. O təəssüflənir ki, Ermənistanda insanların beynini yanlış məlumatlara o qədər doldurublar ki, cəmiyyətin də həqiqətləri qəbul etməsi xeyli vaxt aparacaq:

“Ermənisanın siyasi elitası uzun illər idi bu mövzularda yanlış təbliğat aparırdı. Bir növ yanlış stereotiplər yaranıb, indi bunlardan ictimaiyyəti azad eləmək lazımdır. Görünür ki, Paşinyan bu prosesə başlayıb. Bəs, niyə indi? Çünki indi bəllidir ki, Ermənistan böhran içində olan dövlətdir. 30 il ərzində həyata keçirdiyi işğalçı siyasətdən və qonşu dövlətlərə ərazi iddialarından əl çəkməsə, bir dövlət kimi məhv ola bilər”.

Tofiq Zülfüqarov düşünür ki, bu baxımdan proseslərin bu yönü ilk növbədə Ermənistanın özünün xeyirinədir. Azərbaycan da öz üzərinə düşənləri edir, tutalım, Türkiyə və Ermənistan münasibətlərini düzəlməsinə pozitiv yanaşaraq, öz dəstəyini göstərir.

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Ermənistan Azərbaycanın ərazi bötövlüyünü tanımalıdır, Dağlıq Qarabağa isə heç bir status verilməyəcək.

2020-ci il, sentyabrın 27-də Qarabağda başlayan və 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsini geri qaytara bilib.

Amma separatçılar hələ də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə məxsus ərazilərin böyük hissəsinə nəzarət edir, təmas xəttində isə rus sülhməramlıları yerləşdirilib.(Azadliq.org)



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər
24-09-2024, 20:33 Vatsapdan daha bir yenilik
26-10-2023, 12:39 Prezident açılış etdi