Saytımızı qiymətləndirin


 
 

Jurnalistlər Şuşa yolunda - “Çatanda o daşları öpəcəm”
Tarix: 27-12-2021 | Saat: 12:17
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Bu gün bir qrup azərbaycanlı jurnalistin Şuşa şəhərinə növbəti səfəri təşkil edilib. Səfər Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə reallaşıb.

 

"Gedib çatanda o daşları öpəcəm"

 

Səfər təəssüratlarını Qarabaqinfo.az-la bölüşən jurnalist Aida Eyvazlı bildirib ki, bu səfərə könüldən sevinə bilmir:

 

“Yolda o qədər qanlar var ki… Qan tutub məni. Çox həyacanlıyam, elə yollara boylanıram, o uçan evələrə baxanda necə olacam? Artıq Horadizi keçirik. Horadizi keçəndə döyüşçülərin mənə danışdıqları hadisələr yadıma düşür. İndi fikrimdə o döyüşçülərdi ki, ayın 27-si ermənilər Horadizə atəş açan zaman 3 şəhidimiz olanda kim harada dayanmışdı? O tarixləri yaza-yaza gəlirəm axı… Təzə kitabımda şəhidlərimiz haqqında bunların hamısını qeyd edəcəm”.

 

A. Eyvazlı səfərlə bağlı sevincini də paylaşıb:

 

“Sevinirəm ki, “Zəfər yolu” ilə gedirik. Bunun özü qürurvericidir. Qarışıq fikirlərim var. Bir il əzində bu yolu getmək istəyirdim. Yadıma düşür ki, axı Qarabağ hələ tam bizim əlimizdə deyil. Burada hələ erməni ünsürləri qalıb. Mən Qarabağı tam, bütöv Azərbaycan içində görmək istəyirəm. Biz sülhsevər ölkəyik. Bizim yanımızda sülhməramlı ola bilməz. Sülhün məramını əslində dünyaya biz veririk. İnşallah gedib çatanda o daşları öpəcəm. O daşların hər birində şəhidlərin ruhu var. O torpağa şəhidlərin qanı qarışıb. O yerlər daha da müqəddəsləşib. Ziyarətimiz tanrı məqamında qəbul olunsun. MEDİA-ya bizi unutmadığına görə təşəkkür edirəm”.

 

"Əhd elədim ki, Şuşa azad olsun, bir həftə oruc tutacam"

 

Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, Şuşa hər bir azərbaycanlı, həmçinin onun üçün çox böyük mənəvi dəyəri olan şəhərdir:

 

“Mən özüm Cəbrayıl rayonundanam. Müharibə başlayanda əmin idim ki, tezliklə Cəbrayıl erməni işğalçılarından azad olunacaq. Amma Şuşanın coğrafi durumu ilə bağlı müharibənin ilk günləri müəyyən tərəddüdlərimiz var idi. Arzulayırdıq ki, ordumuz Şuşanı azad etsin, Şuşanı görək. Həmin vaxt əhd elədim ki, Şuşa azad olsun, bir həftə oruc tutacam. Bunu ilk dəfə sizin üçün açıqlayıram. Prezident Şuşanın azad olmasını elan edən günün səhəri əhdimi yerinə yetirdim”. 

 

S.Verdizadə qeyd edib ki, müharibədən bir ildən çox vaxt keçib və təşkil olunan müxtəlif tədbirlərdə obyektiv və subyektiv səbəblər etibarı ilə Şuşaya gedə bilməyib:

 

“Qismət bu günə imiş. Ötən ilin aprelində bir dəfə Cəbrayıl, Zəngilan, Qubadlıya  getdim. İşğaldan azad olunan hər bir rayonumuzu, bölgəmizi görmək istəyirəm. Amma təbii ki, Şuşaya olan həssaslıq bir ayrıdı. İnşallah 1-2 saatdan sonra o 30 illik arzumuz, yuxumuz çin olacaq. 30 ildən sonra Cəbrayılın Soltanlı kəndinə, ata yudruma hansı hisslərlə getmişdimsə, indi Şuşaya da eyni hiss və həyacanla  gedirəm. İnanıram ki, on milyonluq Azərbaycan əhalisinin hər biri Şuşaya gedəndə bu hissləri yaşayacaq. Tezliklə azad edilmiş ərazilərimizin minalardan təmizlənməsini və bütün azərbaycanlılara Şuşanı görmək qismət olsun”.

 

"Uşaqlıq illərinin keçdiyi yerə 30 ildən sonra getmək..."

 

Azadmediatv.com-un rəhbəri Gülnaz Qənbərli qeyd edib ki, uşaqlığı Şuşada keçən bir insan kimi hazırda çox çətin hisslər keçirir:

“Uşaqlıq illərinin keçdiyi yerə 30 ildən sonra getməyin necə bir hiss olduğunu ifadə etmək çox çətindir. Şuşa işğal olunanda mənim 22-23 yaşım var idi. İndi az qalıb 50 yaşa çatım. Hələ yoldayıq, Şuşaya çatmamışıq. Çox həyacanlıyam. Əsgərlikdən gələn oğlunun yolunu gözləyən ana kimi”.(modern.az)



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər