Saytımızı qiymətləndirin


 
 

Qarabağda azad iqtisadi zona yaradıla bilər?
Tarix: 17-05-2022 | Saat: 10:38
Bölmə:Karusel / İqtisadiyyat / Qarabağ | çapa göndər

Qarabağda azad iqtisadi zona yaradıla bilər?

Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və quruculuq işləri ilə yanaşı, zəngin iqtisadi sərvətləri olan bu torpaqların milli iqtisadiyyata inteqrasiyası istiqamətində tədbirlər davam etdirilməkdədir. 

Strateji plana əsasən, həmin bölgədə istehsal, emal, ticarət və xidmət infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqi, investisiya cəlbediciliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə sahibkarları həvəsləndirmək üçün xüsusi vergi-gömrük güzəştləri, müxtəlif iqtisadi, maliyyə və institusional stimulların tətbiqi hazırlanır.

Bəs, bu zonada hansı itqisadi layihələri həyata keçirmək mümkündür? Azad olunan ərazilərdə təbii sərvətlərdən başqa daha hansı potensial infrastrukturlar qurula bilər?

Yenisabah.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli deyir ki, işğaldan azad edilmiş torpaqlar ənənəvi olaraq əvvəllər kənd təsərrüfatı ilə məşğul olan bölgə sayılırdı və burada 3 istiqamətdə inkişaf gözlənilir:

“Öndə olan kənd təsərrüfatı, turizm və faydalı qazıntılardır. Burada əlavan metallar məsələsi, mineral su mənbələri və s. var. Yəni bölgənin faydalı sərvətləri var ki, bu istiqamətdə burada iş getməlidir.

Hələlik bölgəyə investisiyalar axır deyə bilmirik. Çünki investisiya qoymaq o demək deyil ki, Azərbaycan dövlətinin sifarişlərini hansısa şirkətlər həyata keçirir. Məsələn, İsrail və Rusiya buraya investisiya qoyub. Səhv etmirəmsə, Türkiyənin də bu istiqamətdə müəyyən təklifləri var, lakin bunlar hələ azdır”.

İqtisadçı ekspert Elmir Səfərlinin sözlərinə görə hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri həyata keçirilir:

“Çünki ilkin mərhələdə bütün layihələrin, proyektlərin və investisiyaların təməlində bu yatır. İstər xarici, istərsə də yerli investorlar oraya müəyyən sərmayə yatırdıqca, ilk növbədə, fikirləşir ki, bunun müəyyən infrastrukturu, yəni bu layihənin həyata keçirilməsi üçün müəyyən şərait var, ya yox?

Ona görə də, bu gün dövlətin əsas marağında olan məsələ bölgədə infrastrukturun yaradılması və orada müəyyən yaşayışın bərpa olunmasıdır. Söhbət ondan gedir ki, ilkin mərhələdə həmin layihələrin həyata keçirilməsi üçün həm işçi qüvvəsinin çalışması, həm də oraya müəyyən sakinlərin köçürülməsi nəzərdə tutulur”.

Akif Nəsirli Qarabağa yatırılan investisiyalardan da söz açıb:

“Bildiyiniz kimi, Qarabağda çoxlu şirkətlər işləyir. Onların böyük əksəriyyəti Türkiyə şirkətləridir. O şirkətlərin də orada fəaliyyət göstərməsi fonu ona gətirib çıxarmır ki, həmin şirkətlər işğaldan azad olunmuş bölgələrə investisiya qoyur. Onların böyük əksəriyyəti sadəcə olaraq Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsait hesabına verilən sifarişləri yerinə yetirir.

Biz, əslində, həmin əraziyə investisiya cəlb etmək üçün bölgədə iqtisadi siyasəti müəyyən mənada yönəltməliyik. Məsələn, həmin ərazidə azad sahibkarlıq və azad iqtisadi zonanın yaradılması proqramını Azərbaycan hökuməti həyata keçirməlidir. Özü də bu azad iqtisadi zonanın xüsusi statusu olmalıdır. Müxtəlif ölkələrdə yaradılan azad iqtisadi zonalardan bir qədər üstün şərtlərə malik olmalıdır ki, həmin ərazilərdəki iqtisadi fəaliyyət bütün dünya şirkətləri üçün cəlbedici olsun”.

Elmir Səfərli növbəti priotitetlərdən də söz açıb:

“Təbii ki, bundan sonrakı növbəti prioritet işğaldan azad olunmuş torpaqlara investisiyaların yatırılması ilə bağlı müəyyən addımların atılmasıdır. Bundan sonra isə kənd təsərrüfatı və turizm sektorlarının yaradılması nəzərdə tutulur. Bundan əlavə, enerji resurslarına, eləcə faydalı qazıntılarla bağlı olan yatırımlar nəzərdə tutulur. Eyni şəkildə qida sektoru ilə sənaye sektorun qurulması üçün böyük investisiyalar nəzərdə tutulur.

Burada da təbii ki, xarici investorları cəlb etmək, azad rəqabət və sahibkarlığın formalaşdırılması lazımdır. Bunun üçün gərək dövlət tərəfindən müəyyən addımlar atılmalıdır. Dövlət səviyyəli müştərək sahibkarlıq formalaşdırılmalıdır. Çünki həm yerli, həm də investorlar bölgəyə maliyyə yatırımları etməlidirlər”.

Akif Nəsirli qeyd edir ki, kənd təsərrüfatı istiqamətində görülən işlər hələ ki, Azərbaycanın özünün aqroparkları tərəfindən həyata keçirilir:

“Bu ərazinin vaxtında xeyli əhalisi olub. Bu insanlara da Azərbaycanın digər ərazilərində yaşayan vətəndaşlar kimi torpaq islahatı həyata keçirilə biləcəkmi, bilməyəcəkmi, bu istiqamətdə hələki hökumətin mövqeyi o qədər də aydın deyil. Yəni bu bölgənin inkişafı istiqamamətində nələr etmək istəyirlər, bilinmir. Burada hava limanı tikilib, Füzulidəki istifadəyə verilib, Zəngilanla Laçındakı tikilir, yollar çəkilir, kommunikasiyalar qurulur. Yəni ilkin kommunikasiya xətləri çəkilir, lakin bir mütəxəssis kimi mənə aydın deyil ki, hökumətin bu bölgədəki fundamental siyasəti nədən ibarət olacaq? Çünki bir tərəfdən də, insanların ərazi üzərində olan haqları var. Yəni bu bölgədə yaşamış olan insanların Azərbaycanın digər kənd təsərrüfatı rayonlarında olduğu kimi pay torpağı və əmlak payı almaq hüququ var. İndi əmlakı ermənilərin talan edib, yoxdur, amma pay torpağı ki yerindədir. Bu məsələlərin həll olunması üçün hələ də hökumətin aydın proqramı və planları mənim üçün hələ ki, qaranlıqdır”.

Elmir Səfərli əmindir ki, bölgənin daha da inkişaf etdirilməsi üçün burada xarici investorları cəlb etmək, azad rəqabət və sahibkarlığın formalaşdırılması lazımdır:

“Bunun üçün gərək dövlət tərəfindən müəyyən addımlar atılmalıdır. Dövlət səviyyəli müştərək sahibkarlıq fomrlaşdırılmalıdır. Çünki həm yerli, həm də xarici investorlar bölgəyə maliyyə yatırımları etməlidirlər.

Ümumiyyətlə, dünya praktikasında, beynəlxalq protokollarda, eyni zamanda teoritik mənbələr və referanslarda da bu öz əksini tapır ki, işğaldan azad edilmiş torpaqlara yatırım qoymağa hər kəs risk etmir. Bütün bunların hamısını təşviq edib, investorları oraya cəlb etmək üçün dövlət birmənalı şəkildə müştərək investisiyalara ayaq açmalıdır. Bundan sonra investorlar rahat olacaq. Çünki dövlət qarantiyası olduğu üçün investorlar rahat şəkildə öz sərmayələrini oraya yatıra biləcəklər. 

İkinci növbədə isə orada vergi güzəştləri, istehsal üçün nəzərdə tuutlmuş bütün avadanlıqlar və onların gömrük rüsumları, eləcə də digər dövlət səviyyəli rüsumlardan azad olması və onların müəyyən müddət ərzində nəzarətdə saxlanması azad sahibkarlığın yaranmasına zəmin yaradacaqdır”.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.

 



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər
13-04-2020, 13:16 Hava küləkli olacaq