Saytımızı qiymətləndirin


 
 

Sülh sazişini imzalamağa Paşinyanın gücü və zamanı çatmayacaq - bəs, kim?
Tarix: 19-12-2021 | Saat: 00:42
Bölmə:Karusel / Region / Yazar | çapa göndər

Sülh sazişinin imzalanması haqda danışmaq asandır, indi gündəmdə olan mövzudur deyə, bu xüsusda xeyli mövqelər dərc edilir. Reallıq isə təəssüf ki, o adamların yazdıqları kimi deyil! Tezliklə belə bir sazişin imzalanacağı haqda danışanların optimizmi sevindirir, amma...Ermənistanda da bu barədə çox danışılır-həm Paşinyan tərəfdarlar, həm onun əleyhidarları saziş haqda öz mənafelərinə uyğun şərhlər verirlər. 

Bəs, sülhü şərtlərdirən nələr var? İki ölkə rəhbərliyinin artan təmasları, intensivləşən görüşləri, işçi qruplarının yaradılması haqda razılaşmalar ümid verir, amma qarşıda hələ uzun bir yol olduğunu bilməyimizdə də fayda var. 

Sülh sazişi sadə bir sənəd deyil, üstəlik ortada tarixi bir düşmənçilik, Xocalı soyqırımı, son 30 illik erməni işğalı və 44 günlük Vətən müharibəsi varsa... Müəyyənləşməyən, həllini gözləyən o qədər məsələlər var ki, bunları oturub danışmaq, razılaşdırmaq uzun illəri apara bilər. Sərhədlərin demilitasiyası və demarkasiyası sözün özü qədər qəliz məsələdir. Rusiyanın təklif etdiyi xəritələr hələ tərəflərin onunla asanlıqla razılaşacağı anlamına gəlmir, millimetr söhbəti gedəcək bu məsələdə. Hələ Gürcüstanla da bu məsələdə razılıq bitməyib. Nazir müavinimiz Xələf Xələfovun az qala 20 illik fəaliyyəti ancaq bu sərhədlə bağlı komissiyada keçib, amma hələ də son nöqtəyə gəlib çatmayıblar. Əlbəttə Gürcüstanla Ermənistanı müqayisə etmək olmaz, Bakı və Tiflis bir-birinin ərazi bötüvlüyünü tanıyıb. Amma Ermənistanla əsas şərtlər(sərhəd, dəhliz, kommunikasiyalar, Qarabağ) həll olunmadan sülh sazişi imzalana bilməz. 

Bu şərtlər içərisində ən vacibi hansıdır desək, seçdirmək çətin olar. Vətən sərhəddən başlayır, dövlətlərası münasibətlər iqtisadi əlaqələrlə qurulur. Yəni hamısı vacib şərtdir, amma yenə də ön sıraya Qarabağı qoymaq lazım gəlir. Ermənistan-Azərbaycan arasında müharibə Qarabağa görə başlayıb və Qarabağda da nöqtələnməlidir. Bəlkə də elə saziş Xankəndində və ya Şuşada imzalanmalıdır... 

Vəziyyət isə indi o deyil. Hələ ki, təmaslar indi intensivləşir, ortada  “yol xəritəsi” olacaq 10 noyabr, 11 yanvar, Soçi və Brüssel anlaşmaları var. Amma bunları bir sənəddə toplamaq, bütün mübahisəli məsələləri razılaşdırmaq haqda düşünəndə zamana ehtiyac yaranacağı ortadadır. 

Paşinyanı tələsdirmək olar, zaman onu da göstərdi ki, onunla dalaşmaq da, anlaşmaq da mümkündür. Amma sülh sazişi elə bir iradə istəyir ki, Paşinyanda bunun olduğuna şübhələr var. Həm də bu, onun birbaşa şəxsinə, xarakterinə bağlı məsələ deyil. Sülh sazişi imzalayıb tarixə düşən çox sərkərdələr, liderlər var, amma Ermənistan o ölkə, Paşinyan o adam deyil! Sülh sazişini təkcə erməni ictimai rəyi həll etmir, bunun üçün dünya erməni lobbisinin, hətta erməni terror təşkilatlarının razılığını almaq lazım gələcək. 100 illik torpaq iddialarının üstündən xətt çəkəcək, geridə buraxacaq bir tarixi sənədə imza qoymaq bu baxımdan olduqca çətin, hətta çox riskli işdir. Paşinyan tarixə düşmək istəyər. Görünür ki, onun hakimiyyətdə olduğu dövr Ermənistan tarixində hələ sonralar da çox dartışılacaq. 

Paşinyan sülh sazişini elə şərtlərlə imzalamaq istəyər ki, ermənilər sonra onun qəbrini söküb cəsədini gölə atmasınlar. Ermənilər göreşməkdə peşəkardırlar, qəddarlıqda da ad çıxarıblar. Paşinyan bunlar yaxşı bilir və onun hakimiyyəti dövründə belə bir yekun sazişin imzalanmamasına çalışacaq. Rusiya da, yəqin ki, Azərbaycan rəhbərliyi də bunun fərqindədirlər, Paşinyanın bu yükün altında əzilməməsi üçün onu çox da tələsdirməyəcəklər. Əks halda ermənilər onu aşıra bilərlər. Bu isə həm Rusiya, həm Azərbaycan üçün arzedilən deyil. Ola bilsin, sülh sazişinədək hansısa çərçivə sənədi imzalansın, amma sülh sazişi məncə, Paşinyanın boyunu aşar. 

“Bəs kim”soruşursuzsa, bunu da bilmək olmaz. Ermənistanda çoxluq hələ ki, “Paşinyanla davam edək” deyirlər, amma qarşıdakı aylarda bu istək dəyişə bilər. Ermənistan proqnozlaşdırıla bilinən ölkədir, daxili vəziyyəti, siyasi fiqurları da bəllidir. Amma Sərkisyanı yıxanda Paşinyan qəfil ortaya çıxdı. Onu jurnalist kimi tanıyırdılar, hətta Sərkisyan onu siyasi baxışlarına görə həbsə də atmışdı. Kim gözləyərdi ki, inqilaba o rəhbərlik edəcək, kötük fiqurları geridə qoyub seçkidə qalib də gələcək. O səbəbdən Paşinyan getsə, yeri boş qalmayacaq. Amma gələn kim olacaq, onun bağlandığı dairələr hara olacaq, Azərbaycanla sazişə necə baxacaqlar, bunları proqnozlaşdırmaq mümkün deyil. O səbəbdən Paşinyanla sülh sazişinə doğru addım-addım getmək xətti doğrudur. Onu çox sıxışdırmağın əslində, anlamı da yoxdur. Bu məsələ zatən ağır danışıqlar, zəhmət tələb edən işdir. 

Sülh sazişinin şərtləri yavaş-yavaş ortaya çıxdıqca, ermənilərin içərisində bir partlayış zatən olacaq. Paşinyanı bəlkə də daxili təlatümlərdən bir az qorumaq da lazım gələcək...

Nazim SABİROĞLU, 
Musavat.com 



Xəbəri paylaş

1551 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70