Saytımızı qiymətləndirin


 
 

“Hər şey xəyal, arzu olaraq qaldı” - Şəhid polkovnikin XANIMI
Tarix: 17-12-2021 | Saat: 13:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabaqinfo.az Vətən Müharibəsi Qəhrəmanı, 44 yaşında şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Əfqan Abdurahmanovun həyat yoldaşı Rəqinə xanımın xatirələrini təqdim edir…


***

Əfqan dövlətinə, torpağına bayrağına sevdalı zabit idi. Bu gün onun kimi şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin sayəsində alnımız açıqdır, başımızı dik tuta bilirik. Artıq biz məğlub, qüruru ləkələnmiş bir millət deyilik, qalib millətik.


Bundan sonra neçə il yaşayacağımı bilmirəm. Əfqanla birlikdə gözəl, xoşbəxt günlərimiz, illərimiz oldu. Xəyallar qurduq, pensiyaya çıxdıqdan sonra sakit bir həyat yaşamağı, nəvələr böyütməyi arzuladıq. Hər şey xəyal, arzu olaraq qaldı.


Sənsiz həyat mənim üçün solub, solğunlaşıb, Əfqanım! Ömrümün sonunadək sənin səsini, gülüşünü, baxışını, qoxunu, qəlbindəki istiliyini özləyəcəyəm. Sənin əllərin lazımdır mənə, səsini eşitmək, gözlərinin mehriban baxışını görmək istəyirəm. Amma bunları yalnız yuxularımda görürəm, bəzən susursan, danışmırsan, sakitcə, hüzünlü gözlərlə mənə baxır və danışıqlarıma qulaq asırsan. Yalnız mən danışıram, hər şeydən-uşaqlardan, qohumlardan, havadan və sairədən. Sən isə susursan. Mənimsə xoş söhbətinə, ürəyimə sakitlik gətirəcək söhbətlərinə ehtiyacım var. “Danış, susma, mənə bir şeylər söylə”.-deyirəm.


Sakit-sakit gülürsən, gözlərindəki işıq, gülüş, məhəbbət parıltısı sakitləşdirir məni. Özümü xoşbəxt hiss edirəm, çünki yanımdasan. Hər şey səninlə necə də gözəldir. Səninlə paylaşdığım hər günü xatırlamaq belə məni xoşbəxt edir. Yuxuda olsa belə, danışmasan belə… Amma bu xoşbəxtliyim çox çəkmir. Gözləmədiyim bir anda ayrılıq anı gəlir, real həyata qayıdıram.


Oyananda yenidən qəlbimə kədər, qəm çökür, “ Niyə oyandım, necə də xoşbəxt idim”, - deyə otağı nəzərdən keçirirəm,- qaranlıq və soyuq, kədər və qəm, göz yaşı və məyusluq...


Sənin gedişinlə dünya gözümdə bir az qaraldı, anlamını bir az da itirdi.

Mən məndən keçdim,

amma bir səndən vaz keçəməm,

Toxunulmazımsan mənim,

Ürəyimə hökm edəməm....


Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailəsi kimi bizə yeni yaşayış kompleksində mənzil verildi. Mənzildə olarkən Əfqanı yanımda hiss etdim. Qoxu onun qoxusu idi. Bu qoxunu unutmaq olarmı? Mümkünsüzdür, Mənə doğma olan qoxu idi. Bir anlıq ürpəndim, özümdən asılı olmayaraq ətrafa baxıb Əfqanımı axtardım. Yanımda başqa adamlar olmasa idi, qışqıracaqdım, birtəhər özümü toparladım. Gözlərimdən ayrılıq, kədər yaşı axdı. Tez sildim ki, ətrafdakılar ürəyimdəki ağrını hiss etməsinlər.


Bu gün də Əfqanım yanımdadır, ruhu belə olsa, dəstəkdir mənə!



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər