Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yolundakı nailiyyətinin əsası qoyuldu.
Bu gün partiyanın keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə hamar olmayıb. Belə ki, müstəqilliyimizin ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə idi. Ərazilərimizin dalbadal işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyəti ələ alan bir sıra partiyaların təmsil etdikləri iqtidarların anormal idarəetmə metodları daxili situasiyanı gərginləşdirməklə yanaşı, respublikamızın müstəqil dövlət kimi gələcək perspektivlərini ciddi təhlükə altına salmışdı.
Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib ki, ölkədəki xaosun və qeyri-müəyyənliyin acı nəticələrini yaşamağa məhkum olan Azərbaycan xalqı belə bir şəraitdə vəziyyətdən çıxış yolunu axtarmağa başladı. Beləliklə, 1992-ci ilin ağır günlərində YAP-ın cəmiyyətin sosial sifarişi olaraq yaranması və siyasi meydana çıxması mövcud ictimai-siyasi şəraitdən irəli gəlirdi. O zaman YAP-ın yaranması Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrildi. Bütün ölkə Heydər Əliyevin rəhbərlik etdiyi yeni partiyadan danışırdı. Vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında artıq minlərlə üzv var idi. Təbii ki, bu, o zamankı hakimiyyət dairələrini narahat etməyə bilməzdi. Amma yaradılan əngəllər, təzyiqlər YAP-ın ölkənin ən aparıcı siyasi partiyasına çevrilməsinin qarşısını ala bilmədi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi, qurtuluş və tərəqqinin simvoluna çevrildi.
“Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə aparıcı partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, xalqın marağı naminə qətiyyət və prinsipiallığı sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirən YAP əsl ümumxalq partiyasına çevrildi. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyətinə, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verdi, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərməyə başladı.
Yeni Azərbaycan Partiyası tərəfindən keçilmiş yol Azərbaycanın quruculuğu yoludur. Bu, çox çətin, gərgin, eyni zamanda, şərəfli bir yoldur. Bu yol Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməzliyinin təmin edilməsi, Azərbaycan dövlətinin qurulması yolu idi. Bu yolu Yeni Azərbaycan Partiyası böyük şərəflə keçdi. Həmin çətin, ağır zamanlar arxada qaldı, iqtisadi tənəzzül aradan qaldırıldı. Beləliklə, Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsi ilə Azərbaycanda nümunəvi siyasi fəaliyyət ortaya qoyuldu. Yəni görünən odur ki, YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdi, siyasi mübarizənin sivil normalarını ortaya qoydu, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdi. YAP xalq üçün fəaliyyət göstərməyin nümunəsini ortaya qoydu. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir, regionda söz sahibi olan ölkəmizin dünyada nüfuzu daha da artır”, – deyə A.Məmmədov vurğulayıb.
Deputatın sözlərinə görə, YAP-ın ötən müddət ərzində ən böyük uğurlarından biri partiyanın cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən ümummilli siyasət yürütməsidir. Ümumiyyətlə, YAP yarandığı gündən sosial ədalət prinsipinə də sadiqlik nümayiş etdirib. Bunlarla yanaşı, partiya istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində daim öndə olub, tarixə qələbələr partiyası kimi düşüb. Bu gün biz növbəti qələbə və zəfərlər yolunda Yeni Azərbaycan Partiyası olaraq irəliyə doğru inamla addımlayırıq. Beləliklə, bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək