Tarix: 12-11-2021 | Saat: 09:58
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bir neçə gün öncə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Bakıya gəlmişdi. O, Bakıda azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdü. Birgə mətbuat konfransında Müdafiə nazirimiz bildirdi ki, Azərbaycan Ordusunda "bir neçə yeni qurum - əməliyyat komando qurumları, briqadaları yaradılır".
Zakir Həsənov onu da əlavə etdi ki, gələcəklə bağlı böyük planlar var: "Azərbaycan Ordusunun əksər şəxsi heyətinin hazırlığı Türkiyənin təlim-tədris mərkəzində həyata keçirilirdi. Millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Biz bu şansdan istifadəyə edərək Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və bunu davam etdiririk".
Ekspertlər düşünür ki, nazir Zakir Həsənov yeni qurum dedikdə, dağ komando hərbi hissələrinin yaradılması haqqında danışıb.
Bəs bu qurum nəyə xidmət edəcək? Həmin birliklər hansı əməliyyat şəraitində istifadə olunacaq?
"Yeni Sabah" xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Yücel Karauz Publika.az-a müsahibəsində deyib ki, bu birliklərin yaradılması Azərbaycan Ordusuna bir sıra üstünlüklər qazandıracaq:
“Ümumiyyətlə, piyada birlikləri 3 qrupa ayrılır. Birinci növ piyada birlikləri klassik müharibə strategiyasını özündə əks etdirən hücum, müdafiə, geri çəkilmə funksiyaları, hərəkətləri icra edirlər. Bu qüvvələr ya hərbi-piyada avtomobilləri, ya da zirehli piyada minik vasitələri ilə bir bölgədən başqa birinə aparılırlar, daşınırlar. Onlar müəyyən çərçivəli, bir qədər də məhdud fəaliyyətləri yerinə yetirmək imkanlarına malikdirlər.
Komando birlikləri isə xüsusən düşmən qüvvələrinin dərinliklərində fəaliyyət göstərirlər. Onlar dağlıq, yoxuş, qarlı ərazilərdə xidmət aparırlar. Komandolar hər cür hava və ərazi relyeflərində xidmət aparmaq qabiliyyətinə malikdirlər.
Üçüncü növ piyada birlikləri isə "Special forces" dediyimiz xüsusi təyinatlılardır. Xüsusi təyinatlılar həm öz torpaqlarında, həm də düşmən ərazisində müəyyən olunmuş fəaliyyətləri icra edirlər. Onlar əllərindəki silah və təchizatlarla havadan, dənizdən və qurudan hər cür sızma, hücum, hədəf ələ keçirmək, məhv etmək kimi faəliyyətləri yerinə yetirirlər.
Bu vaxta qədər Azərbaycan Ordusunda yalnız piyada birlikləri və xüsusi təyinatlı qüvvələr fəaliyyət göstərirdi. Çox az sayda da komando birlikləri var idi. İndi cənab Müdafiə naziri Zakir Həsənovun söylədiyi kimi, Qarabağ torpaqlarının işğaldan azad edilməsi ilə Qarabağ ərazisi və ordunun daha sonrakı dönəmlərdə bir sıra missiyalar yerinə yetirəcəyi bölgələr komando birliklərinin təşkil edilməsini labüd edir. Elə bu məqsədlə də Azərbaycan Ordusu normal piyada bölmələrini komando birliklərinə çevirəcək”.
Yücel Karauz deyir ki, eyni proseduru Türkiyə Silahlı Qüvvələri bundan təqribən 7-8 il əvvəl həyata keçirdi. Normal şərtlər daxilində 4 ədəd komando briqadası olmalıdır: “Amma bu gün Türkiyə Silahlı Qüvvələrində komando briqadasının say tərkibi 25-ə çatıb. Çünki Suriyada, Liviyada, İraqda hər cür taktiki əməliyyat və hər cür hava şəraitində əməliyyat icra edə biləcək komando birliklərinə ehtiyac var. Elə buna görə də türk ordusu 7-8 il əvvəl 4 komando tuqayını, briqadasının sayını 25-ə yüksəltdi”.
Komando birliklərinin Azərbaycan ordusuna hansı üstünlükləri gətirəcəyi haqda suala mütəxəssis belə cavab verib:
“Təbii ki, bu komando birliklərinin silah təchizatı, texniki imkanları, qabiliyyətləri ənənəvi piyada birliklərindən xeyli yüksəkdir. Onlar gecə və gündüz, hər cür hava şəraitində hərbi hava nəqliyyatları – vertolyotlarla, helikopterlərlə daşınaraq və ya havadan paraşütlərlə atılaraq çox sürətli şəkildə hər cür çətin təlimlərdən yüksək nəticələrlə çıxmış hərbçilərdən təşkil edilir. Elə buna görə də Azərbaycanın ənənəvi piyada birliklərinin normal komando bölmələrinə çevrilməsi dərinliklərdə, dağlarda, çay, çay vadilərində Azərbaycan Ordusunun əməliyyat və hərəkat qabiliyyətini artıracaq. Eləcə də bataqlıqlarda, çətin keçilən ərazi keçidlərində, düşmənin dərinliklərində gerçəkləşdiriləcək hava əməliyyatlarında sizin ordunuzun imkanlarını, qabiliyyətlərini daha da inkişaf etdirəcək”.
Digər xəbərlər